Onlayn ictimai-siyasi qəzet
Rusiyanın "Birinci Kanal" telekanalının xəbər aparıcısı Yekaterina Andreevanın ölkə vətəndaşlığından əlavə Monteneqro və Honduras pasportlarına da malik olduğu üzə çıxıb.
Bu barədə Rusiya Korrupsiyaya Qarşı Mübarizə Fondunun yeni araşdırmasında deyilir.
Bu sənədlər sayəsində, məlum olub ki, Rusiya televiziyasının əsas simalarından biri ölkənin Ukraynaya geniş miqyaslı hərbi əməliyyatından sonra da sanksiyalara baxmayaraq dünyanı maneəsiz gəzməyə davam edir.
Monteneqronun pasportu ona 130-dan çox ölkəyə, o cümlədən Avropa İttifaqına vizasız giriş imkanı verir.
O, həmçinin NATO ölkələrinə səfər edir. Xüsusilə, müharibə başlayandan sonra aparıcı Finlandiya, Norveç, Monteneqro və digər Avropa ölkələrinə səfər edib.
Aparıcının uzun illərdir ki, Monteneqronun kurort şəhəri Sveti Stefandan fotolar paylaşması diqqətdən yayınmayıb.
Andreevanın Monteneqro pasportu hələ 2015-ci ildə rusiyalı müxalifət lideri Aleksey Navalnı bu barədə danışanda məlum olub.
FBK-nın araşdırmasına görə, Andreeva Monteneqro vətəndaşlığını 2011-ci ildə "ölkəyə xüsusi xidmətlərinə görə" alıb. Bu, adətən Monteneqro üçün əhəmiyyətli peşə və statusa malik şəxslərə verilən fəxri vətəndaşlıqdır.
Navalnının tərəfdaşlarının indi aşkar etdiyi kimi, Andreevanın həmçinin Honduras pasportu da var.
İddialara görə, o, bu pasportu 2005-ci ildə sənədləşdirib. Bunu təsdiqləmək üçün müstəntiqlər Andreevanın Hondurasdan olan vəkilə verdiyi etibarnaməni dərc ediblər və bu etibarnamədə onun şəxsi məlumatları və həmin ölkə üçün pasport nömrəsi göstərilib.
Korrupsiyaya Qarşı Mübarizə Fondunun məlumatına görə, Andreevaya Honduras vətəndaşlığını almağa onun Monteneqro, Serbiya və Honduras pasportuna sahib olan əri Dusko Peroviç kömək edib.
Qeyd edək ki, Yekaterina Andreeva 1998-ci ildən "Birinci Kanal"ın əsas xəbər proqramı olan "Vremya"nın daimi aparıcısıdır. BBC-nin məlumatına görə, 2009-cu ildə "Birinci Kanal"ın baş direktoru Konstantin Ernst Andreevanı işdən çıxarmaq qərarına gəlib. Lakin məlumat Rusiya Prezidenti Vladimir Putinə çatdıqdan sonra qərara yenidən baxılıb.
2018-ci ildə isə Andreeva müvəqqəti olaraq efirdən uzaqlaşdırılıb. Rəsmi səbəb kimi yeni studiyanın işə salınması ilə bağlı texniki çətinliklər göstərilib.
Bununla belə, BBC mənbələrinin qeyd etdiyi kimi , bunun arxasında daha dərin problemlər, o cümlədən aparıcı ilə Konstantin Ernst arasındakı çətin münasibətlər dayanırdı. Buna baxmayaraq, Andreeva tezliklə "Vremya" proqramının efirinə qayıdıb. (Bizim.Media)
20 Aprel 2025
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ