İnsanlara hürriyət, millətlərə istiqlal!

Məmməd İsmayıl son mənzilə sazla yola salındı- TƏSİRLİ GÖRÜNTÜLƏR

Musavat.com -un xəbər verdiyi kimi Azərbaycan poeziyasının və Türk dünyasının böyük imzalarından biri, professor, milliyyətçi düşüncənin yorulmaz carçısı şair Məmməd İsmayıl 86 yaşında vəfat edib.

Məmməd İsmayıl bu gün saz sədaları altında, Tovunun tanınmış sənətçisi aşıq Şəhriyarın ifasında "Ruhani" havası ilə son mənzilə yola salınıb.

O, öz doğulduğu Əsrik kəndində, israrlı vəsiyyətinə əsasən, anasının yanında dəfn olunub.

Onun dəfn mərasimində doğmaları, sevənləri, sənət dostları, ictimai xadimlər iştirak ediblər.

Musavat.com bildirir ki, 1939-cu ildə Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində doğulan Məmməd İsmayıl gənc yaşlarından sözə könül verib. Bakı Dövlət Universitetini bitirib, Moskva Ali Ədəbiyyat Kursunu tamamlayıb. Ədəbi mühitə gəldiyi ilk gündən millətinin sözünü, dərdini, ağrısını dilə gətirib.

Azərbaycan Dövlət Televiziyasının rəhbəri olduğu dövrdə milli mədəniyyətin, sözün və düşüncənin efirdə təbliğinə önəm verib. “Gənclik” jurnalına rəhbərlik edərək, onun nəzdində “Gənclik" Ədəbiyyat Dərnəyi yaradıb. Bu ocaqdan onlarla yeni imza yetişdi, ədəbiyyatımıza yeni nəfəs gəldi. Haqqında deyilirdi ki, “Gənclik” jurnalı ədəbiyyatda bir inqilab oldu.

1988–1992-ci illərdə xalqın azadlıq mübarizəsinə qoşuldu. Xalq Hərəkatının öncüllərindən, Demokratik Qüvvələr Birliyinin həmsədrlərindən biri oldu. Onun sözləri, çıxışları meydanlarda səsləndi, xalqın yaddaşına həkk olundu. O, milliyyətçi, türkçü düşüncəsini bütün yaradıcılığı boyu qorudu və tərənnüm etdi.

Ömrünün sonrakı illərində Türkiyəyə köçdü, TİKA və Türk Dil Qurumu ilə layihələrdə iştirak etdi. Çanaqqala On Səkkiz Mart Universitetində professor kimi fəaliyyət göstərdi, gənclərə dərs dedi. 2013-cü ildə professor elmi statusunu aldı.

Şair yaradıcılığına və xidmətlərinə görə dəfələrlə təltif olunub. O, Azərbaycan SSR-in “Qızıl Qələm” mükafatına, 1997-ci ildə isə Türkiyə Yazarlar və Sənətkarlar Vakfının “Türk Dünyasına Hizmət Ödülü”nə layiq görülüb. Bu mükafatı alan ilk azərbaycanlı mütəfəkkir olub.

Məmməd İsmayıl ömrünü sözə, millətinə və türkçülük ideyasına həsr etmiş böyük bir şəxsiyyət idi. Onun adı, ideyaları və misraları xalqımızın yaddaşında əbədi yaşayacaq.

"Yeni Müsavat" Media Qrupu olaraq böyük şairin ailəsinə, yaxınlarına və bütün ədəbiyyatsevərlərə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!

 Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR