Onlayn ictimai-siyasi qəzet
“Azərbaycanca vikipediyada şəhidlərimiz haqqında məqalələrin silinməsi ilə bağlı mənə də çox sayda tanış-biliş suallar ünvanlayır. Mən 2007-ci ildən azərbaycanca vikipediyanın idarəçilərindən biriyəm. Amma son 3-4 ildə azərbaycanca vikipediyada olan haqsızlıqlar heç bəlkə onun buna qədər bütün tarixində olmayıb. Dəfələrlə vikipediyanın özündəki müzakirələrdə bu haqda yazdığıma, hətta müəyyən məsələlər haqqında “525-ci qəzet”ə bir müddət qabaq açıqlama verdiyimə görə, burada da bununla bağlı qısaca yazacağam”.
Musavat.com xəbər verir ki, bunu illərin vikipediaçısı, hazırda Azərbaycan dilində olan vikipediayada inzibati şəxslərdən biri, Xalq şairi Ramiz Rövşənin oğlu Rövşən Əliyev deyib.
O bildirib ki, son bir neçə ildir azərbaycanca vikipediyada bir qruplaşma yaranıb, o qruplaşmanın təmsilçiləri səsvermələrin nəticələrinə təsir edə biləcək səviyyədə azərbaycanca vikipediyanın idarəçilərinin sıralarına da sızıblar.
“Qruplaşmaya daxil olmayan inzibatçıların müəyyən hissəsini səsvermə yolu ilə idarəçilikdən uzaqlaşdıra biliblər. Yəni o qruplaşma hazırda Azərbaycan dilində olan vikipediyada hansı vikipediyaçının bloklanmasına, kimin idarəçi olmasına, hansı məqalənin silinməsinə, hansının qalmasına qərar verir.
Aktiv vikipediyaçılar da bilir ki, bu qruplaşmaya ən böyük etiraz edənlərdən biri mənəm, məni də uzaqlaşdırmaq üçün gah səsvermə keçirirlər, gah müzakirə açırlar – hələ ki, bir şey çıxmır, çünki azərbaycanca vikipediyada hələ müəyyən qədər bitərəf, qruplaşma üzvü olmayan vikipediyaçı var.
Amma bitərəf vikipediyaçıları bir az da “seyrəldəndən” sonra bu istəklərinə də nail olacaqlar. Məqalə silinməsinə gəldikdə - o qədər gərəkli məqalə siliblər ki... Şairlər, yazıçılar, alimlər, jurnallar, qəzetlər haqqında... Birinə yazırsan ki, bunu belə etməyin, silməyin, 5-i birdən tökülüşüb gəlir ki, vikipediya prinsipinə görə bu silinməlidir. Son vaxtlar azərbaycanca vikipediyada qəbul olunan müəyyən prinsipləri, xüsusilə də administrativ alətlərin idarəsi ilə bağlı olan prinsipləri də öz istəklərinə uyğunlaşdıra biliblər.
Adam illərlə zəhmət çəkib yazdığı məqalələrin bir anda silindiyini görəndə əlbəttə ki, həvəsdən düşür. Ona görə mən son vaxtlar çiçək-böcək haqqında məqalələri redaktə edirəm, çünki istənilən bitki və heyvan növü ensiklopedik sayılır, bu, ümumvikipediya prinsipidir. Amma məsələn, bizim “ağıllı” vikipediyaçılar bir prinsip quraşdırıb Səməd Vurğunu da qeyri-ensiklopedik şəxs çıxara bilərlər. Bir də ki, məqalələrini sildirdikləri alimləri, ziyalıları tanısaydılar, jurnalları, qəzetləri oxusaydılar, nədənsə xəbərləri olmuş olsaydı, dərd yarıydı.
Nəsə.. Son vaxtlar azvikidə gedən proseslərlə bağlı sadəcə 3 kəlmə deyə bilərəm. Təəssüf... təəssüf və təəssüf...”.
Şahanə Rəhimli,
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ