İnsanlara hürriyət, millətlərə istiqlal!

Mill Məclisdə brifinq: jurnalistlərin suallarını Əli Hüseynli və Zahid Oruc cavablandırdı  

Noyabrın 23-də Milli Məclisdə “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı brifinq keçirildi. Brifinqdə qanun layihəsinin hazırlanmasında iştirak etmiş üç komitədən ikisinin sədrləri, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin rəhbəri, Birinci vitse-spiker Əli Hüseynli və İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc jurnalistlərin suallarını cavablandırdılar.

Qeyd edək ki, brifinqdən öncə Milli Məclisin Aparat rəhbəri Fərid Hacıyev jurnalistlərlə görüşərək onlara sədr Sahibə Qafarovanın salamını çatdırdı və işlərində uğurlar arzuladı. Daha sonra parlamentin mətbuat xidmətinin rəhbəri Mehman Qayıbovun təşkilatçılığı ilə brifinq başlandı.

Musavat.com xəbər verir ki, verilən suallara cavabında Birinci vitse-spiker Əli Hüseynli bildirdi ki, qanun layihəsinin yeni variantına ümumilikdə bəzən qeyd olunduğu kimi, 45 deyil, 66 düzəliş edilib. Bura texniki düzəlişlər də daxildir. Düzəlişlər həm mahiyyət, həm də texniki baxımdan olub.

Ə.Hüseynlinin sözlərinə görə, qanun layihəsinin ictimai müzakirələrində həm parlamentdə təmsil olunan, həm olunmayan partiyalar iştirak edib: “Əsas təkliflər daha çox rəqəmlərə yönəlib. Təkliflər var idi ki, bir sıra məsələlərdə zaman artırılsın, bir sıra hallarda zaman azaldılsın. Yəni burada partiyaların təsis və ləğv edilməsi, qeydiyyatdan, reyestrdən keçməsi üçün müddətlərlə bağlı düzəlişlər edilib. Ümumilikdə qanun layihəsinə münasibət pozitivdir. Parlamentdə təmsil olunan bir partiya xaric, digərlərinin nümayəndələri plenar iclasda layihəyə səs verəcəyini bildirdi. Layihə birinci oxunuşda parlamentin plenar iclasına tövsiyə edilib. Əlbəttə ki, qanun layihəsi siyasi partiyaların daha səmərəli fəaliyyət göstərməsi məqsədi daşıyırdı. Bu baxımdan yeni qanun layihəsi hazırlandı. Qeyd etdiyim bu dəyişikliklər nədən meydana çıxdı?! Əsas təkliflər daha çox rəqəmlərə yönəlmişdi. Bir sıra təkliflər var idi ki, bir sıra məsələlərdə zaman çoxalsın, bir sıra hallarda zaman azaldılsın. Yəni burada partiyaların təsis edilməsi, ləğv edilməsi, qeydiyyatdan keçməsi, reyestrdən keçməsi və s. üçün müddətlərlə bağlı düzəlişlər edilib. Ümumilikdə, qanun layihəsinə münasibət pozitivdir. Parlamentdə təmsil olunan bir partiya xaric, digərlərinin nümayəndələri plenar iclasda layihəyə səsə verəcəyini bildirdi. Layihə birinci oxunuşda parlamentin plenar iclasına tövsiyə edilib”.

Komitə sədri qeyd etdi ki, layihədən partiya təsisçilərinin 20 il ölkədə daimi yaşamasına dair tələb çıxarılıb: “Müzakirələr zamanı bunu hüquqi əsaslandırmağa çalışırdılar. Hüquqşünaslar üçün bunun heç bir hüquqi əsası yoxdur. Bu maddənin salınmasına yanaşma xarici təhdidlərlə bağlı idi. Daha çox Azərbaycan reallıqlarını bilən, Azərbaycanda daimi yaşayan şəxslərin partiya rəhbərliyində təmsil olunması fikrinə görə 20 il fikri ortaya çıxmışdı. Konstitusiya ilə bunun heç bir aidiyyəti yoxdur. Çünki bunu Konstitusiyada 10 illə əlaqələndirməyə çalışırdılar. Amma bu, sadəcə siyasi yanaşma idi. Hamı bu maddəyə qarşı çıxırdı. Ona görə də o maddəni layihədən tamamilə çıxardıq”. Ə.Hüseynli layihəsə partiya yaradılması üçün 5 min nəfər üzvün tələb olunması ilə bağlı müddəanın hansı zərurətdən irəli gəlməsi barədə

“Yeni Müsavat”ın sualına da cavab verdi:

“Müəyyən sayda tərəfdarın olmalıdır ki, siyasi partiya kimi qeydiyyata düşəsən. Bu baxımdan 10 min üzv tələbinə etiraz edirdilər. Biz sadəcə, konsensusa getdik və bu sayı 5 minə endirdik”.

Bundan əlavə, siyasi partiyanın qeydiyyatı ilə bağlı sənədlərin hazırlanması, təqdimatı və digər prosedurlar üçün 3 aylıq möhlət də 6 ayadək artırılıb.

Ə.Hüseynli onu da bildirdi ki, əslində hüququ baxımdan tənqidlər tək rəqəmlərlə bağlı deyil: “Yanaşma 1990-cı ildən fərqli yeni tələb qoyulması ilə bağlıdır. Bunu da Konstitusiyaya zidd olduğunu deyirlər. Mən çalışacam ki, parlamentdə təmsil olunan hüquqşünaslar və müxalif hüquqşünaslar arasında konsensus əldə edilsin. Çünki Konstitusiyaya zidd olduğunu deyənlərə qulaq assaq, biz gərək qanunvericiliyə dəyişiklik etməyək. Bizi vəziyyəti ağırlaşdırmaqda ittiham edirlər. Bu baxımdan bu kimi tələblərin Konstitusiyaya zidd olması fikri ilə razı deyiləm. Keçid müddəaları da Konstitusiyaya zidd hesab edirlər. Bu baxımdan biz Milli Məclisdə müzakirələr aparacağıq”.

Vitse-spiker qeyd etdi ki, müzakirələrin gedişində dövlət qulluqçularının siyasi partiyalara üzv olması da diskussiyaya səbəb olmuşdu:
“20.5-ci maddədə hansı dövlət qulluqçularının siyasi partiyaya üzv ola bilməyəcəyini çox dəqiq göstərmişik. Dövlət qulluqçusu siyasi partiya üzvüdür, amma vəzifəsinin icrası ilə bağlı onun siyasi dünyagörüşü vəzifəsi ilə ziddiyyət təşkil etməməlidir. Dövlət qulluqçuları “Dövlət qulluğu haqqında qanunun” tələblərinə uyğun fəaliyyət göstərirlər. Eyni zamanda dövlət qulluqçusu öz vəzifə səlahiyyətlərini yerinə yetirdiyi dövr istisna olmaqla, siyasi partiyaya üzv ola bilər”.

İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc çıxışında dedi ki, Milli Məclisin 3 komitəsi tərəfindən birgə müzakirəyə çıxarılan “Siyasi partiyalar haqqında” qanun layihəsi 66-dan artıq dəyişikliklərdən sonra yalnız parlament partiyaları və bütövlükdə Milli Məclisin təşəbbüsü ilə deyil, eləcə də parlamentdə təmsil olunmayan 50-dən çox partiyanın, həmçinin 3-cü sektorun, vətəndaş cəmiyyəti institutlarının birgə layihəsi kimi təqdim oluna bilər:

“Sentyabrın 8-də layihənin ilk dəfə Milli Məclisin saytında yerləşdirilməsindən keçən vaxt ərzində qanunvericilk orqanı tərəfindən göstərilən yüksək aşkarlıq və siyasi razılaşma mühiti, bir-birilə uzlaşmayan mövqelər arasında ortaq nöqtələrin tapılması layihənin demokratik və şəffaf prinsiplərə əməl edilməklə hazırlandığını və qəbul olunacağını deməyə əsas verir. Dövlətin idarə olunmasında və hakimiyyətin formalaşmasında əsas institutlardan biri olan partiyalarla bağlı qanun layihəsi, gizli və ya qapalı şəraitdə deyil, açıq və şəffaf, qabaqcıl ölkələrdə qəbul olunan prosedurlara tam uyğun sayıla bilər”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR