İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərkəzi Bankın son qərarı kredit faizlərinə necə təsir edəcək?

Mərkəzi Bank pul siyasətinə dəyişikliklər edərək məcburi ehtiyat normalarının diferensiallaşdırılması qaydasına yenidən baxıb.

Bəs Mərkəzi Bankın son qərarı kredit faizlərinə necə təsir edəcək?

vuqar.jpg (75 KB)

Musavat.com xəbər verir ki, millət vəkili Vüqar Bayramov məsələni bu cür dəyərləndirib:

"Məcburi ehtiyat normalarının diferensiallaşdırılması Mərkəzi Bankın yeni sədrinin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində ilk görüşü zamanı müzakirə edilən məsələlərdən idi. Bazel 4 prinsipi pul siyasətində diferensial və ya selektiv yanaşmanı tövsiyə edir.

Yeni qaydalara əsasən, milli valyutada hüquqi şəxslərin depozitlərinin məbləğinin bir milyard manatı, xarici valyutada hüquqi şəxslərin depozitlərinin məbləğinin isə 750 milyon manat ekvivalentini üstələyən banklar üzrə məcburi ehtiyat normaları bütün öhdəliklər üzrə müvafiq olaraq 10% və 12% səviyyəsində müəyyən olunacaq. Bu məbləğlərdən az olan öhdəliklər üzrə isə uyğun olaraq 5% və 6% səviyyəsində saxlanılır. Praktik olaraq, son normalar Mərkəzi Bankın 9 yanvar 2023-cü il qərarında nəzərdə tutulanlardan fərqlənmir. Həmin qərarla da diferensial normalar müəyyənləşib.

Sonuncu qərarla həmçinin Mərkəzi Bank faiz dəhlizinin maliyyə sektorunda digər faizlərə təsirlərini gücləndirmək məqsədi ilə sterilizasiya yönümlü daimi imkan aləti üzrə günlük limiti gələn ayın 15-dən etibarən ləğv edir. Mərkəzi Bank bu addımı banklararası bazarda fəallığın və bankların likvidlik mövqeyinin əhəmiyyətli dəyişməsi ilə izah edir".

Vüqar Bayramovun fikrincə, Mərkəzi Bankın son qərarının kredit faizlərinə xüsusi təsir edəcəyi gözlənilmir:

"Belə ki, diferensial normalar praktik olaraq dəyişdirilmir və günlük limitin ləğvi isə daha çox likvidliyinin idarə edilməsi ilə bağlıdır. Mərkəzi Bankın uçot dərəcəsinin banklararası bazarda əməliyyatlara təsiri olsa da, onun kredit faizlərinə xüsusi təsiri hiss olunmur".

Millət vəkili qeyd edib ki, bu baxımdan kredit bazarına təsir edəcək digər alətlərdən daha fəal istifadəyə ehtiyac var.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR