Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, “Atlant” Ailəvi İstirahət Mərkəzinin sahibi Tahir Qədəşov Bakı Ağır Cinayətlər Məhkəməsinə çağırılıb. O, 171 Azərbaycan vətəndaşına qarşı 14 milyon manat dələduzluqda ittiham olunan kürəkəni və şəriki Nofəl Hacıyevin cinayət işi üzrə məhkəmə prosesində şahid qismində ifadə verəcək.
Musavat.com xəbər verir ki, Nofəl Hacıyevlə yanaşı, hakim qarşısına Talış Məhəmmədov da çıxarılıb.
“Təbriz” MTK-nın icraçı direktoru olan Talış Məhəmmədov vəzifə səlahiyyətlərini aşma və sənədləri saxtalaşdırmada ittiham olunur. Hazırda prosesdə şahidlərin dindirilməsi mərhələsidir. Nofəl Hacıyevin qayınatası Tahir Qədəşov ələ keçirilmiş 14 milyon manatla bağlı prokurorun, məhkəmənin, təqsirləndirilən və zərərçəkənlərin, onların vəkillərinin suallarını cavablandırmalı olacaq. Xatırladaq ki, ötən prosesdə iş üzrə zərərçəkənlər Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Şəlalə Həsənovaya ərizə ilə müraciət ediblər. Müraciət müəllifləri hakimə yazıb bildiriblər ki, “Təbriz” MTK ilə mənzil alışına dair müqavilə imzalayıb, pul ödəyiblər və müvafiq olaraq MTK tərəfindən onlara maliyyə arayışı verilib. Buna baxmayaraq, müqavilələr üzrə göstərilən mənzillərin sonradan digər şəxslərə satıldığı üzə çıxıb:
“Sonradan bizə məlum olub ki, mənzillərin satılması ilə bağlı alınmış pullar Nabran qəsəbəsində yerləşən “Atlant” Ailəvi İstirahət Mərkəzinin tikinti və abadlaşdırılmasında yaranmış öhdəliklərə yönəldilib. Eyni zamanda “Atlant” Ailəvi İstirahət Mərkəzinin rəhbəri Qədəşov Tahir Ərzuman oğlu həm də “Təbriz” MTK-nın təsisçisidir. Bütün pulların “Atlant” Ailəvi İstirahət Mərkəzinə yönəldilməsinə baxmayaraq, istintaq orqanı Qədəşov Tahir Ərzuman oğlunu cinayət məsuliyyətinə cəlb etməyib, bunun nəticəsində istintaq birtərəfli qaydada aparılmaqla iş üzrə zərərçəkmişlərin pulu ödənilmir. Ona görə də Sizdən xahiş edirik ki, zərərçəkmişlərin pulunun ödənilməsi məqsədi ilə işdə təqsirli olan şəxsin əlbirlik faktı ilə bağlı məsuliyyətə cəlb edilməsindən ötrü Nofəl Hacıyevin barəsində olan cinayət işi Qədəşov Tahir Ərzuman oğlunun da onunla əlbirlik faktına ittiham verilməsindən ötrü əlavə ibtidai istintaqa qaytarılsın”.
Qeyd edək ki, hazırda “Atlant” Ailəvi İstirahət Mərkəzinin sahiblərindən olan Tahir Qədəşovun kürəkəni Nofəl Hacıyev həbsdədir. O, 171 Azərbaycan vətəndaşına qarşı dələduzluqda ittiham olunur. İlkin məlumatlarda bildirilirdi ki, Nofəl Hacıyev “Təbriz” MTK-nın inşa etdiyi binalardan mənzilləri satsa da, sonradan mənzillər sahiblərinə verilməyib. İndi məlum olub ki, Nofəl Hacıyev həm “Təbriz” MTK-da, həm də “Atlant” Ailəvi İstirahət Mərkəzində qayınatası Tahir Qədəşovla şərikdir. Vətəndaşlardan “Təbriz” MTK üzərindən alınan pullar “Atlant” Ailəvi İstirahət Mərkəzinin tikinti və abadlaşdırılmasına yönəldilib. Belə bir halda şəriklərdən birinin həbsdə, digərinin azadlıqda qalması sual doğurur. Mənzillərinə sahib çıxa bilməyən vətəndaşlar bu baxımdan məhkəməyə müraciət ediblər. Xatırladaq ki, aparılan istintaqla “Təbriz” MTK üzərindən 171 vətəndaşdan 14 milyon manatdan artıq pul alındığı, lakin mənzillərin onlara təqdim edilmədiyi məlum olub. İstintaq zamanı MTK təsisçilərindən Nofəl Hacıyev vətəndaşlardan toplanılan 14 milyon manatın harada olması ilə bağlı suala cavab verməyib. Zərərçəkənlər isə “Atlant” İstirahət Mərkəzinin 40 faizinə şərik olan Nofəl Hacıyevin pulu qayınatası Tahir Qədəşovla birgə ələ keçirdiyini iddia edirlər. Musavat.com-a daxil olan məlumatda deyilir ki, hazırda iş üzrə məhkəmə prosesi keçirilir. Prosesdə zərərçəkənlər Nofəl Hacıyevlə yanaşı, Tahir Qədəşovun da həbsini tələb edirlər. Nofəl Hacıyev məhkəmədə verdiyi ifadəsində vətəndaşlardan aldığı 14 milyon manatdan artıq vəsaiti “Atlant” İstirahət Mərkəzində təmir-tikinti işlərinə yönəltdiyini deyib.
Bildirib ki, “Atlant”ın genişləndirilməsi ilə bağlı şəriki olan qayınatasının təkidi ilə “Təbriz” MTK-da vətəndaşlardan toplanan vəsaitləri istirahət mərkəzinə yönəldib. “Atlant” Ailəvi İstirahət Mərkəzi 2002-ci ildə Nabranda, Xəzər dənizinin sahillərində tikilib. İldən-ilə istirahət mərkəzinin ərazisi genişləndirilib. Mənzərəli meşə, gözəl dəniz sahilində yerləşən istirahət mərkəzinin böyüklər və uşaqlar üçün 4 akvaparkı, hündürmərtəbəli hotelləri, 200-ə yaxın kotteci, gecə klubu, stolüstü tennis, bilyard salonu, çimərlik və voleybol meydançası, avtomobil dayanacağı, çamaşırxana otağı, tibbi xidmətlər, kişi və qadın salonu, sauna, masaj, konfrans otağı, 350 nəfərlik restoran, uşaq meydançası və s. var. “Atlant” İstirahət Mərkəzi maksimum xidmət göstərən böyük bir kompleksdir. Müstəqil qiymətləndiricilər “Atlant”ı hazırkı bazar qiymətləri ilə 80-100 milyon manat dəyərləndirirlər. Xatırladaq ki, ibtidai istintaq dövründə “Atlant” İstirahət Mərkəzinin üzərinə həbs qoyulub.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ