Onlayn ictimai-siyasi qəzet
"Fələstin-Ermənistan dostluğunun kökləri haradan qaynaqlanır... Nədən bu iki xalq özlərini qardaş kimi yaxın hesab edirlər? Bu, həqiqətən, belədirmi? Bütün bu suallar Azərbaycan cəmiyyətində də çoxlarını maraqlandırır. Hətta fələstin hökumətinin rəhbərlərinin erməniləri dəstəkləyən bəyanatlarının zaman-zaman Azərbaycan cəmiyyətində qıcıq yaratdığı hallar da az olmayıb. Bu münasibətlərin uzaq keçmişinə toxunmadan, yaxın keçmişdə onların arasında dostluğun, qardaşlığın necə yaranmasına dair bir araşdırma apardım".
Bu fikirləri Musavat.com-a sabiq maliyyə naziri, professor Fikrət Yusifov bildirib.
O, erməni şərqşünas, erməni-ərəb məktəbinin tanınan siması, Ermənistan Milli Elmlər Akademiyasının müxbir üzvü olmuş və erməni ərəb məktəbinə 40 ildən çox rəhbərlik etmiş Nikolay Oqanesyanın dediklərinə diqqət çəkir:
"Bütün hallar üçün Ermənistanda ərəb dünyasını onun qədər yaxından tanıyan və tarixdə fələstinlilərlə ermənilər arasında yaranmış dostluğun, qardaşlığın köklərini onun qədər dərindən bilən birisini tapmaq çətindir.
N.Oqenesyan deyir ki, 1973-cü ildə Livanda baş verən vətəndaş müharibəsində orada yaşayan erməni icması üçün çox ağır bir durum yaranmışdı. Ölkədə ən böyük xristian icmasına başçılıq edən maronetlər bütün digər xristian icmalarını onlara tabe olmasını tələb edirdilər. Erməni icması maronetlərin bu təklifini qətiyyən qəbul etmək istəmir və onlara qarşı silahlı müqavimət göstərməyə hazırlaşırlar. Lakin qüvvələr nisbəti bərabər olmadığından, ermənilərin bu toqquşmada uduzacağı şübhə doğurmur. Bu zaman Fələstin lideri Yasər Ərəfat özünün xüsusi nümayəndəsini erməni icmasının başçılarının yanına göndərir. Nümayəndə icmanın başçılarına Y.Ərafatın bu sözlərini çatdırır: - Fələstinin bütün hərbi qüvvələrini erməniləri müdafiə etmək üçün göndərməyə hazıram. Bu bəyanat yayıldıqdan sonra fələstinlilərlə düşmən olan maronetlər erməni icmasına qarşı basqıları durdururlar. Onun sözlərinə görə eyni qaydada ermənilər 1980-ci ildə İordaniyadan qovulub Livanda əsaslanmış fələstinlilərə yardım göstərmiş və maronetlərin mühasirəsində qalmış fələstin əsgərlərini ölümdən xilas etmişdilər.
N. Oqenesyanın söylədiklərinə əlavə olaraq bildirmək lazımdır ki, hələ Sovetlər dönəmində Fələstin lideri Yasir Ərəfat Ermənistana iki dəfə səfər etmiş və hər dəfə onu Ermənistanda böyük təmtəraqla qarşılamışdılar. Onun birinci səfəri 1969-cu ildə baş tutmuşdu. Moskvaya gəlib oradan İrəvana uçan Y.Ərəfat həmin vaxt Qərb tərəfindən bir saylı terrorçu hesab olunurdu.
1980-ci ildə Moskva səfərindən sonra Ermənistana ikinci dəfə gəlmiş Yasir Ərəfat o vaxt Ermənistan respublikasının rəhbərləri ilə görüşü zamanı hətta erməniləri şoka salan bu fikirləri səsləndirmişdi: - Siz mübariz xalqsınız, biz sizdən həmişə nümunə götürmüşük. Lakin bir səhviniz var, o da bundan ibarətdir ki, başqa məmləkətlərə köçərkən, o yerlərdə özünüzə mülklər tikirsiniz və ya onları pulla alırsınız. Bu, sizin bir xalq olaraq səhvinizdir. Belə səhvə yol verən xalqlar sonda öz torpaqlarına qayıtmaq hislərini itrir və beləliklə o xalqların dövlətinin mövcudluğu təhlükə altına düşür".
Ekspert əlavə edir ki, Y.Ərəfatın 2000-ci ildə Kemp-Deviddə ABŞ-nin Yerusəlimi bölmək təklifinə qarşı verdiyi bəyanat da çox düşündürücüdür:
"O zaman Y. Ərəfat Birləşmiş Ştatların prezidenti B.Klintona belə demişdi: - Yerusəlimdəki erməni məhləsi bizə aiddir. Biz və ermənilər bir xalqıq. Mənim adım Yasir Arafat deyil, Yasir Arafatyandır. Mən öz erməni qardaşlarıma xəyanət etmərəm. Baxın, Fələstin liderinin erməni sevgisinə…
Hesab edirəm ki, bütün bu deyilənlərdən sonra insanlarda erməni-fələstin sevgisinin köklərinin haradan qaynaqlandığına şübhə qalmayacaq".
Afaq Mirayiq,
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ