İnsanlara hürriyət, millətlərə istiqlal!

Meşədə itkin düşən şəhid atası bu rayonda tapıldı: Dumana düşüb, şəbəkə itib – Təfərrüat + ÖZƏL

Daşkəsən rayonunun Bayan kəndində meşəlik ərazidə itkin düşən şəhid atası - 1952-ci il təvəllüdlü Kamil Mahmud oğlu Abdullayev tapılıb.

Bu barədə Musavat.com-a onun qızı Aliyə Abdullayeva məlumat verib.

O bildirib ki, atası dumanda azaraq digər rayona gedib çıxıb:

“Günorta atamdan qəfil zəng gəldi. Sağ-salamat olduğunu dedi. Bildirdi ki, yolu azdığı üçün Göygöl rayonuna gedib çıxıb. Polis əməkdaşları onun yerini aşkarlayıblar. Meşəlik ərazidə olduğuna görə telefonuna zəng çatmırmış”.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov saytımıza məlumatı təsdiqləyib:

“Qonşu rayonlar olduğu üçün yolu azıb və digər rayona keçib. Həmin şəxs sağ-salamat ailəsinə təhvil verildi”.

Qeyd edək ki, Kamil Mahmud oğlu Abdullayev dünən saat 17:00 radələrində kənd ərazisindəki meşəyə bitki yığmağa getmişdi və geri qayıtmamışdı.

O, Vətən müharibəsi şəhidi Şəhriyar Abdullayevin atasıdır. Şəhriyar Abdullayev 1987-ci ilin martın 2-də Tərtər rayonunun Cəmilli kəndində anadan olub. Sonradan ailəsi Kəlbəcər rayonunun Məmmədsəfi kəndinə köçüb. O, Vətən müharibəsində Murov yüksəkliyinin, Füzulinin, Hadrutun ermənilərdən geri alınmasında çox fəal iştirak edib. Hadrut alındıqdan sonra buradakı yüksəkliklərdə aparılan döyüşlərdə qəhrəmancasına həlak olub. Daşkəsəndəki Şəhidlər xiyabanında dəfn olunub. Prezident Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə” medalları, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Şəhidimizin 4 və 5 yaşlarında iki qızı yadigar qalıb.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 May 2025

BÜTÜN XƏBƏRLƏR