İnsanlara hürriyət, millətlərə istiqlal!

Məmurlara “dövlətimizi sarsıtmağa imkan verməyəcəyik” mesajı - bu, son həddir...

Ekspertlər hesab edir ki, Prezidentın çıxışı həm də xalqa çağırışdır

Prezident İlham Əliyev 25 iyul tarixli sərəncamı ilə Şahin Məmmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. Digər sərəncamla Araz Əhmədov bu vəzifəyə təyin edilib. Qeyd edək ki, Ş.Məmmədov cəmi 3 il əvvəl 2019-cu ilin noyabrında Masallıya icra başçısı təyin edilmişdi. Dövlət başçısı Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı, Elvin Paşayevi isə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edib. Prezident hər üç icra başçısını qəbul edib.

Dövlət başçısı deyib ki, ilk növbədə, rayonlarda vəziyyət geniş təhlil olunmalıdır, mövcud nöqsanlar aşkar edilməli və aradan qaldırılmalıdır: “Bilirsiniz ki, bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilmişdir, bəzilərinin hökmü verilmişdir, bəzilərinin işləri məhkəmədədir. Bu onu göstərir ki, heç kim qanundan üstün ola bilməz. Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar. Əfsuslar olsun ki, bəziləri əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər. Bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır”.

Prezident deyib ki, idarəetmədə çox ciddi islahatlar və təmizləmə işləri aparılır: “Hakimiyyət təmizlənir və insanlar da bunu görürlər. Ona görə siz dövlət məmurları kimi bu hallara çox ciddi fikir verməlisiniz. Bunu mən sizə deyirəm və bütün dövlət orqanlarının nümayəndələrinə deyirəm, eyni zamanda, qanunsuz işlərlə məşğul olmaq istəyən insanlara deyirəm: əl çəkin bundan! Cəzalandırılacaqsınız və cəzalandırılırlar. Biz kiminsə tamahına, kiminsə şəxsi maraqlarına görə ölkəmizin uğurlu inkişafına kölgə sala bilmərik”.

Prezident yüksək vəzifəyə yeni təyinat alanların rəhbərlik edəcəyi rayonlarda ictimai nəzarətdən çəkinməməyə çağırıb: “İctimai nəzarət, ictimaiyyətin fəallığı, mövcud olan problemlərə dövlət orqanlarının diqqətinin cəlb edilməsi sizin işinizə kömək göstərəcək. Ona görə insanlarla bir yerdə olmalısınız, ictimaiyyətlə bir yerdə olmalısınız və biz ancaq bu yolla ölkəmizi inkişaf etdirə bilərik. Hansısa dövlət məmuru əgər öz vəzifə borcunu şərəflə yerinə yetirmirsə, əlbəttə ki, o, cəzalandırılacaq. İmkan verə bilmərik ki, bizim uğurlu inkişafımıza kimsə kölgə salsın, kimsə hansısa yerdə özü üçün rüşvətxorluq yuvası qursun və dövlətimizin əsaslarını sarsıtsın.Bax, mənim sizə göstərişlərim bundan ibarətdir. Mən sizdən fəal iş gözləyirəm, nəticə gözləyirəm”.

Hikmət Babaoğlu: “AXC-Müsavat cütlüyü BMT Təhlükəsizlik Şurasının 5 üzvünə  qarşı ərazi iddiası irəli sürmüşdü”

Hikmət Babaoğlu

YAP-çı deputat Hikmət Babaoğlu dövlət başçısının dedikləri ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “Prezident yerli icra hakimiyyəti orqanlarına yeni başçılar təyin edərkən çox mühüm məsələlərə toxundu. Bunların bir qismi ölkəmizdə görülən işlər və onların gələcək inkişafımızla bağlı yaratdığı perspektivlərlə əlaqədar idisə, digər bir qismi bu islahatların keyfiyyətini təyin edəcək kadrlar və onların davranışları ilə bağlı idi.  Prezidentin səsləndirdiyi fikirlərdən bir daha aydın oldu ki, idarəetmədə bəzi rəhbər kadrların yerində olmaması dövlət siyasətimizə kölgə salır. Yeni kadrlar bunları nəzərə almalı, vətəndaşlarla birbaşa ünsiyyət qurmalı, problemləri onların özündən dinləməli, təşəbbüskar olmalı, korrupsiyaya və rüşvətxorluğa qarşı qətiyyətli mübarizə aparmalıdırlar. Ona görə də Prezident İlham Əliyevin verdiyi tapşırıqlar və qoyduğu tələblər məmur obrazını kökündən dəyişən və idrəetmənin fəlsəfəsində yeni məntiqini yaradan tapşırıq və tələblər idi. Biz bilirik ki , hələ 2021-ci ildə Azərbaycan Prezidenti ölkəmizin sosial-iqtisadi inkişafına dair milli prioritetlərin müəyyən edilməsi istiqamətində mühüm bir qərar qəbul edərək 2021-2030-cu illərdə onların reallaşdırılması istiqamətində müvafiq qurumlara konkret tapşırıqlar vermişdi. 9 ay müddətində Nazirlər Kabineti 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkşaf strategiyası ilə bağlı fəaliyyət proqramı hazırlamalı və onun həyata keçirmə prinsiplərini müəyyən etməli idi. Hazırda Mili İnkişaf Prioritetlərimiz əsasında formalaşdırılan bu fəaliyyət proqramının icrası ilə bağlı işlərin həyata keçirilməsinə başlanılır. Milli İnkişaf Prioritetlərimiz müəyyənləşdirilərkən hər şeydən öncə bu günə qədərki inkişafımızın yeni inkişaf üçün əsaslar yaratması nəzərə alınıb. Yəni 2030-cu ilə qədər elan olunan prioritetləri realizə etmək üçün ötən illər ərzində əsaslı sosial-iqtisadi baza formalaşdırılıb. Prioritetlər isə özlüyündə olduqca strateji xarakter daşıyır. Eyni zamanda təkcə sosial -iqtisadi sahəni əhatə etmir. Çünki bu prioritetlərə dayanıqlı və rəqabət qabiliyyətli iqtisadiyyatla bərabər eyni zamanda inklüziv və ədalətli cəmiyyət prinsipləri də daxildir. Yaxud innovativ texnolojilərin tətbiqi məsələləri ilə bərabər rəqabət qabiliyyətli insan resurslarının yetişdirilməsi, yaxud böyük qayıdışla bağlı müddəalar da daxildir. Yəni 2030-cu ilədək reallaşdırılması nəzərdə tutulan Milli İnkişaf Prioritetləri kompleks və sistemli prioritetlərdir. Elə yeni kadr təyinatları və onların qarşısında müəyyənləşdirilən vəzifələr də milli inkişafımızın prioritetlərinə və onların realizə olunmasına hesablanmışdı”.

Elçin Mirzəbəyli: Azərbaycan döyüş meydanında olduğu kimi hüquq  müstəvisində də Ermənistanı məğlub etdi - AZƏRTAC

Elçin Mirzəbəyli

BAXCP sədrinin müavini, əməkdar jurnalist, politoloq Elçin Mirzəbəyli ölkə başçısının çıxşında çox ciddi mesajların verildiyini qeyd etdi: “Azərbaycan Prezidentinin ölkədə həyata keçirilən islahatları sabotaj etməyə, milli birliyimizə, həmrəyliyimizə zərbə vurmağa çalışan keçmişin qalıqlarına və onların ”müasirliklə" maskalanmış əlaltılarına, həmçinin ölkənin sərhədlərindən kənardakı uzantılarına münasibətdə “dövlətimizi sarsıtmağa imkan verməyəcəyik” deməsi çox ciddi mesajdır. Bu, həm də xalqa çağırışdır. Çünki Prezident İlham Əliyevin yeni təyin olunan icra hakimiyyəti başçılarına yerlərdə vətəndaşlarla bir yerdə olmağı tapşırması da bunu sübuta yetirir. Dövlət başçısının yeni təyin olunan icra başçılarına göstərişlərinin içərisində bir məqam diqqətimi xüsusi olaraq çəkdi. İlham Əliyev dedi ki, “insanlarla bir yerdə olmalısınız, ictimaiyyətlə bir yerdə olmalısınız və biz ancaq bu yolla ölkəmizi inkişaf etdirə bilərik”. Bu, Azərbaycan xalqının birliyinin, dövlətimizin inkişafının təmin edilməsinin əsas düsturudur. Ölkəmizi inkişaf etdirməyin yolu obyektiv informasiyaya malik olmaqdan, məlumatları ilkin mənbədən almaqdan, islahatları bu prosesin əsas hədəfi olan ninsanlarla birlikdə həyata keçirməkdən keçir. Bunun alternativi yoxdur. İslahatların mahiyyətini insanlara bütün incəliklərinədək izah etmək, onların passionar enerjisini hərəkətə gətirmək və vətəndaşları islahat prosesinin əsas mexanizminə çevirmək lazımdır. Azərbaycan xalqının mütləq əksəriyyəti öz dövlətini, Vətənini çox sevir, liderinə güvənir, onun Azərbaycanı indikindən dəfələrlə güclü olan bir dövlətə çevirmək niyyətinə və bunun üçün aydın baxış bucağına malik olduğuna inanır. Bu reallıqdır. Amma cəmiyyətimizin parçalanmasına xidmət edən mesajlarla və davranışlarla öz ənənəvi mövqelərini qorumağa çalışan, xeyirə qarşı çevik toparlanmağı bacaran, Azərbaycan xalqının birliyini, dövlətinə olan etimadını sarsıtmağa çalışan bəzi qruplar bütün mümkün vasitələrdən istifadə edərək, bu reallığı dəyişməyə çalışırlar. Uzun illərdir bəzi fərdləri və qrupları uzaqdan da olsa müşahidə edən bir təhlilçi kimi bu fərdlərin və qrupların zaman-zaman bir-birilərinə savaş açdıqlarına baxmayaraq, ölkədə sağlam ictimai-siyasi münasibətlərin formalaşması, intellektual, vətənsevər, işgüzar insanların önə çıxması üçün əlverişli zəmin yarandığı zaman ildırım sürəti ilə necə bir araya gəldiklərinin şahidi olmuşam. Bir az metofarik görünsə də, bəşəriyyət yarandığı gündən xeyirlə şərin, işıqla qaranlığın savaşı gedir və bu savaş bu gün də var, bəzən görməsək də, hiss etməsək də hər birimiz bu savaşın içərisindəyik. Məhz bu baxımdan, şərin yanında olanlar öz mənafeləri naminə  bir araya gəlməyi bacardıqları kimi, xeyrə xidmət edənlər də saniyələr içərisində toparlanmağı, hücum mövqeyində dayanmağı, dövlətin maraqlarını, ictimaiyyətin mənafeyini tərəddüd etmədən müdafiə etməyi bacarmalıdırlar".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR