Onlayn ictimai-siyasi qəzet
Ermənistan atom elektrik stansiyasının istismar müddəti başa çatdıqdan sonra yeni enerji blokunu işə salmağı planlaşdırır; ekspertlərin fikrincə, Avropa da onun bağlanmasını istəyir, Paşinyan isə...
Ermənistanın baş naziri Nikol Paşinyan “Metsamor” AES-də 2036-cı ildə, yəni hazırkı aqreqatın istismar müddəti başa çatdıqdan sonra yeni enerji blokunu işə salmağı planlaşdırdığını açıqlayıb.
“Metsamor” AES-in istismar müddətinin uzadılması Gürcüstan, Türkiyə, Azərbaycan, İran və Qara dənizin cənub regionunun əhalisinin, ilk növbədə isə Ermənistanın özünün əhalisinin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri Nüvə Enerjisi Sammitinin rəhbərliyinə açıq məktubla müraciət edərək “Metsamor” AES-in yaratdığı təhlükələrin aradan qaldırılmasının zəruriliyini vurğulayıblar. “Yeni Müsavat”ın verdiyi xəbərə görə, məktubda qeyd olunur ki, Azərbaycanda keçiriləcək COP29 qlobal ekoloji çağırışlara diqqət yetirir və dünya miqyasında daha sərt təhlükəsizlik standartlarına səbəb olan keçmiş nüvə qəzalarını nəzərə alaraq sayıqlığın artırılmasını tələb edir: “Diqqətə çatdırmaq istəyirik ki, "Metsamor"un fəaliyyəti nəzərəçarpacaq risk yaradır, beynəlxalq qurumların və ixtisaslaşmış təşkilatların tədbir görməməsi region ölkələri üçün təhlükəni daha da gücləndirir. Azərbaycan vətəndaş cəmiyyəti bu təhlükənin qarşısının alınması üçün təcili tədbirlərin görülməsini tələb edir və bütün əlaqədar tərəfləri məsuliyyətli davranmağa çağırır".
Amerika Siyasi Elmlər Assosiasiyasının üzvü Brenda Şaffer də “Metsamor” AES-in istismarı radiasiya təhlükəsizliyi, ekoloji problemlər və insan sağlamlığı üçün potensial təhlükələr yaratdığını deyib: “Türkiyə, Avropa İttifaqı və müxtəlif beynəlxalq təşkilatlar uzun müddətdir bu atom elektrik stansiyasının bağlanmasını istəyirlər. Bununla belə, Ermənistanın baş naziri Nikol Paşinyan "Metsamor"un 2036-cı ildə, yəni hazırkı aqreqatın istismar müddəti başa çatdıqdan sonra yeni enerji blokunu işə salmağı planlaşdırdığını açıqlayıb. İrəvandan cəmi 35 km aralıda yerləşən “Metsamor”da “Çernobıl” kimi qoruyucu qat yoxdur. Beləliklə, Çernobılda olduğu kimi, bu AES-də baş verə biləcək qəza asanlıqla irimiqyaslı çirklənməyə səbəb ola bilər. Təəccüblüdür ki, Ermənistanın özündə bu təhlükəli müəssisəni bağlamağa çağıran vətəndaşlar və təşkilatlar azdır".
Şaffer xatırladıb ki, İrəvan Aİ ilə bütün tərəfdaşlıq sazişlərində atom stansiyasını bağlamağa hazır olduğunu bildirib, hətta bunun üçün vəsait də alıb, amma verdiyi vədləri yerinə yetirməyib: “Aİ-nin ali nümayəndəsi Borrel 2024-cü ilin fevralında Ermənistanın xarici işlər naziri Mirzoyanla görüşü zamanı Aİ-nin Ermənistana stansiyanı bağlamağa kömək etməyə hazır olduğunu bəyan edib. Aİ ölkələrinin qonşuluqda çox təhlükəli nüvə reaktorları hələ də işlədiyi halda Avropada müasir və yaxşı işləyən atom elektrik stansiyalarını bağlamasının nə mənası var onda?!”
Şaffer Paşinyanın Ermənistanın AES-ə malik olmasının ölkənin suverenliyini simvolizə etməsi ilə bağlı açıqlamasına da münasibət bildirib: “Ermənistanın AES-ə texniki qulluq və yanacaq təchizatında 100 faiz Rusiya "Rosatom"undan asılı olduğunu nəzərə alsaq, bu, zarafat kimi gəlir. Burada istehsal olunan elektrik enerjisinin paylandığı elektrik şəbəkələri də Rusiyaya məxsusdur". Onun sözlərinə görə, son vaxtlar Ermənistan Rusiyadan asılılığını azaltmaq və Qərblə geniş əməkdaşlığı təmin etmək istəyindən danışır. ""Metsamor" AES-in gücünün artırılması, əksinə, bu asılılığı daha da artıracaq. Vaşinqton və Brüssel Ermənistana Qərblə əlaqələrini dərinləşdirməyə kömək etməkdə ciddidirsə, onlar Moskvanın Ermənistanın strateji infrastrukturu, o cümlədən, bütün enerji infrastrukturu üzərində nəzarətinə son qoymağın yolunu tapmalıdırlar", - o vurğulayıb. Professor hesab edir ki, Ermənistan da enerji ehtiyacını daha təhlükəsiz mənbələr hesabına ödəyə bilər.
Qabil Hüseynli
Professor Qabil Hüseynli “Yeni Müsavat”a qeyd etdi ki, Paşinyanın bu açıqlaması daxili ictimai rəyə hesablanıb: “Nikol yaxşı bilir ki, 2036-cı ilə qədər hakimiyyətdə qalmayacaq. Onu da bilir ki, həmin ilədək bu cür AES-lər sıradan çıxacaq, yararsız olacaq, yeni texnologiyalar meydana gələcək. Sadəcə, Ermənistanda baş nazir nədən danışırsa, müxalifət onu ittiham edir, narazılar qınayır, nəsə bir qəbahət tapırlar. Ona görə daxili rəyə yönəlik fikirlər səsləndirib. Paşinyan çox gözəl müşahidə edir ki, 2036-cı ildə dünya başqa bir müstəvidə, başqa bir inkişafda olacaq və "Metsamor"un yeri görünməyəcək".
Q.Hüseynli vurğuladı ki, yerləşdiyimiz regionda ətraf mühitə və əhalinin sağlamlığına ciddi təhlükə yaradan "Metsamor" Atom Elektrik Stansiyası (AES) Ermənistanda 1976-cı ildən bəri köhnəlmiş texnologiyalar əsasında fəaliyyət göstərir: ""Metsamor" AES dünyanın ən köhnə nüvə texnologiyası ilə inşa edilib. Bu səbəbdən də dünyadakı ən təhlükəli AES hesab edilir. Daha da dəhşətlisi odur ki, müəssisənin istismar müddəti artıq çoxdan sona çatıb. İstismara verilərkən 30 il ərzində istifadə edilməsi nəzərdə tutulan bu stansiyanın istismar müddəti artıq 40 ili də aşıb. "Metsamor" AES-in fəaliyyəti 1988-ci ildə baş vermiş zəlzələdən sonra dayandırılıb və bir neçə il sonra AES yenidən işə salınıb. AES-də təhlükəsizlik sistemi çox aşağı səviyyədədir. 1982-ci ildə baş vermiş yanğın yalnız 7 saatdan sonra böyük çətinliklə söndürülmüşdü. Köhnə, elementar təhlükəsizlik standartlarına cavab verməyən ”Metsamor" AES yalnız region ölkələrini deyil, dünya birliyini də narahat edir. Avropa İttifaqı 2000-ci ildə onun fəaliyyətinin dayandırılması müqabilində Ermənistana 138 milyon avro təklif etsə də, məbləğin azlığını əsas gətirərək təkliflə razılaşmayıblar".
Telman Qasımov
Hərbi ekspert Telman Qasımov isə “Yeni Müsavat”a bildirdi ki, bu məsələ olduqca mübahisəlidir: “Avropa da atom elektrik stansiyasının bağlanmasının tərəfdarıdır. Çünki Qərbdə bilirlər ki, "Metsamor" Rusiyaya aiddir və onun işində Moskva daha çox maraqlıdır. Ona görə Avropanın mövqeyinə görə bu stansiyanı bağlayıb təbiətə ziyan vura bilməyəcək yeni elektrik stansiyaları işə salmaq istəyirlər. Hər halda, aprelin 5-də Paşinyanın da iştirak edəcəyi məlum toplantıda bu məsələ müzakirə ediləcək". Hərbi analitik qeyd etdi ki, “Metsamor” daha əvvəl təmir olunsa da, istənilən səviyyədə fəaliyyət göstərə bilmir: “Bir zamanlar Ermənistan İrana işıq verirdi, sonra Rusiya buna imkan vermədi. Kreml açıq şəkildə dedi ki, Ermənistan mənimdir. Ancaq İran indi də istəyir ki, "Metsamor" fəaliyyət göstərsin. Hər şey Qərbin Ermənistana verəcəyi dəstəkdən asılı olacaq".
Emil SALAMOĞLU
“Yeni Müsavat”
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ