İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərkəzi Bankın qərarları inflyasiyanı niyə azaltmır? - təhlil

Taleh Kazımovla Elman Sadıqovdan eyni qiymətləndirmə: idxal inflyasiyası...

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti faiz dərəcələrini olduğu kimi saxlayıb. İyulun 26-da İdarə Heyətinin qəbul etdiyi qərara əsasən uçot dərəcəsi 9 faiz, faiz dəhlizinin aşağı həddi 7.5 faiz, faiz dəhlizinin yuxarı həddi isə 10 faiz səviyyəsində qalıb.

Qeyd edək ki, 2023-cü il ərzində ilk dəfədir ki, Mərkəzi Bank ardıcıl iki iclasında uçot dərəcəsini dəyişməz saxlayıb. Belə ki, iyunun 21-də də uçot dərəcələri dəyişdirilməmişdi.

Mərkəzi Bankdan “Yeni Müsavat”a verilən məlumata görə, bu  qərar aparılmış makroiqtisadi təhlillər, yenilənmiş proqnozlar, daxili və xarici inflyasiya amillərinin və risklər balansının dəyişimi nəzərə alınmaqla qəbul edilib.

Baş tənzimləyici bildirir ki, pul siyasətinə həsr edilmiş ötən iclasdan bəri illik inflyasiya tempi azalmaqda davam edib: “İyun ayında əvvəlki aya nəzərən 0.9 faizlik deflyasiya qeydə alınıb. İllik inflyasiya iyunda 10.6 faiz təşkil edib ki, bu da ötən ilin sentyabr ayında qeydə alınmış son illərin pik səviyyəsi ilə müqayisədə 5 faiz bəndi aşağıdır. İllik ərzaq inflyasiyası 11.5 faizə enib”.

Mərkəzi Bank bildirir ki, Azərbaycanda illik inflyasiya həm xarici, həm də daxili amillərdən təsirlənərək azalıb. Belə ki, tərəfdaş ölkələrdə inflyasiyanın azalması, dünya əmtəə bazarlarında qiymətlərin enməsi, beynəlxalq yükdaşıma xərclərinin pandemiyadan əvvəlki səviyyələrə qayıtması inflyasiyaya azaldıcı təsir göstərib: “Qiymətləndirmələrə görə, ticarət tərəfdaşı olan ölkələr üzrə orta çəkili inflyasiya cari ilin iyununda ötən ilin oktyabrında müşahidə edilən pik səviyyə ilə müqayisədə 2 dəfədən çox azalıb. Bu, əsasən qlobal iqtisadi aktivliyin zəifləməsi, qlobal enerji qiymətlərinin azalması və əksər ölkələrdə həyata keçirilmiş sərt pul siyasəti ilə izah edilir. Dünya Bankının əmtəə bazarları haqqında son hesabatına əsasən, iyunda illik əsasda əmtəə qiymətləri 37.1 faiz, o cümlədən enerji qiymətləri 45.1 faiz, qeyri-enerji qiymətləri 15.1 faiz enib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, ərzaq qiymətləri iyunda illik əsasda 20.9 faiz azalıb. Eyni zamanda valyuta bazarında tarazlığın qorunması, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi (Birinci yarımillikdə 10.3 faiz), qəbul edilmiş pul siyasəti qərarları monetar şərait vasitəsilə inflyasiya təzyiqlərini azaldıb. Xarici mühitin əlverişli olması, ölkənin qeyri-neft ixrac potensialının yüksəlməsi valyuta bazarında tarazlığın dəstəklənməsində xüsusi rol oynayıb. 2023-cü ilin birinci rübündə cari hesablar balansının profisiti 3.4 milyard ABŞ dolları və ya ÜDM-in 18.9 faizi səviyyəsində olub. Xarici sektorda müsbət proseslər növbəti rübdə də davam edir”.

AMB-nin qənaətincə, qeydə alınan müsbət göstəricilərlə yanaşı, inflyasiyanı artıracaq amillərin tam aradan qalxdığını söyləmək mümkün deyil: “İnflyasiya tempində müşahidə olunan azalmaya baxmayaraq xarici mühitin yüksək dəyişkənliyi, məcmu tələbin izafi genişlənməsi riski inflyasiyaya artırıcı təsir edən amillər kimi qiymətləndirilə bilər. Davam edən geosiyasi münaqişə zəminində beynəlxalq logistika zəncirinin pozulması, bir sıra ölkələrdə inflyasiyanın uzun müddət hədəf səviyyələrindən yuxarıda qalması gözləntiləri müxtəlif kanallarla inflyasiya proseslərinə təsir potensialını saxlayır.

Ümumilikdə inflyasiyanı azaldan amillərin güclənməsi ilin sonuna və 2024-cü ilə illik inflyasiyanın hədəfə yaxınlaşması ehtimalını artırır".

Mərkəzi Bank bəyan edir ki, antiinflyasiya xarakterli pul siyasətini və inflyasiyaya təsir imkanlarını artırmaq istiqamətində islahatları davam etdirir: “Faiz dəhlizi parametrlərinin dinamikası, pul siyasəti alətlərinin adekvat tətbiqi və makro-prudensial tələblərdə edilən dəyişikliklər məcmu tələbin izafi artımını məhdudlaşdırmaqdadır. Pul bazarında əməliyyatlar üzrə orta faiz dərəcələri faiz dəhlizinin dəyişiminə reaksiya verməkdə davam edir. May ayından başlayaraq gündəlik əsasda açıqlanan və banklar arasında milli valyutada bağlanan təminatsız əqdlərin orta çəkili faiz dərəcəsini əks etdirən AZIR (Azerbaijan Interbank Rate) indeksi artım meyillidir. Belə ki, cari ilin əvvəlindən bəri 1 günlük AZIR indeksi 1.87, 1 həftəlik AZIR indeksi isə 1.04 faiz bəndi qalxıb. Pul təklifinin daha effektiv tənzimlənməsi, bank sistemində likvidliyin təmərküzləşməsinin daha da məhdudlaşdırılması və de-dollarlaşma meyillərinin dəstəklənməsi üçün məcburi ehtiyat normalarının diferensiallaşdırılması qaydasına yenidən baxılıb. Qərara alınıb ki, 2023-cü ilin iyul ayından başlayaraq bütün banklar məcburi ehtiyatları yeni normalara uyğun hesablamalı və növbəti saxlama dövründən (2023-cü ilin 15 avqust tarixindən) etibarən məcburi ehtiyatları yeni normalara uyğun saxlamalıdırlar. Məcburi ehtiyat normalarının hüquqi şəxslərin depozitlərinin məbləğindən asılı olaraq diferensial tətbiqi likvidliyin təmərküzləşməsini azaltmağa və əlavə vəsaitin sterilizasiyasına imkan yaradacaq.

Mərkəzi Bank pul siyasəti ilə bağlı növbəti qərarlarını da daxili və xarici inflyasiya risklərini, faktiki və gözlənilən inflyasiyanın hədəfdən yayınma dərəcəsini nəzərə almaqla qəbul edəcək".

Qeyd edək ki, Mərkəzi Bank pul siyasəti ilə bağlı növbəti qərarı 2023-cü il sentyabr ayının 20-də qəbul edəcək.

Bir çox ekspertlər Mərkəzi Bankın pul-kredit siyasətinin ölkədə inflyasiyanın səviyyəsinə təsirinin olmadığını bildirirlər. AMB İdarə Heyətinin sədri Taleh Kazımovun fikrincə, Azərbaycan kimi idxaldan qismən asılı olan ölkələrdə uçot dərəcəsi inflyasiyaya təsir etmir. Onun sözlərinə görə, 2023-cü ilin sonuna kimi Azərbaycanda inflyasiyanın 6-7  faizə enəcəyi gözlənilir: “2024-2025-ci illərdə istehlak qiymətlərinin artımında 4-6 faiz baza səviyyəsinə nail olunması gözlənilir”.

Elman Sadıqov: “Azərbaycanda sığortalanmış əmanətlərin hamısı sahiblərinə  qaytarılıb”

Elman Sadıqov

İqtisadçı-ekspert Elman Sadıqov bildirir ki, Mərkəzi Bankın qərarlarının mühüm bir istiqaməti inflyasiyanın cilovlanmasına yönəlir: “Bu qərarların təsirini qiymətləndirmək üçün biz baxmalıyıq ki, Azərbaycanda inflyasiyanı hansı amillər sürətləndirir: təklif, yoxsa tələb? Əhalinin əlində izafi pul çoxdur və bu da tələbi artırmaqla qiymətlərin artmasına gətirir, yoxsa bazar idxaldan çox asılıdır və idxal məhsulları bahalaşır deyə inflyasiya sürətlənir? Burada bir məqam da var ki, idxal olunan məhsullar bazarın tələbini qarşılayacaq həcmdədirmi, yoxsa onu idxal edənlər qiyməti yüksəldirlər? Birinci halda bazarda təklif az olduqca qiymətin qalxması təbii prosesdir. İkinci halda qiymət artımı idxalçı şirkətlərin marketinq siyasətinə bağlıdır. Əgər inflyasiyanın yaradıcısı təkliflə bağlıdırsa, dövriyyədəki bütün pulları toplasan belə, hansısa məhsulun qiyməti dəyişməyəcək. Yəni inflyasiya iqtisadiyyatdakı problemlərdən qaynaqlanırsa, burada pul-kredit siyasəti ciddi effekt verməyə bilər. Buna görə də Mərkəzi Bankın pul-kredit siyasətini qiymətləndirərkən mütləq iqtisadiyyatdakı vəziyyəti nəzərə almaq lazımdır. İqtisadiyyatda çatışmazlıq varsa, Mərkəzi Bankın proseslərə təsir imkanları o qədər də yüksək olmaya bilər”.

Ekspert hesab edir ki, Mərkəzi Bankın monetar siyasət rıçaqları məhdud təsirə malikdir demək olar: “Mərkəzi Bank uçot dərəcəsini nə qədər artırsa da, bu, depozit faizlərinə təsir etmir. Yəni iqtisadiyyatdan pulun bank sektoruna yığım tempi aşağıdır. Çünki qorunan depozit faiz dərəcəsi 12 faizdir. Banklar depoziti bundan artıq faizlə cəlb edə bilmirlər, çünki daha yüksək faizli əmanətlər qorunmur deyə əhali pulunu bu formada yerləşdirməyə həvəsli deyil. Bundan əlavə, bankların özləri də 12 faizdən yuxarı faizlə deposit cəlb etməyə həvəsli deyil. Onların13-14-15 faizlə cəlb etdikləri vəsaitləri yerləşdirib gəlir əldə etməyə sahə yoxdur. Dövlətin qiymətli kağızları üzrə faiz dərəcələri 7-8-9-dan yuxarı deyil.  Belə bir şəraitdə Mərkəzi Bankın uçot dərəcəsinin depozit faizlərinə təsirinin olmaması təbiidir”.

Onu da bildirək ki, Azərbaycanda inflyasiyaya təsir göstərən subyektiv amillərin olduğunu Prezident İlham Əliyev hökumət müşavirəsində xüsusi vurğulayaraq, onların araşdırılmasının gərəkdiyini bildirib. Ardınca baş nazir Əli Əsədov Azərbaycanda inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəyə endirilməsinin təmin edilməsi, inflyasiya proseslərini və onun səbəblərini kəmiyyət və keyfiyyətcə qiymətləndirməyə imkan verən təhlil və monitorinq sisteminin daha da təkmilləşdirilməsi, eləcə də bu sahədə qurumlararası koordinasiyanın gücləndirilməsi məqsədilə işçi qrupun yaradılması barədə sərəncam imzalayıb.

Müstəqil ekspertlər hesab edirlər ki, Azərbaycanda inflyasiyanı artıran əsas amil inhisarçılıqdır. Belə ki, ərzaq təminatında idxaldan asılı olan ölkəyə bu məhsulların idxalı bir neçə şirkətin əlində cəmləşib. Onlar arasında mövcud olan kartel sövdələşməsi nəticəsində idxal olunan məhsullar eyni səviyyədə yüksək qiymətə pərakəndə satışa təqdim edilir. Son bir ildə qlobal ərzaq bazarında qeydə alınan 20 faizlik ucuzlaşmanın Azərbaycan bazarında hiss olunmamasının əsas səbəbi budur. Digər bir məqam gömrük rəsmiləşməsi zamanı məhsulların qiymətinin real səviyyədən yüksək göstərilməsi ilə bağlıdır. Nəhayət, daha bir məsələ pərakəndə ticarətdəki inhisarlaşmadır. Bir neçə böyük satış şəbəkələrində eyni məhsulun qiyməti demək olar ki, fərqlənmir. Bu da şəbəkələr arasındakı kartel sövdələşməsinin nəticəsi hesab olunur.

Baş nazirin yaratdığı işçi qrupun bu kimi faktorları obyektiv şəkildə qeydə alaraq onların aradan qaldırılmasına nail olacağını ekspertlər az ehtimal olunan variant kimi qiymətləndirirlər.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR