İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhkum döyüşçülər - sovet-alman müharibəsində onların arasından 6 qəhrəman çıxıb

Müharibə statistikasını aparmaq bütün dövrlərdə problemlərlə müşayiət olunub. O cümlədən II dünya müharibəsindən sonra da müharibədə iştirak edən ölkələrdə dəqiq statistik rəqəmlər, dağıntılar, itkilər, əsir düşənlər, iştirakçıların sayı, müharibəyə sərf olunan vəsaitlərin miqdarını dəqiq müəyyənləşdirmək mümkün olmayıb. Bu işə illərlə vaxt sərf edilib və zaman-zaman rəqəmlər yenilənib. Bəzi hallarda isə əldə olunanan nəticələr ictimaiyyətdən gizli saxlanıb.

Sovet-alman müharibəsindən sonra gizli saxlanılan statistik rəqəmlərdən biri də müharibə zamanı məhbusların hərbi xidmətə cəlb edilməsi ilə bağlı olub. 1980-ci illərin sonuna qədər bu haqda ictimaiyyətə dəqiq məlumat verilməyib.

Maraqlıdır, Almaniyanın SSRİ-yə hücumundan, ərazilərini işğal etdiyindən sonra həmin ərazilərdə yerləşən həbsxanalardakı məhbusların aqibəti necə olub?

45-3.jpg (126 KB)

Əvvəlcə onu qeyd edək ki, müharibə başlananda SSRİ-də məhkumluğu olanlar, həbsxanalarda cəza çəkənlər hərbi xidmətə çağrılmayıblar. Bunun səbəbi çox sadə bir məntiqlə izah edilib – cinayət törədənlərə vətəni müdafiə etməyi həvalə etmək olmaz. Amma müharibənin gedişi çox çeyləri dəyişib, o cümlədən hərbi xidmətə çağırışla bağlı qanunları da.

Müharibənin ilk günlərindən Vermaxt qoşunlarının SSRİ ərazisinə sürətlə daxil olması, şəhər və qəsəbələri bir-birinin ardınca işğal etməsi Dövlət Müdafiə Komitəsində ciddi müzakirə olunduqdan sonra əhalinin və müəssisələrin təxliyəsi haqqında qərar edilib. Müzakirələr zamanı məlum olub ki, işğala məruz qala biləcək ərazilərdəki həbsxanalarda 750 min nəfərdən artıq məhbus var. Onların təxliyə edilməsini Dövlət Müdafiə Komitəsi mümkünsüz sayıb. Çünki təhlükə altında olan dinc əhalinin, yaşlıların, qadınların, uşaqların sayı yetərincə böyük olub.

2002.jpg (121 KB)

Yaranmış belə bir gərgin vəziyyətdə Kreml rəsmiləri məhkumlara hərbi forma geyindirib ön cəbhəyə göndərilməsini qərarlaşdırıblar. Bununla bağlı 12 iyul 1941-ci ildə Dövlət Müdafiə Komitəsində İosif Stalinin imzası ilə “Bəzi kateqoriyadan olan cinayətlərə görə məhkum edilmiş şəxslərin cəzadan azad edilməsi haqqında” qərar qəbul edilib. Bu qərara əsasən xüsusi təhlükəli cinayətkarlar istisna olmaqla yüngül və orta cinayət törədənlər hərbi qeydiyyata götürülərək ön cəbhəyə göndərilib.
1941-ci ilin payızına qədər cəbhələrə 420 min məhbus göndərilib. Növbəti iki il ərzində daha 157 min məhbus da döyüşçülərin sırasına qatılıb. Ümumilikdə müharibə illəri ərzində 1 milyon 200 min məhbus həbsxana kameralarını səngərlərə dəyişiblər.

Məhkumların cəbhəyə göndərilməsi ordu komandanlığında birmənalı qarşılanmayıb. Yüksək rütbəli komandirlərin bəziləri cinayət törətmiş şəxslərin hərbi nizam-intazama tabe olmayacaqlarından ehtiyat ediblər. Digər tərəfdən, onların şəxsi heyət arasında kriminal “qayda-qanun” yaradacaqları da narahatlıq törədib. Məhz bu səbəbdən məhkumlar eyni bir hərbi hissəyə (cərimə hərbi hissələri istisna olunmaqla) daxil edilməyib. Onlar ayrı-ayrı hərbi birləşmələrdə xidmət ediblər.

02-zeki.jpg (102 KB)

Bu şübhələr və narahatlıqlar qısa bir müddət ərzində aradan qalxıb. Məhkumların əsas hissəsi ən ağır cəbhə bölgələrində qəhrəmanlıqlar göstərərək özlərini doğruldublar. Hətta müharibəyə göndərilən məhbusların arasında altı nəfər Sovet İttifaqı Qəhrəmanı adını alıb (onlardan biri də sonradan tarixçi və akademik olan azərbaycanlı Ziya Bünyadov idi), minlərlə məhkum-döyüşçü isə müxtəlif orden və medallarla təltif olunublar.

Sözsüz ki, cəbhəyə göndərilən məhbuslar arasında cinayət əməllərini davam etdirənlər də olub. Zorlama, qarət, komandirlərin əmrinə tabe olmamaq kimi faktlar da aşkarlanıb. Xüsusilə Berlinə qədər gedib çıxan məhkum döyüşçülər rəqib tərəfin qadınlarına qarşı aqressiv münasibət bəsləyiblər.
Kriminal aləmdə dövlətə qulluq etmək, “paqonlu” şəxslərə tabe olmaq “qəbul” edilmədiyindən məhkum döyüşçülər “biz vətəni qoruyuruq” adı ilə özlərinə bəraət qazandırıblar.

03-zeki.jpg (169 KB)

Müharibə dövründə artilleriya briqadasının komandiri, sonralar SSRİ xalq artisti olan Yevgeni Vesnik öz müharibə xatirələrində məhkum döyüşçülər haqqında təəssüratlarını aşağıdakı kimi bölüşüb:
“Səngərdə hamı eyni statusda olur - döyüşçü statusunda. Amma döyüş zamanı eyni statusda olanların arasında fərq daha tez hiss olunur. Mən döyüşən briqadanın komandiri kimi bunu daha yaxşı hiss edirdim. Tabeliyimdə olan məhkum döyüşçülər hərbi əməliyyatlar zamanı fərqlənirdilər. Həbsxana həyatı görmüş bu cinayətkarlar üçün ölüm çox da qorxulu deyildi. Onlar bölüşmək məsələsində də fərqlənirdilər. Söhbət döyüşçülərin ərzaq payından gedir. Bəzən elə olurdu ki, hərbi əməliyyat ərazisinə ərzaqların vaxtında gətirlməsi problemə çevrilirdi. Belə məqamlarda məhkum döyüşçülər öz ehtiyat çörək paylarını döyüşçü yoldaşları ilə səxavətlə bölüşürdülər...”

i_01.jpg (129 KB)

Keçmiş cinayətkarların müharibə dövründə bir çox xidmətləri olsa da, müharibədən sonrakı dövrdə onların dövlət işinə qəbulu müşkülə çevrilib. Məhkumlar günahlarını öz qanları ilə yusalar da, uzun illər onlarla digər müharibə iştirakçıları arasında ayrı-seçkilik olub. Nəhayət, 1960-cı illərdə cəbhələrdə döyüşən və hərbi hissədən müsbət xarakteristikası olan məhkum döyüşçülərin məhkumluğu üzərlərindən götürülüb.

İlham Cəmiloğlu, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR