Onlayn ictimai-siyasi qəzet
Müasir dövrümüzdən fərqli olaraq SSRİ dövründə şəxsi “Mercedes” avtomobilinə sahib olmaq adi hal sayılmayıb. Yalnız tanınmış şəxsləri, kosmonavtları, idmançıları, incəsənət adamlarını bu maşının sükanı arxasında görmək mümkün olub. Düzdür, çoxlarının “Mercedes” almaq üçün maddi imkanı çatıb. Ancaq “yuxarıların” sorğu-sualı onları bu arzudan çəkindirib. Ümumiyyətlə sovet dövründə qeyri-qanuni yollarla zənginləşən insanlar üçün pul xərcləmək problemə çevrilib. Onlar hətta sovet istehsalı olan avtomobillərə belə sahib olmaqdan qorxublar. Elə bu səbəbdən də maşın uduşlu lotereyalar üç-dörd qat bahasına satılıb.
SSRİ Nazirlər Soveti sədrinin müavini, eyni zamanda Dövlət Tikinti Komitəsinin sədri (nazir statuslu) İqnati Novikov isə 1980-ci illərdə özünün son model “Mercedes”i ilə Moskva küçələrində şütüməkdən nə qorxub, nə də çəkinib. Belə ki, bu komfortlu avtomobil ona Beynəlxalq Olimpiya Komitəsi tərəfindən hədiyyə edilib. Məmurlar arasında özünə güvənməyi, arxayınlığı, pafosu ilə fərqlənən Novikov həmkarları ilə ünsiyyətdə həmişə sərhəd saxlayıb. Amma maşın məsələsində o, sahib olduğu “Mercedes” haqqında tez-tez söhbət açaraq narazılığını bildirib:
Nəhayət, günlərin birində Novikov bu narazılığına son qoyub, tanışlarının biri ilə öz “Mercedes”ini təzə “Niva” ilə dəyişib.
Bu maşın mübadiləsi Kreml dəhlizlərində yeni atmacalara səbəb olub, “Novikov maşın məsələsində kommunist xəttini bərpa etdi”, “Novikov sübut etdi ki, kommunizmə doğru yalnız yerli avtomobillərlə irəliləmək olar” kimi fikirlər səsləndirilib. Amma kimsə bu atmacaları Novikovun üzünə deməyə cürət etməyib.
Novikov SSRİ-nin siyasi elitasında “anlaşılmaz şəxs” kimi tanınıb. Xruşşovun hakimiyyəti illərində onun siyasi karyerasında yüksəliş başlayıb. Qorkidə, Saratovda, Kermençuqda zavodlarda sex rəisi, mühəndis, direktor işlədikdən sonra o, Moskvaya dəvət alıb. Kremldəki onun əsas dayağı Leonid Brejnev olub. Onlar orta məktəbdə bir sinifdə, institutda eyni qrupda oxuyublar. Artıq 1962-ci ildə Novikov Brejnevin dəstəyi ilə SSRİ energetika naziri vəzifəsinə təyinat alıb.
Dəstəyi Brejnevdən alsa da Novikov hələ hakimiyyətdə olan Xruşşovla da münasibətlərini tənzimləyə bilib və onun rəhbərliyə münasibəti çoxlarını təəccübləndirib. Məsələn, 1962-ci ildə Novikov SSRİ-də tikilən ən böyük su anbarlarının birinin layihəsini Xruşşova təqdim edəndə həmin layihənin ərazisində olan rayonların birinin adını “Xruşşov” rayonu adı ilə göstərib. Layihə ilə əvvəlcə Aleksey Kosıgin tanış olub. Novikovun bu qeydi Kosıgini təəccübləndirib. Nəyə görə belə etdiyini soruşanda isə cavab onu daha da təəccüblənidirb:
Kosıgin ona özünəməxsus cavab verib:
Bu cür gedişlərlə Novikov vəzifə karyerasında sürətlə irəliləyib və 1962-ci ilin sonunda isə ona daha böyük vəzifə, SSRİ Nazirlər Soveti sədrinin müavini, eyni zamanda SSRİ Dövlət Tikinti Komitəsinin sədri vəzifəsi həvalə edilib.
Brejnevin hakimiyyətə gəlişindən sonra Novikov üçün daha geniş imkanlar yaranıb. Brejnev sinif və qrup yoldaşına böyük səlahiyyətlər verib. Bununla yanaşı bir çox məslələr Brejnevlə Novikov vasitəsi ilə razılaşdırılıb.
Təbii ki, bu cür yaxınlıq Kreml məmurları tərəfindən birmənalı qarşılanmayıb. Xüsusilə, DTK sədri Yuri Andropov Novikovun sərhədsiz səlahiyyətlərini həzm edə bilməyib.
1974-cü ildə Beynəlxalq Olimpiya Komitəsinin Vyanada keçirilən sessiyası 22-ci Yay Olimpiya Oyunlarının SSRİ-də keçirilməsi haqqında qərar qəbul edəndə bu mötəbər tədbirin SSRİ-də keçirilməsi beynəlxalq müstəvidə siyasi hadisə kimi qiymətləndirib. Bu məsuliyyəti dərk edən Kreml oyunlara ciddi hazırlıq işlərinə başlayıb. Qarşıya çıxan ilk sual isə Olimpiya oyunlarının təşkilat komitəsinə kimin rəhbərlik edəcəyi ilə bağlı olub. Brejnev Novikovun təşkilat komitəsinin sədri olması ilə bağlı təşəbbüs irəli sürüb. Bu təşəbbüsə qarşı çıxan ilk şəxs də Yuri Andropov olub. Ümumiyyətlə, Andropov Novikovu mütəxəssis kimi dəyərləndirsə də, onu siyasi fiqur kimi qəbul edə bilməyib. Müzakirələr çox da davam etməyib. Brejnev Novikovla bağlı qərarını dəyişməyib.
Olimpiya oyunları təşkilat komitəsinin sədri kimi Novikov bütün gücünü sərf edib. Bu da bir faktdır ki, 64 ölkənin boykot etdiyi və SSRİ-də keçiriləcəyi artıq şübhə altına düşən 22-ci Yay Olimpiya Oyunlarının baş tutmasında Novikovun xidmətləri həm Beynəlxalq Olimpiya Komitəsində, həm də Kremldə yüksək qiymətləndirilib. Yuxarıda qeyd etdiyimiz “Mercedes” də Novikova məhz bu xidmətlərinə görə hədiyyə edilib.
1980-ci ildə Brejnevin bağ evində Novikovun SSRİ Nazirlər Sovetinə sədr gətirilməsi məsələsi də müzakirə edilib. Ancaq baş katibin yaxın ətrafı onu bu fikirdən daşındırıb.
Andropov baş katib kürsüsünə əyləşəndən sonra Novikovun vəzifə karyerasına son qoyulub. 1983-cü ildə Rostovda inşa edilən “Atommaş” zavodunda tikinti işlərində böyük nöqsanların olması haqqında Andropova məruzə edilib. Bu məsələ Nazirlər Sovetində müzakirə olunmalı halda, Andropov onu Siyasi Büronun iclasına çıxarıb. İclasda Novikov ona ünvanlanan sualların heç birinə cavab verməyib. O, yaxşı anlayıb ki, Andropovun bu iclası keçirməkdə məqsədi heç də zavodun inşasındakı problemləri qabartmaq yox, onu vəzifədən uzaqlaşdırmaqdır. Büro Novikovun bütün vəzifələrdən azad olunması ilə bağlı qərar çıxarıb. Sonda Novikov Andropova müraciət edib:
Vəzifədən uzaqlaşdırıldıqdan sonra Novikov bir daha siyasi səhnəyə qayıtmaq haqqında düşünməyib. 1993-cü ildə vəfat edən sabiq nazir təqaüddə olduğu illərdə təkcə bir dəfə, 1984-cü ilin fevral ayında Kremlə müraciət edib, o, Andropovun dəfn mərasimində Qırmızı meydandakı fəxri kürsüdə dayanmaq istədiyini bildirib.
İlham Cəmiloğlu, Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ