İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktəblərdə “adambaşı maliyyələşmə” nə deməkdir - detallar, təcrübə

Ekspert: “Bu, təhsilin keyfiyyətinə müsbət təsir edəcək, çünki...”

İlin sonuna kimi məktəblərdə adambaşı maliyyələşmə sisteminə keçid planlaşdırılır. Bunu elm və təhsil naziri Emin Əmrullayev VII ADA 2024 Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, bu, bir neçə məktəbdə pilot layihə kimi həyata keçiriləcək. Onun sözlərinə görə, sınaq uğurlu olsa, inkişaf üçün cəbhə yaranacaq. Bununla da məktəb muxtariyyəti və müəllimlər tərəfindən idarə olunması üçün yaxşı zəmin yaranacaq.

Bəs adambaşı maliyyələşmənin detalları nədən ibarətdir? Dünya təcrübəsində buna rast gəlinirmi? 

Həddini aşmış bu adam...” – Məktəb direktorundan Kamran Əsədova sərt  İTTİHAMLAR

Kamran Əsədov

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, 2011-ci ildən ölkədəki ali təhsil və orta ixtisas təhsil müəssisələri, 2019-cu ildən isə peşə təhsil müəssisləri bu sistemlə idarə olunur: “13 iyun 2024-cü ildə isə publik hüquqi şəxs olan ümumtəhsil məktəblərinin nümunəvi nizamnaməsi təsdiq olundu. Proses kifayət qədər ciddi və ağırdır. Prosesə əsasən, dövlət hər bir təhsilalana ayırdığı maliyyəni təhsil müəssisəsinin hesabına köçürür, qanunvericiliyə uyğun olaraq təhsil müəssisəsi həmin maliyyəni idarə edir, təhsil naziri sözügedən prosesin şəffaf keçirilməsinə nəzarət edir”.

“Adambaşı maliyyələşmə nədir?” sualına ekspert bu cür cavab verib: “Adambaşına maliyyələşmə o deməkdir ki, hər şagirdə görə məktəbə dövlət maliyyə ayırır, yəni hər şagirdin ödədiyi vəsait hesabına maliyyələşmə həyata keçirilir. Azərbaycanda təhsil xərclərinin böyük hissəsi dövlət tərəfindən ödənilir. UNESCO-nun 2023-ci ildə təhsil monitorinqi ilə bağlı hesabatında bildirilir ki, təhsil xərclərinin 3/4 hissəsi dövlət tərəfindən maliyyələşdirilir. Azərbaycanın da daxil olduğu gəliri aşağı və orta olan ölkələrdən fərqli olaraq qalan hissə isə ev təsərrüfatının üzərinə düşür.

Hesabata əsasən, Azərbaycanda təhsil sahəsində dövlət xərcləri ÜDM-in 2,9 faizini təşkil edir.

Cənubi Qafqaz regionunun digər ölkələrinə gəlincə, Ermənistanda bu göstərici 2,8, Gürcüstanda isə 3,8 faizdir. Azərbaycanın dövlət xərclərinin ümumi həcmində təhsilin payı 8,2 faizdir.

Bir məqamı da qeyd edim ki, Azərbaycanda dövlət məktəbəqədər hər bir şagird üçün 4 370 dollar (adambaşına düşən ÜDM-nin 26 faizi), orta təhsil üçün 3 765 dollar (22 faiz), ali təhsil üçün isə 3 972 dollar (23%) xərcləyir.

Amma Azərbaycanın ana maliyyə sənədinə nəzər yetirdikdə təhsilə ayrılan vəsaitin ümumilikdə faiz etibarı ilə yüksək olmadığı məlum olur. Yəni investisiya layihələrinə 6-7 milyard manat ayrılırsa, təhsil üçün onun üçdə biri nəzərdə tutulur.

Sertifikasiya, DİM-in qəbul və buraxılış imtahanları və digər imtahan nəticələri ilə deyə bilərik ki, Bakıda təhsilin keyfiyyəti ilə öyünə biləcək belə məktəbləri barmaqla saymaq olar".

Ekspertin fikrincə, bu yeniliyin mahiyyəti ondan ibarətdir ki, şagirdin arxasınca maliyyə gəlsin: “Yəni bu halda məktəblər daha çox şagird cəlb etməkdə maraqlı olacaqlar. Hazırda hər şagirdə ildə təqribən 1300 manata qədər vəsait sərf olunur. Amma bu pulun necə sərf olunması məlum deyil. 

Azərbaycanın relyefi elədir ki, 4400 məktəbdən 2000-dən çoxunda şagird sayı 200 nəfərdən azdır".

Kamran Əsədov dünya təcrübəsində bu prosesin necə aparılmasından da söz açıb: “ABŞ-ın bəzi ştatlarında hər bir uşaq üçün dövlət tərəfindən təhsil üçün ayrılan vəsait vauçer şəklində verilir. Bu vauçeri təhsildən başqa heç bir yerdə istifadə etmək, xərcləmək olmur. Valideyn həmin pulu istədiyi məktəbə və müəllimə yatırır.

Bu, məktəblər arasında daha keyfiyyətli təhsilə rəqabət mühiti yaradır. Beləliklə, təhsilə ayrılan həmin maliyyəni əldə etmək uğrunda rəqabət başlayır. Adambaşına maliyyələşmə şagirdin göstəricilərinə uyğun dəyişə də bilir. Təhsildə daha yaxşı nəticələri olan şagirdlərə ayrılan maliyyənin məbləği artır, aşağı göstəriciləri olan şagirdə münasibətdə məbləğ azalır.

Birləşmiş Ştatlarda hər şagirdin təhsilinin maliyyələşməsi üçün illik 14,418 dollar büdcə ayrılır. 12 illik təhsil sistemi üzrə ABŞ-da bir şagirdin təhsil almasına ümumilikdə 586,4 milyard dollar sərf olunur. Təhsilin maliyyələşməsində yerli bələdiyyələr də iştirak edir. Bu ölkədə təhsil xərcləri ABŞ-ın üzvü olduğu YUNESKO kimi beynəlxalq təşkilatlar tərəfindən müəyyən edilmiş meyarlardan aşağıdır.

Ölkə təhsilə dövlət maliyyəsinin 11,6%-ni qoyur ki, bu da beynəlxalq standart olan 15,00%-dən xeyli aşağıdır. Birləşmiş Ştatlardakı məktəblər hər şagirdə orta hesabla ildə 12,624 dollar xərcləyir ki, bu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) daxil olan 37 digər inkişaf etmiş ölkə arasında şagirdə düşən ən yüksək - beşinci yerdədir.

Digər ölkələrə gəlincə, bu məbləğ dəyişir. Lüksemburqda hər şagirdin illik təhsilinə büdcədən ibtidai sinif üzrə 21 143 dollar, yuxarı siniflər üzrə 25 421 dollar ayrılır.

Koreyada bu məbləğ ibtidai sinif üzrə 12,535, yuxarı siniflər üzrə 14,978 dollar, Fransada ibtidai sinif üzrə illik 8,724, yuxarı siniflər üzrə 13,006 dollardır.

Adambaşına təhsil xərcləri ən aşağı hesab olunan ölkə sırasında İndoneziya qərarlaşıb. Bu ölkədə ibtidai siniflər üzrə bir şagird üçün illik 1,514 dollar, yuxarı siniflər üçün 1,435 dollar ayrılır.

Dünya təcrübəsi əsasında deyə bilərəm ki, orta məktəblərdə adambaşına maliyyələşmə sisteminin tətbiq edilməsi təhsilin keyfiyyətinə müsbət təsir edəcək. 

Çünki şərti olaraq şagird sıxlığı aşağı olan məktəblərdə adambaşına düşən vəsait daha çoxdur. Praktik olaraq bu gün ən az şagird sıxlığı olan Daşkəsən rayonunda bir uşağa daha çox pul xərclənir. Çünki orada hər sinifdə cəmi 3-5 şagird təhsil alır. Lakin müəllimlər ölkə üzrə mövcud olan eyni maaş sistemi ilə əmək haqqı alır. Yəni adambaşı maliyyələşməyə keçid özü-özlüyündə rasionallaşdırma tələb edir".

Xalidə GƏRAY
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR