İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli kinomuz əvvəlki şöhrətini bərpa edə biləcəkmi?

Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra - 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin gün milli kinonun yaranma günü hesab olunur.

Ötən əsrin əvvəllərində “Pate”, “Pirone”, “Filma” kimi xarici kino şirkətləri Bakıda filiallarını açaraq film istehsalı ilə məşğul olublar. 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında “Neft və milyonlar səltənətində”, 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında “Arşın mal alan” qısametrajlı bədii filmləri çəkilib.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət bir çox mədəni-siyasi islahatlar keçirib. Xarici aləmlə diplomatik, mədəni-iqtisadi əlaqələr dünya kinosunun ilk nümunələrinin Bakıya gətirilməsinə və ictimai baxışlara təkan verib. Bunun nəticəsində Bakıda kinematoqrafiya həvəskarlarının sayı artmağa başlayıb. 1918-ci ildə onlar “Kinematoqrafiya və teatr qulluqçuları şurası”nda birləşiblər.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb və həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki açılıb. Burada çəkilən ilk film xalq əfsanəsinin motivləri əsasında yaradılmış “Qız qalası” bədii filmi olub.

1923-1926-cı illərdə kinostudiya Birinci Dövlət Kinofabriki, sonradan AFKİ Kinofabriki ilə birləşdirilərək “Azdövlətkino”, “Azərkino”, “Azərfilm”, “Azdövlətkinosənaye”, “Bakı kinostudiyası”, “Azərbaycanfilm” adlandırılıb. 1960-cı ildən Cəfər Cabbarlının adını daşıyır.

“Azərbaycanfilm”də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub. Onların bir hissəsi, o cümlədən “Arşın mal alan”, “Şərikli çörək”, “Ad günü”, “Sevinc buxtası”, “İstintaq”, “Yaramaz” və başqaları dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən “Ögey ana”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”, “Özgə vaxt”, “Sarı gəlin”, “Ovsunçu”, “Buta”, “Çölçü”, “Nabat”, “Axınla aşağı” və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb.

1980-ci illərin sonunda ölkənin ictımai-siyasi həyatında baş verən çaxnaşma və təlatümlər, keçid dövrü kino istehsalatından da təsirsiz ötüşmədi. Nəticədə kinostudiyada geriləmə, istehsalatın seyrəlməsi müşahidə edilməyə başlandı. Məlumata görə, sovet hakimiyyətinin dağıldığı ərəfələrdə kinostudiyanın köhnə pulla 4,5 milyard manat  borcu olub. Bu borclar aradan götürüldükdən sonra  1993-1996-cı illərdə istehsala buraxılan və sonradan illərlə yarımçıq qanlan “Yuxu”, “Güllələnmə təxirə salınır”, “Hacı Qara”, “Ovsunçu” bədii filmləri çəkilib ekranlara çıxmağa başlayıb. Ardınca “Qətl günü”, “Haray”, “Fəryad”, “Yaddaş”, “Dolu”, “Qanlı Yanvar”, “Mən evə qayıdıram”, “Əlvida, cənub şəhəri”, “Biz qayıdacağıq”, “Hökmdarın taleyi”, “Seçilən”, “Cavad xan” kimi bədii filmlər çəkildi. 

Bununla belə, artıq 30 ildir ki, milli kinomuzda bir durğunluq yaşanır. Bunu təkcə tamaşaçılar deyil, elə tanınmış kinematoqrafların öz dilindən eşidirik. 

Əməkdar artist, “Dəli Kür”ün Mələyi Zemfira Sadıqova bununla bağlı bu yaxınlarda verdiyi müsahibədə deyib: “Azərbaycan kinosu rəhmətə gedib, heç başsağlığı verən də yoxdur. Film yoxdur, çəkmirlər. Niyə kinostudiya yoxdur? Elə vaxtları var idi ki, ora qaynayırdı. Bir-birinin ardınca cürbəcür filmlər çəkilir, dublyajlar edilirdi. Amma indi gedib kinostudiyaya baxsanız, görəcəksiniz ki, xarabalıqdır, iş yoxdur. Film çəkən yoxdur.  O qədər istedadlı insanlar var ki, kinostudiyanı Hollivud səviyyəsinə gətirə bilərlər. Ona da çoxlu pul və kömək lazımdır. Elə bir kişi olmalıdır ki, yatmış ölünü İsa peyğəmbər kimi diriltsin”. 

Bəs səbəb nədir? Milli kinomuz nə zaman əvvəlki simasını bərpa edə biləcək?

Bəzilərinə görə, problemin əsas səbəbi maliyyə, vəsait çatışmazlığı, digərləri peşəkar kadrların azlığı, bir qisim isə “Azərbaycanfilm” kinostudiyasının bərbad vəziyyətə düşməsi ilə əlaqələndirir. Xatırladaq ki, bugünlərdə kinostudiyanın rəhbərliyi və digər işçiləri istefa ərizəsi yazaraq, işdən çıxmışdılar. Bunun əsl səbəbi qeyri-müəyyən qalsa da, hələ də müzakirə mövzusu olmaqda davam edir. 

ABDUL.jpg (72 KB)

Şeyx Əbdül Mahmudov

Xalq artisti, tanınmış kinorejissor və aktyor Şeyx Əbdül Mahmudov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, hazırda kinostudiyanın cəmi 40 işçisi qalıb. Bundan başqa, kommunal xərclərini ödəyə bilmədiyindən kinostudiyanın tez-tez suyu, işığı kəsilir: “Vaxtilə 2 mindən çox işçisi olan kinostudiyada bu gün cəmi 40 adam qalıb. Hazırda studiyanın rəhbəri bizim öz kadrımız, Moskvada təhsil almış Azər müəllimdir. Onunla görüşdüm, mənə dedi ki, cəmi 40 işçisi var, onların da arasında 2 nəfər xanım analıq məzuniyyətdədir, digər iki nəfər də xəstədir. Kinostudiyanın işıq və su pulunu da ödəyə bilmirlər, gəlib tez-tez kəsirlər, onlar da qaranlıqda, susuz qalırlar. Yəni hazırda kinostudiyada vəziyyət bu cür acınacaqlıdır”.

Şeyx Əbdülün fikrincə, milli kinoya məhz dövlət səviyyəsində yüksək qayğı göstərilərsə, öz əvvəlki simasına geri dönə biləcək: “Gün o gün olsun ki, milli kinomuz əvvəlki simasına geri dönsün, bərpa olunsun, həmin günü də bayram kimi qeyd edək. Bəli, bu gün milli kinomuz elə bir vəziyyətdədir ki, biz onu yalnız dövlət səviyyəsində xilas edə bilərik. Aşağı səviyyədə biz yalnız onun müzakirəsini aparıb, təkliflər verə bilərik. Yəni kinomuzun yenidən dirilməsi üçün yüksək səviyyədə dövlət qayğısı lazımdır”.

Yazını hazırladı: Xalidə GƏRAY

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR