İnsanlara hürriyət, millətlərə istiqlal!

Mikro və kiçik sahibkarların “makro” kredit problemi

Böyük çətinliklərdən biri də regionlarda sahibkarların kreditlərə çıxışının məhdud olmasıdır; hökumət hansı addımları planlaşdırır?

Azərbaycanda sahibkarlığın inkişafı son 30 ildən çox müddətdə daim müzakirə olunan məsələlərdən biri olaraq qalmaqdadır. Ötən müddət ərzində bu sahədə dövlət dəstəyi kimi çoxsaylı mexanizmlər tətbiq olunsa da, ölkədə xüsusilə mikro, kiçik və orta sahibkarlığın yüksək inkişafından danışmaq mümkün deyil.

Sahibkarlıqla bağlı əsas problemlərdən biri azad məhkəmələrin, mülkiyyət hüququna təminatın olmamasıdırsa, digər problem kimi maliyyə əlçatanlığı önə çıxır. Xüsusilə regionlarda fəaliyyət göstərən mikrosahibkarlar üçün maliyyə mənbələrinə, o cümlədən bank kreditlərinə çıxış imkanı son dərəcə məhduddur.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 1 oktyabr tarixinə Azərbaycanda 173 957  mikrosahibkarlıq subyekti fəaliyyət göstərib. Bu, ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 91,1 faizi deməkdir. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin 1 yanvarına mikrosahibkarlıq subyektlərinin sayı 166 890, onların kommersiya təşkilatlarının ümumi sayındakı payı isə 92,2 faiz təşkil edib.

Mikrosahibkarlıq subyektlərinin 11 672-si kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 10 478-i emal sənayesində, 16 241-i tikinti, 60 414-ü ticarət; nəqliyyat vasitələrinin təmiri, 13479-u peşə, elmi və texniki fəaliyyət, 10 734-ü ünzibati və yardımçı xidmətlərin göstərilməsi sahələrində fəaliyyət göstərir.

Regional bölgüyə gəldikdə, aydın olur ki, ölkə üzrə mikrosahibkarlıq subyektlərinin 68,4 faizi Bakıda, 6,8 faizi Abşeron-Xızı, 3,8 faizi Lənkəran-Astara, 2,8 faizi Mil-Muğan, qalanları isə digər iqtisadi rayonlarda fəaliyyət göstərir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanovun oktyabrın 23-də Bakıda keçirilən “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər” mövzusunda Azərbaycan Mikromaliyyə Konfransında verdiyi məlumata görə, bu il oktyabrın 1-nə Azərbaycanda mikrokredit portfeli 630 milyon manat təşkil edib. Onun sözlərinə görə, bu ölkə üzrə kredit qoyuluşunun cəmi 2,4  faizi deməkdir.

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovun dediyinə görə, Azərbaycanda son 1 il 8 ayda mikro sahibkarlara verilən kreditlər 33  faiz artdığı halda, orta sahibkarlara verilən kreditlər 27  faiz, kiçik sahibkarlığa verilən kreditlər isə 12 faiz azalıb: “Bu statistika onu göstərir ki, bank və Bank Olmayan Kredit Təşkilatları KOB-ların maliyyələşməsinə və regionların kreditləşməsinə dair müəyyən addımlar atmalıdır. Regionlarda fəaliyyətin genişləndirilməsi üçün yeni filialların yaradılmasına ehtiyac var. Son 2 il yarımda ölkəmizin kredit portfeli 10 milyard manat artıb. Bu artımlar həm biznes, həm istehlak, həm də ipoteka kreditlərinə aid olsa da, bunlar arasında artım sürəti biznes kreditlərində digər ikisindən daha az olub. Belə ki, sözügedən dövr ərzində ipoteka kreditləri 66 faiz, istehlak kreditləri 77 faiz artdığı halda, biznes kreditləri 44 faiz artıb. Kredit portfelinin 77 faizi Bakının payına düşür. Biz KOBİA olaraq, yeni alətlərin tətbiqi məqsədilə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu ilə birgə kiçik məbləğıi güzəştli kreditə ehtiyacı olan sahibkarlara münasibətdə yeni mexanizmin tətbiqinə başlamışıq. Bu mexanizm çərçivəsində sahibkarlara 5,7 milyon manatlıq 914 bildiriş verilib. Bunlardan 3 milyon manatlıq 514 bildiriş məhz bu ilin 9 ayında təqdim olunub. Bu mexanizm həm regionlarda maliyyə əlçatanlığını asanlaşdıracaq, həm də banklar üçün risk amilinin azaldılmasına ciddi dəstək verəcək. Bundan əlavə, KOBİA təhsil, elm, tədqiqat və dəstək layihələri üçün qrant da ayırır. İndiyə qədər 100-ə yaxın belə layihəyə 1,4 milyon manat qrant verilib. Eyni zamanda sahibkarlıq fəaliyyətində innovasiyaların təşviqi məqdədilə startap sertifikatları təqdim olunub”.

O.Məmmədovun dediyinə görə, Azərbaycanda mikromaliyyələşmə xidmətləri xərc aparan proses olduğu üçün adətən mikromaliyyə təşkilatları yüksək faizlər tətbiq edir: “Halbuki sahibkarlıq subyektləri ehtiyaclarını təmin etmək üçün daha münasib şərtlərlə və aşağı faizli kreditlərə ehtiyac duyurlar. Buna görə də dövlətin bu sahədə maliyyə institutları ilə əməkdaşlığı daha da genişləndirilməli və maliyyə ehtiyaclarına çıxış sahibkarlar üçün daha əlçatan olmalıdır. Bəzi hallarda KOB-lar maliyyə xidmətləri təminatçılarının tələblərinə cavab vermir, hətta cavab verdikdə belə, maliyyə institutları kiçik kreditlərin verilməsindən çəkinirlər”.

Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Toğrul Əliyevin açıqladığı statistikadan aydın olur ki, ötən ilin sonuna Azərbaycanda mikro sahibkarlara verilən kreditlərin təxminən 60  faizə yaxını təminatsız və ya qismən təminatlı olub: “Ötən ilin sonuna bankların biznes kreditləri üzrə portfelinin 46  faizi tam, 34  faizi qismən təminatlı, qalan hissəsi isə təminatsız kreditlərdən ibarət olub. Eyni zamanda mikro sahibkarlıq üzrə təminatsız kreditlərin həcmi portfelin 41,3 faizini, qismən təminatlı kreditlərin həcmi isə 18,2  faizini təşkil edib. Orta sahibkarlıq üzrə təminatsız kreditlərin həcmi portfelin təqribən 20 faizini, qismən təminatlı kreditlərin həcmi isə təqribən 33 faizini təşkil edib”.

T.Əliyev son 5 ildə bankların biznes kredit portfelində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilmiş kreditlərin payınınn 14,4 faiz bəndi artaraq 50 faizi üstələdiyini vurğulayıb.

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevə görə, son illər Azərbaycanda biznes kreditlərinin şərtləri və faizləri xeyli yumşaldılıb. Cari ilin üçüncü rübünün nəticələrinə görə, biznes kreditləri ümumi kredit portfelinin 53,7 faizini təşkil edir və onun ümumi məbləği 14 milyard manatdır. Kreditlər üzrə orta faiz dərəcəsi 16 faiz təşkil edir. O qeyd edib ki, kreditlərin 950,4 milyon manatı dövlət fondları hesabına maliyyələşdirilib: “Ümumi biznes kreditləri portfelinin 4,4 milyard manatı və ya 31,4 faizi kiçik və mikro sahibkarlara verilib. Birillik tendensiyaya baxsaq, mikro sahibkarlığa verilən kreditlərin həcmi 400 milyon manat artıb. Kiçik sahibkarlığa verilən kreditlərin həcmində isə 200 milyon manatlıq azalma müşahidə edilir. Azərbaycanda faktorinq, forfeytinq kimi alternativ maliyyə alətlərinin tətbiqinin genişləndirilməsinə ehtiyac var. Bu, xüsusilə kiçik və orta müəssisələr üçün maliyyə resurslarına çıxışı asanlaşdırır. Hər iki alət, müasir ticarət mühitində maliyyə resurslarının optimallaşdırılmasına kömək edə bilər”.

Qeyd edək ki, bu ilin fevral ayında Azərbaycan Nazirlər Kabineti “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə əlavə dəstək göstərilməsi nəzərdə tutulan iqtisadiyyatın prioritet sahələrinin siyahısı”nı təsdiqləyib. “Yeni Müsavat” quruma istinadən xəbər verir ki, qərarla Sənaye, Kənd təsərrüfatı, İnformasiya və rabitə, Turizm, Tikinti, Nəqliyyat və Ticarət sahələri mikro, kiçik və orta sahibkarlıq subyektlərinə əlavə dəstək göstərilməsi nəzərdə tutulan iqtisadiyyatın prioritet sahələri kimi təsdiqlənib. Qərarla İqtisadiyyat Nazirliyinə qeyd olunan sahələrin inkişafının stimullaşdırılması istiqamətində əlavə yeni dəstək mexanizmlərinin yaradılması ilə bağlı təkliflərini altı ay müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb. Nazirliyin hansı təkliflər hazırladığı hələlik məlum deyil. Məlum olan budur ki, hökumət 2025-ci ildən bir sıra xidmət sahələrində çalışan mikrosahibkarların gəlirlərinə vergi güzəşti tətbiq etməyə, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, o cümlədən dövlət-özəl tərəfdaşlığı çərçivəsində vergi təşviqlərinin verilməsinə hazırlaşır. Bu haqda məlumat gələn ilin dövlət büdcəsinin layihəsinə Maliyyə Nazirliyi tərəfindən verilən izah sənədində yer alıb.

Xatırladaq ki, 2024-cü ilin yanvarına qədər mikrosahibkarlıq subyektlərinin gəlir vergisində güzəşt tətbiq olunurdu. Onlar gəlirlərinin 5 faizi həcmində vergi ödəyirdilər. Lakin ötən il Vergi Məcəlləsinə edilən dəyişikliklə bu güzəştin əhatə dairəsi kəskin şəkildə məhdudlaşdırıldı. Hazırda qüvvədə olan Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən, belə güzəşt yalnız müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyektlərinə münasibətdə tətbiq olunur. Əksər ekspertlər ölkədə fəaliyyət göstərən mikrosahibkarların çox cüzi hissəsinin 3 işçi saxlamaq imkanı olduğunu bildirirlər. Bu baxımdan, mikrosahibkarların vergi güzəştinin yenidən bərpa olunması gözləntiləri böyükdür. 

Büdcə sənədinə verilən izahatlardan aydın olur ki, hökumət bütün sahələrdə çalışan mikrosahibkarların deyil, yalnız bəzi xidmət sahələrində fəaliyyət göstərən mikrosahibkarların gəlirlərinə vergi güzəşti tətbiq etməyi planlaşdırır.

Daha bir böyük problem regionlarda sahibkarların kreditlərə çıxışının Bakı və ətrafı ilə müqayisədə kəskin şəkildə məhdud olmasıdır. Rəsmi statistikadan aydın olur ki, biznes kreditlərinin cəmi 20 faizə qədəri regionlarda fəaliyyət göstərən biznes subyektlərinə verilir. Bu, regionlarda ümumi iqtisadi inkişafı ləngidən çox mühüm problemdir. Xüsusilə kiçik və orta sahibkarlığın zəinf inkişafı regionlarda məşğulluq probleminin əsas səbəbidir. Hansı ki, iş yerlərinin məhdudluğu üzündən regionlardan insanlar kütləvi şəkildə Bakı və ətrafına miqrasiya edir. Bu isə paytaxtda çox ciddi sosial, nəqliyyat və digər problemlərə səbəb olur. Buna görə də İqtisadiyyat Nazirliyinin hazırladığı təkliflər arasında biznes kreditləşməsində regionların payının artırılmasına dair müddəaların olmasına ehtiyac var.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR