İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mən Allahım qarşısında günahkar ola bilmərəm, siz isə vicdansızsınız” – marşaldan Xruşşova sillə kimi sözlər...

1938-ci ildə onun haqqında casusluq ittihamı irəli sürüləndə, general Matvey Zaxarov Kliment Voroşilovun vasitəsi ilə Stalinin qəbuluna düşə bilib.

O, kabinetə daxil olan kimi hərbi qaydada Stalini salamlayıb və heç bir təklif, söz gözləmədən birbaşa fikrini bildirib:

  • Yoldaş Stalin, siz məni elə bu kabinetdə güllələyə bilərsiniz, amma heç kim məni casusluqda ittiham edə bilməz.

Söhbətin nədən getdiyini tam anlamayan Stalin generala əyləşmək üçün yer göstərib. Kiçik dialoqdan sonra o, Voroşilova göstəriş verib:

  • Zaxarov haqqında təkrar araşdırmalar aparın və mənə məruzə edin.

Bu göstərişdən sonra bir neçə gün ərzində general haqqında araşdırmalar aparılıb, “NKVD”-nin Zaxarov haqqında Stalinə təqdim etdiyi məxfi arayışda casusluq faktı öz təsdiqini tapmayıb. Bu yanlışlığa görə Stalin “NKVD” başçısı Nikolay Yejovu ciddi şəkildə tənbeh edib.

Maraqlıdır, özünü müdafiə etmək üçün Stalinin qəbuluna düşə bilən və özündə cürət tapıb sovet liderinə günahsız olduğunu sübut edən Zaxarov kim olub?

Matvey Zaxarov 1898-ci ildə Tverdə anadan olub. Hələ uşaq yaşlarında olarkən ailə Leninqrada köçüb. Zaxarov burada orta hərbi təhsil verən məktəbdə oxuyub. Birinci dünya müharibəsi illərində o, müdafiə sənayesi zavodunda işləyib. Zaxarov 1917-ci il noyabr inqilabının fəal iştirakçılarından biri olub, Qış Sarayının alınmasında fəallığı ilə fərqlənib. Həmin ərəfədə gələcəyin marşalına bir müddət Leninin mühafizəçisi olmaq kimi məsuliyyətli bir iş də həvalə olunub.

Matvey Zaxarov Frunze adına Hərbi Akademiyada və Baş Qərargah yanında Ali Hərbi Akademiyada təhsilini davam etdirib. Belarusiya və Leninqrad Hərbi Dairələrində müxtəlif vəzifələrdə çalışan Zaxarov 1938-ci ildə Baş Qərargah rəisinin köməkçisi vəzifəsinə təyin edilib.

Yuxarıda qeyd etdiyimiz kimi qanlı repressiya illərində Zaxarov haqqında Stalinə rəsmi məlumat təqdim edilib və onun eston cəsusu olduğu göstərilib. Təkrar araşdırmada casusluq faktı təsdiq olmasa da, Zaxarov Baş Qərargahdan uzaqlaşdırılıb.

1940-cı ildə Odessa Hərbi Dairəsinə qərargah rəisi təyin edilən Zaxarov elə müharibəni də orada qarşılayıb. Onun yaratdığı ehtiyat korpusu Moskvanın müdafiəsinə göndəriləndə və keçirilən hərbi əməliyyatlarda uğur qazananda Zaxarov Stalindən ilk rəsmi təşəkkürünü alıb.

Müharibənin başlandığı gündən sonuna qədər Zaxarov ən ağır cəbhələrdə xidmət edib. Müharibədən sonra isə o, Leninqrad Hərbi Dairəsinin komandanı vəzifəsinə təyinat alıb. 1957-1960-cı illərdə  artıq marşal rütbəsini daşıyan Zaxarov Almaniyada sovet qoşunlarının komandanı vəzifəsində xidmət edib.

1960-cı ildə Nikita Xruşşov Zaxarovu qəbuluna dəvət edib. Marşal sonralar öz xatirələrində bu dəvət haqqında yazıb:

“Mən Xruşşovun dəvətinin hansı məqsədlə olduğunu bilirdim. Bir neçə dəfə ona xidməti yerimi dəyişməklə bağlı müraciət etmişdim. Leninqrada qayıtmaq istəyirdim. Düşünürdüm ki, Xruşşov məni Moskvaya elə bu məqsədlə çağırır. Amma düşündüyüm kimi olmadı. O, məni yüksək əhvalla qarşıladı və dəvətinin məqsədini açıqladı:

  • Artıq Moskvaya gəlməyinizin vaxtıdır. Mən qərar qəbul etmişəm, siz isə hərbçi kimi bu qərardan imtina edə bilməzsiniz. Sizə Almaniyada təhvil-təslim üçün yeddi gün vaxt verilir. Oradakı işlərinizi təhvil verib yeni vəzifənizin icrasına başlayın.

Mən ona təşəkkürümü bildirdim:

  • Mən Leninqradda böyümüşəm, bu şəhər mənim üçün çox doğmadır. Təşəkkür edirəm ki, müraciətimə müsbət cavab verdiniz.
  • Siz nəyi nəzərdə tutursunuz? Hansı Leninqraddan danışırsınız? Siz Baş Qərargah rəisi təyin edilirsiniz...

Əlbəttə, bu təyinat gözlənilməz idi və açığını deyim ki, mən bu vəzifəni arzulamırdım. Amma nəyi isə dəyişmək də mümkün deyildi. Kabineti tərk edəndə Xruşşovun son sözləri məni çox narahat etdi:

  • Heç nədən narahat olmayın, biz nə deyəciyiksə, siz də onu icra edəcəksiniz. Belə olan halda həm sizə, həm də mənə rahat olacaq...”

Beləliklə, Matvey Zaxarov 1960-cı ildə Baş Qərargah rəisi vəzifəsinə təyin edilib. Təyinatdan çox keçməmiş Zaxarovla Xruşşovun arasında xoşagəlməz münasibətlər yaranıb. Zaxarov hər dəfə Xruşşovun yanında olanda Xruşşov ona xidməti işə aid olmayan məsələlərdən danışıb, xüsusilə də vaxtilə Stalinin “yarıtmaz” siyasətindən. Bu söhbətlərdə Xruşşov Zaxarovun dilindən Stalinin ünvanına tənqid eşitməyib.

Nəhayət, belə görüşlərin birində Xruşşov marşalla daha açıq söhbət edib:

  • Siz necə qəbul edirsiniz ki, müharibə dövründəki xidmətlərinizin hamısı Stalinin adına çıxılır. Axı, döyüşən də siz olmusunuz, qələbəni də siz qazanmısınız. Mən sizin müharibədəki xidmətlərinizə yaxşı bələdəm, yüksək peşəkarlığınızdan, göstərdiyiniz qəhrəmanlıqlardan xəbərdaram. Bəs niyə susursunuz, niyə mətbuatda çıxış edib demirsiniz ki, hərbi əməliyyatların keçirilməsi ilə bağlı müşavirələrdə Stalin xəritədən istifadə edə bilməyib, əməliyyat ərazilərini qlobusda göstərib, niyə susursunuz...

Zaxarov ayağa qalxaraq Xruşşovun sözünü yarımçıq kəsib:

  • Xeyr, yoldaş Xruşşov, mən bunu bacarmaram, Stalin mənim üçün böyük sərkərdədir və qələbənin təmin olunmasında onun danılmaz xidmətləri olub. Mən Allahım qarşısında günahkar ola bilmərəm, siz isə vicdansızsınız.

Bir neçə gündən sonra Mərkəzi Komitədə keçirilən iclasda Zaxarov Xruşşovun hədəfinə düşüb. Xruşşov marşalı “Stalinizm hərəkatının yaradıcısı” adlandırıb. Zaxarov Baş Qərargah rəisi vəzifəsindən azad edilib və hərbi akademiyaya rəis təyin edilib.

Xruşşovun devrilməsindən sonra Matvey Zaxarov əvvəlki vəzifəsinə, Baş Qərargah rəisi və müdafiə nazirinin birinci müavini vəzifəsinə qaytarılıb.

1967-ci ildə SSRİ müdafiə naziri Rodion Malinovski vəfat etdikdən sonra Brejnev Zaxarovu müdafiə naziri vəsifəsinə təklif edib. Marşal bu vəzifədən qəti şəkildə imtina edib:

  • Leonid İliç, bu mənim üçün böyük etimaddır. Amma nazir vəzifəsi həm də siyasi postdur, mən isə hərbçiyəm, Baş Qərargahda dövlətimizə daha çox xeyir verə bilərəm.

Matvey Zaxarov 1971-ci ilə qədər bu vəzifədə çalışıb. Marşal 1972-ci ildə, 73 yaşında vəfat edib.

İlham Cəmiloğlu, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR