İnsanlara hürriyət, millətlərə istiqlal!

“Məşədi Dadaş” məscidi ətrafında nə baş verir?

İcma fəallarının məsciddən çıxarılmasının arxasında yatan səbəblər

“Məşədi Dadaş” məscidi ətrafında baş verən son hadisələr Azərbaycanda dini sahədə məqsədli provokasiya cəhdi yaratmaqdan başqa bir şey deyildi. Əslində Hacı Şahin dünyasını dəyişdikdən az sonra məscid ətrafında baş verənlər, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi rəhbərliyinin məscidə yeni imam təyin olunması ilə bağlı tələm-tələsik bəyanatı məscid ətrafında oyun qurulduğunu göstərirdi.
Məsələ ondadır ki, Hacı Şahinin vəfatından az sonra “Məşədi Dadaş” icması Hacının tələbələrindən birini məscidə imam-camaat seçdi. Lakin DQİDK-in müdaxiləsindən dərhal sonra yeni imam yerli dini təhsilini tamamlamadığı bəhansı ilə vəzifədən uzaqlaşdırıldı. Daha sonra isə icma DQİDK rəhbərliyi ilə görüşdü və məscidə icmanın özünün təklif etdiyi namizəd - bu səfər Hacı Şahinin başqa bir tələbəsi imam təyin olundu. İşlər əslində normala dönürdü, lakin mayın əvvəlində elan olundu ki, DQİDK məscidə yeni imam təyin edib.

Bəs DQİDK rəhbərliyinin bir aydan sonra qərarından bu cür kəskin dönüş etməyinə nələr və ya kimlər səbəb oldu? Komitə və icma arasında əldə olunan razılaşma hansı səbəbdən ləğv olundu və məscidə heç kimin tanımadığı, məscid icması ilə yaxından-uzaqdan əlaqəsi olmayan ruhani Bakının ən böyük camaatı olan məscidə təyin olundu?

87jpg-1623070050.jpg (137 KB)

Mətbuat və sosial şəbəkələrdən də bilindiyi kimi, DQİDK-nin “Məşədi Dadaş” məscidinə yeni imam təyinatı icma, başqa sözlə məscid camaatı tərəfindən narazılıqla qarşılanıb və icma fəalları məscidi tərk etdiklərini bəyan ediblər. Bu isə faktiki olaraq Bakının ən böyük məscid icmalarından birinin dağılması deməkdir.

Məsələ ondadır ki, dini icma hüquqi olaraq 50 nəfər ərazi sakini tərəfindən təsisi olunur. Lakin bu məsələnin formal tərəfidir, dindar insanları bir araya gətirən bir qayda olaraq icmanın – məscidin imamı və onun icması olur. Çünki burda birlik yaradan mənəvi-dini bağlardır. Mərhum Hacı Şahin Bakının kiçik məhəllə məscidi olan “Məşədi Dadaş”da fəaliyyətə başlayanda orda bir ovuc insan ibadətə gəlirdi. Ancaq təxminən 10 il ərzində bu məscidin camaatının sayı minlərlə oldu.

Hər kəsə aydın idi ki, o insanları “Məşədi Dadaş” məscidinə cəlb edən Hacı Şahinin moizələri, söhbətləri və ümumi dini fəaliyyətləri idi. Bu fəaliyyətlər nəticəsində o məsciddə fəal, vətənpərvər Azərbaycan dindarlığının nümunəsi olan icma formalaşmışdı. Lakin o da aydın idi ki, Hacı Şahinin dünyasını dəyişməsindən sonra onun moizələrini dinləmək üçün gələnlər tədricən azalacaq. Çünki onları cəlb edən mənəvi lider artıq yoxdur. Lakin yalnız “Məşədi Dadaş” məscidinin icması camaatı məscid ətrafında qoruyub saxlaya bilərdi. İcma ilk gündən məhz bunu etdi, məscid camaatının dağılmaması üçün öz içindən bir, ardınca ikinci imamı təklif etməklə, məscidə gələn dindarları qoruyub saxlamağa çalışdı. Lakin son addımlardan, yəni məscidə kənardan, icma ilə razılaşdırılmadan imam təyin olunduqdan sonra həm icmanın, həm də ümumilikdə məscid camaatının dağılması labüd idi. Elə də oldu.

555.jpg (57 KB)

Yeni təyinatın səbəblərinə gəlincə, sosial şəbəkələrdə Məşədi Dadaş məscidinə “kənardan” yeni imam təyinatının Qafqaz Müsəlmanları İdarəsinin və DQİDK rəhbərliyində təmsil olunan yüksək vəzifəli şəxslərin birgə fəaliyyəti nəticəsində baş tutduğu yazılır. İddia olunur ki, QMİ rəhbərliyi məscidinə “öz adamını” yerləşdirmək üçün DQİDK rəhbərliyi, konkret olaraq Səyavuş Heydərovla birgə fəaliyyət göstərib. S.Heydərovla QMİ sədri arasında əlaqələr daha “qədimə”, Heydərovun əvvəlki “patronu” Eldar Mahmudovun zamanına gedib çıxır. Məhz Mahmudov vasitəsilə Heydərov DQİDK-ə yüksək vəzifəyə - sədr müavini postuna yerləşdirilib və həmin dövrdə QMİ sədri ilə “işgüzar” əlaqələri yaranıb.

Son qanun dəyişikliyindən sonra Azərbaycanda məscidlərə imam təyinatı səlahiyyəti tamamilə DQİDK-ə verilib, QMİ artıq bu prosesdən kənarda qalıb. Ancaq sosial şəbəkələrdə yayılan iddialara görə, “Məşədi Dadaş” məscidi ətrafında yaranmış vəziyyətdə Şeyx özünəməxsus gediş edərək Bakıda ən böyük məscid icmasına öz adamını qoymaq və bununla da bir mənada revanş etməyə çalışıb. Lakin bu addım yuxarıda da qeyd etdiyimiz kimi, nəticə etibarı ilə Azərbaycan dövlətinin maraqlarına zərbə vurur, dövlətin din siyasətini baltalayır. Çünki Komitə rəhbərliyinin apreldəki davranışı və icma ilə görüşündən çıxan nəticə bu idi ki, DQİDK rəhbərliyi də məscid icmasının dağılmamasında maraqlıdır. Lakin indi atılan addım apreldəki yanaşmadan 180 dərəcə fərqlənir. Üstəlik, bu qərar kimin təşəbbüsü və göstərişi ilə baş verməsindən asılı olmayaraq DQİDK və nəticə etibarı ilə dövlət üçün zərərlidir.

c3cd624d391d13cbce1a023a2ee5a7ce.jpg (122 KB)

Çünki bu qərar və onun doğurduğu nəticə məscid camaatının dağılması, nəzarətsiz və mənəvi mərkəzsiz qalan dindar kütlənin xarici təsir qarşısında tərksilah edilməsi, bundan sonra dini sahədə Azərbaycana qarşı atılan addımların qarşısında dayana biləcək nüfuzlu icma və ruhanilərin sayının azalmasına xidmət edir.

Çünki bu günə qədər müstəqillik illərində QMİ-nin nəzarətində olan məscidlər “Məşədi Dadaş” formasında bir camaat yarada bilməyib. Eyni zamanda QMİ rəhbərliyi və məscidlər bu günə qədər İranın anti-Azərbaycan addımlarına qarşı etiraz edib və fəaliyyətlərin qarşısında dayanmayıb. “Məşədi Dadaş” məscidi camaatının dağıdılması ilə faktiki olaraq bu sahə boş qalmış olacaq. QMİ-dən kənarda olan kiçik camaat və icmaların isə artıq bu hadisədən sonra çətin ki, səsləri yüksələ bilsin.

DQİDK isə faktiki olaraq bu antimilli oyuna daxil olaraq “oturduğu budağı” baltalayır. Halbuki “Məşədi Dadaş” məscidi kimi məscidlər ilk növbədə dövlət və onun maraqlarını din sahəsində müdafiə etməli olan DQİDK üçün lazımlı idi. Bu cür düşünülməmiş provokativ qərarlar nəticəsində dindarlar və dövlət arasında uçurum dərinləşir, inanclı insanlarda dövlətə qarşı inamsızlıq yaranır. Daha əvvəl geniş yayılan “bozbaş mollalarının” nəzarəti altında olan, boş ibadətgahlara çevrilir. Yaranmış boşluğu isə əlbəttə ki, pusquda dayanıb fürsət gözləyən xaricdən idarə olunan radikal qruplar doldurur.

Без названия-1.jpg (6 KB)

Kənan Rövşənoğlu

Redaksiyadan: Mövzu ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin mövqeyini dərc etməyə hazırıq.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR