Onlayn ictimai-siyasi qəzet
"ABŞ və İran arasında danışıqlar dünyanın diqqət mərkəzindədir. İrana qarşı sərt mövqeyi ilə seçilən və İsrailin dostu olaraq bilinən Donald Trampın cənub qonşumuza hücum edib-etməyəcəyi məhz bu görüşlərdən sonra maraqlı olacaq. Ancaq görüşün keçirildiyi ölkə bütün dünyada maraq oyadır. Beynəlxalq münasibətlərdə çox da tanınmayan Omanın belə bir əhəmiyyətli görüşə ev sahibliyi etməsi maraqla qarşılanır".
Musavat.com bildirir ki, bu barədə politoloq Zeynal Əmrəliyev deyib.
Politoloq qeyd edib ki, Oman Yaxın Şərqdə neytral mövqeyi ilə seçilir, ABŞ və İrana qarşı bitərəf mövqeyə malikdir. Bu müddət ərzində demək olar ki, heç bir tərəflə yaxınlıq etməyib:
"Həmçinin sərt idarəçilik sisteminə malik olan Omanda təhlükəsizlik ən yüksək səviyyədədir.
İkinci məsələ isə Məsqətin bundan əvvəldə iki dövlət arasında danışıqlara ev sahibliyi etməsidir. 2013-cü ildə İranın nüvə danışıqlarının ilkin mərhələsində ABŞ ilə danışıqları məhz Omanın paytaxtında keçirilmişdi. Üçüncü bir məsələ isə Omanın üstün diplomatik manevrləridir. Oman körfəz ölkəsi olaraq İrana coğrafi yaxındır, ancaq ABŞ ilə sıx əməkdaşlıq edir. Buna rəğmən, digər körfəz ölkələrindən fərqli olaraq ABŞ-ı heç vaxt açıq şəkildə dəstəkləməyib. Məsələn, 2003-cü ildə ABŞ İraqa müdaxilə edərkən Oman bu müdaxilə haqqında heç bir açıqlama vermədi. Ancaq sakit şəkildə ABŞ-a dəstək verdi. Müharibə zamanı ABŞ qoşununun əsas logistika mərkəzi məhz Oman ərazisi idi.
Eyni zamanda İranla da qonşuluğa ciddi önəm verir. Məsqət digər körfəz ölkələrindən fərqli olaraq Tehranı əmin edib ki, onun ərazisindən heç vaxt İrana qarşı istifadə edilməyəcək. Bütün bunlar Ərəbistan yarımadasının bu sakit ölkəsini həm ABŞ, həm İran üçün etibarlı görüş yeri edir. Yəmənin bir addımlığında, husilərin düz yanında bu cür güvənci verməyin özü də böyük ustalıqdır və Oman bunu bacara bilir".
Xalidə Gəray
Musavat.com
26 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ