İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərkəzi Asiyanın “açar dövləti” - Bakıda imzalanan sənədin sirri

Sabiq nazir: “Bu sənəd strateji tərəfdaşların təhlükəsizliyi və müdafiəsi kimi həyati əhəmiyyətli yaxınlaşmanı nəzərdə tutur”

Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Tacikistan Prezidenti Emoməli Rəhmonun danışıqlarının yekunları ilə bağlı sənədlər paketi imzalandı. Bu razılaşmalar sırasında Azərbaycan və Tacikistan arasında strateji tərəfdaşlıq haqqında bəyannamə də var. 

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığında Tacikistan ilə münasibətlər də özünəməxsus rol oynayır. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. 

Azərbaycan Prezidenti 2023-cü ildə dost ölkədə iki dəfə səfərdə olub. Prezident İlham Əliyev ötən il sentyabrın 14-də Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Şurasının Düşənbədə keçirilən iclasında Prezident Emoməli Rəhmonun dəvəti ilə yeganə fəxri qonaq qismində iştirak edib. Tacikistan Prezidenti Emoməli Rəhmon isə ötən il noyabrın 24-də BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə iştirak etmək üçün Bakıda olub.

Son illər Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafının yeni mərhələsinə qədəm qoyub. Ölkəmizin dünyada artan nüfuzu sayəsində bir çox dövlətlər Azərbaycanla əməkdaşlığa can atır və onların arasında Mərkəzi Asiya dövlətləri önəmli yer tutur. Son bir il ərzində Azərbaycan Prezidentinin Mərkəzi Asiya ölkələrinə ardıcıl səfərləri xüsusilə diqqət çəkir. Bu münasibətlərin inkişaf etməsi isə təkcə Azərbaycan və Mərkəzi Asiya ölkələri üçün deyil, həm də bütün türk dünyası üçün mühüm əhəmiyyət daşıyır. İstər regionda, istərsə də dünyada baş verən geosiyasi proseslər dövlətləri birgə əməkdaşlığa səsləyir. Qarşılıqlı səfərlər zamanı imzalanan sənədlər ölkələrimiz arasında münasibətlərin perspektivlərini müəyyənləşdirir. 

Tacikistan Mərkəzi Asiya ölkələri içərisində türk dövləti olmayan, İranla ortaq fars dilini, mədəniyyətini bölüşən yeganə ölkədir. Ona görə də Tacikistan bazarlarındakı və müdafiə sənayesindəki iştirakını gücləndirən İran bu ərazidən Mərkəzi Asiyada ambisiyalarını təmin etmək üçün tramplin kimi istifadə etməkdə maraqlıdır. Çinin də Tacikistanda geniş praktiki təsirləri mövcuddur. Yəni Azərbaycan bu “açar dövlət”lə münasibətləri onsuz da yaxşı olan Çinlə və dövlətlərarası əlaqələrə həmişə ciddi önəm verən İranla da əlavə anlaşmaq imkanları qazana bilər.

Siyasi ekspertlər hesab edir ki, fərqli qütblərdə yerləşən ölkələri təmsil edən rəsmi şəxslərin Azərbaycana səfərlərinin intensivləşdiyi müşahidə olunur. Bu fonda ətraf regionlarda mövcud olan dövlətlərlə təmasların sıxlaşması da diqqət çəkir. Aydın şəkildə görünür ki, dövlətimizin müəllif və ya iştirakçı olduğu beynəlxalq layihələr səmərə verməyə başlayıb. Bu layihələrə qoşulmaq, perspektivdə faydalanmaq istəyi ətrafda yerləşən ölkələri sövq edir ki, Azərbaycanla münasibətləri daha da istiləşdirsinlər. Dövlətimizin strateji mövqeyi, etibarlı tərəfdaş imici, uğurlu siyasəti və bacarıqları onu hər kəs üçün cəlbedici amilə çevirib.

Fikrət Yusifov.jpeg (199 KB)

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, iki ölkə arasında bir çox sahələrdə əməkdaşlığa dair imzalanan sənədlər içərisində “Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə” xüsusi diqqət çəkib: “Belə bir sənəd iki ölkə arasında siyasi, iqtisadi, sosial və digər sahələrdə uzunmüddətli qarşılıqlı fəaliyyəti özündə ehtiva edir. Bu, sənəd həm də strateji tərəfdaşların təhlükəsizliyi və müdafiəsi kimi həyati əhəmiyyətli sahələrdə maraqların yaxınlaşmasını nəzərdə tutur. Son illər ərzində, xüsusilə də 44 günlük Qarabağ savaşındakı zəfərdən sonra bir çox ölkələrin Azərbaycanla yaxından əməkdaşlıq etmək istəyi göz qarşısındadır. Bu istəyin kökləri üzərində bir qədər dayanaq. Azərbaycan son 20 ildə regionun ən nüfuzlu ölkələrindən birinə necə çevrildi? Son 20 ildə Azərbaycanın iqtisadiyyatının 4 dəfəyə qədər böyüməsi, Azərbaycan Ordusunun dünyada bənzəri olmayan bir şəkildə, 30 il işğal altında qalmış torpaqları azad etməsi və bu zaman separatizmin kökünü kəsməyin ən yaxşı nümunəsini bütün dünyaya nümayiş etdirməsi, bir dövlət kimi onun nüfuzunu yüksəklərə  qaldırdı. Bu gün Azərbaycan yerləşdiyi böyük regionun ən nüfuzlu və böyük siyasi çəkisi olan dövləti statusuna malikdir. Azərbaycan bu gün bu statusla onun üzərinə gələrək, haqsızlıq etmək istəyən Fransa kimi ölkələri siyasət meydanında pat vəziyyətinə sala biləcək bir qüdrətə sahibdir. Bu gün Azərbaycan Turan birliyini yaranmasında qardaş Türkiyə ilə birlikdə böyük uğurlara imza atır. Azərbaycan bu gün Avropanın neft və qaz təchizatının etibarlı tərəfdaşına çevrilib. Azərbaycan bu gün Avropaya yaşıl enerji ixracı kimi Transmilli bir layihəyə start verib. 

Bütün bunlar ortadaykən Azərbaycanla hesablaşmamaq mümkün deyil. Bu gün bütün bu uğurların fonunda Qərbdə də, Şərqdə də böyüklüyündən, kiçikliyindən asılı olamayaraq bütün ölkələr Azərbaycanla əməkdaşlığa can atır. Bu gün Azərbaycan bütün dünyada beynəlxalq tədbirlərin keçirildiyi ən yaxşı məkanlardan biri kimi təqdim olunur və ölkəmiz bu tədbirləri bənzəri olmayan bir şəkildə - başqa ölkələrdə keçirildiyindən daha maraqlı və daha səmərəli keçirməyi bacarır. Bu gün hətta böyük dövlətlər arasında münaqişələrin həllinə dair yüksək səviyyədən olan görüşlərin məhz Azərbaycanda keçirilməsi məsləhət bilinir. 

Düşünürəm ki, bütün bu sadaladıqlarımızın fonunda, son zamanlar bir çox ölkələrin Azərbaycanla yaxından əməkdaşlığa can atması təbidir. Belə bir ölkə ilə kim dostluq və əməkdaşlıq etmək istəməz ki...".

Sabiq nazir qeyd etdi ki, strateji tərəfdaşlıq haqqında bəyannamənin ölkələrimiz üçün hansı əhəmiyyət daşıyacağını hər iki Prezidentin səsləndirdiyi fikirlərdən daha aydın görə bilərik. Prezident İlham Əliyev tacikistanlı həmkarı ilə keçirilən görüşü və müzakirələri yüksək qiymətləndirərək dövlətlərarası münasibətlərin ən yüksək səviyyəyə çatdığını bəyan etdi. Verilən açıqlamalardan da aydın olur ki, Tacikistan prezidentinin Bakıya səfəri ölkələr arasında qarşılıqlı əlaqələrin bütün spektrlər üzrə daha sürətlə inkişafına təkan verəcək".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR