İnsanlara hürriyət, millətlərə istiqlal!

Mask, Vens, Bessent - Trampın komandasındakı “qırğı”lar özündən betərdir

ABŞ-nin yeni hökumətinin - Tramp administrasiyasının üzvlərinin Ukraynaya qarşı mövqeləri heyrətamiz monolitlikdədir. Komandada bu xüsusda, demək olar ki, heç bir fikir ayrılığı yoxdur. Hamısı eyni söz deyir – bir-birindən daha kəskin

Vitse-prezident Cey Di (Ceyms Devid) Vensdən tutmuş Hökumətin Effektivliyi Departamentinin rəhbəri İlon Maska, maliyyə naziri Bessentə qədər hamısı Ukraynaya qarşı sərt mövqedədirlər.

Hətta səhiyyə naziri postunu tutan Robert Kennedi də üstünə vəzifə olmasa da, özünü anti-Ukrayna çıxışları etməkdən saxlamır.

Ağ Evdəki qalmaqallı görüşdən sonra İlon Mask Ukrayna prezidentinin fəaliyyətindən danışaraq deyib ki, “Zelenski sonsuz müharibə və korrupsiya istəyən şər qüvvədir”.

Vitse-prezidenti Vens isə belə bir açıqlama verib: “İstər ukraynalı, istərsə də avropalı liderlərlə təkbətək söhbət edəndə onlar deyirlər: “Bu, əbədi davam edə bilməz”. Döyüşmək üçün kifayət qədər ukraynalı və onlarıa vermək üçün kifayət qədər Amerika pulu və sursat yoxdur”.

Görünən odur ki, hazırda Tramp administrasiyasının üzvləri bütün enerjilərini sərf edərək Trampın seçkiqabağı təbliğat-təşviqat kampaniyasında verdiyi əsas vədin tezliklə reallaşmasına çalışırlar.
Xatırladaq ki, Trampın seçicilər qarşısında verdiyi ən böyük vədlərdən biri Rusiya-Ukrayna müharibəsini qısa zaman kəsiyində sonlandıracağı barədə idi.

O zaman opponentləri kontr-sual qoyaraq onun bunu necə edəcəyini, hər hansı bir proqrama malik olub-olmadığını soruşurdular və belə cavab alırdılar ki, Tramp özü bilir, necə edəcək.

Tənqidçilər isə Trampın əslində heç bir optimal sülh sazişinə malik olmadığını yazır, deyir, qeyd edirdilər ki, o, hakimiyyətə gələrsə, sadəcə, Ukrayna tərəfinə təzyiq edərək təslim olmağı məsləhət görəcək və bu, Putinə hərtərəfli sərf etdiyindən Kiyevin kapitulyasiyası şərti ilə sülh əldə oluna bilər.

Göründüyü kimi, tənqidçilərin proqnozları yüzdəyüz doğrulub. Yenidən prezident kürsüsünə oturan Tramp artıq heç bir diplomatik cümləpərdazlığa yol vermədən, Ukraynadan təslim olmağı açıq şəkildə, birbaşa tələb edir. Onun komandası da bu istiqamətdə əlləşir.

Tramp və komandası öz vədlərinin girovuna çevrilib. İndi onlar Amerika xalqının, eləcə də dünya ictimaiyyətinin “bəs Rusiya və Ukrayna arasındakı müharibəni bitirəcəyini vəd etmişdin, nə oldu” sualını səsləndirməmiş, hər necə olsa da, müharibəni başa çatdırmağa çalışır.

Bunun ən yaxşı, ən optimal yolu aqressorun geri çəkilməsini, öz iddialarından vaz keçməsini təmin etmək olardı, amma Trampın Putinə gücü çatmır. Üstəlik, o, Rusiya liderinin xarakterinə yaxşı bələddir, bilir ki, Putin maksimalistdir, geri çəkilmək, Rusiya tarixində məğlub lider kimi qalmamaq üçün əlindəki son vasitəni belə istifadə etməyə hazır biridir.

Ona görə də Tramp və komandası zəif tərəfə, irticaya məruz qalan Ukraynaya təzyiq edir. Ancaq gözlənilmədən Ukrayna prezidenti Vladimir Zelenski də, obrazlı desək, kənək qoz çıxdı və Ağ Evdə özünün və dövlətinin aşağılanmasına, alçaldıcı sülhə sürüklənməsinə etirazını bildirdi.

Tramp administrasiyasının üzvləri bu səbəbdən Ukrayna ilə müzakirələrdən imtina etməyə, daha dəqiqi, Kiyevdən əl çəkməyə hazır deyillər. Trampın bəzi müşavirləri israrla Ukrayna liderini istefaya çağırırlar, hesab edirlər ki, onun yerinə gələn şəxs daha üzüyola və sözəbaxan olacaq və Trampın kapitulyasiya barədə sözünü yerə salmayacaq.

“Bloomberg”in yazdığına görə, yeni administrasiyada elə “qırğı”lar (sərt xətt və kəskin ritorika tərəfdarları) var ki, Tramp onlara baxanda daha yumşaq mövqedədir.

Başqa sözlə, Trampın komandası Ukraynanın tezliklə “xərclənməsində”, ondan sonra diqqəti, enerjini şişməkdə olan əsas dünya gücünün – Çinin boğulmasına yönəltmək fikrindədir.

Bunu hələ ötən il bu vaxtlar ABŞ respublikaçılarından prezidentliyə namizəd olmaq istəyən milyarder Vivek Ramasvami və digərləri də deyirdi. Onlar Rusiyanın artıq dünya gücü olmadığını, ABŞ üçün təhlükə kəsb etmədiyini bildirir, onunla necəsə razılaşaraq, onu müttəfiqə çevirərək, əsas gücü Çinlə mübarizəyə sərf etməyin lazım olduğunu deyirdilər.

Fəqət bu şəxslər Rusiyaya loyallıqda və anti-Çin ritorikasında Trampa çata bilmədilər. Bir dəfə prezident olmuş, daha böyük komandaya, daha parlaq xarizmaya malik olan Tramp respublikaçıların beynəlxalq siyasətə dair düşüncələrinin daha yaxşı tərənnümçüsü oldu.

İndi onlar qarşılarına qoyduqları məqsədə çatmaq üçün Zelenskini və Ukrayna müharibəsini başlıca maneə hesab edirlər, ona görə də müharibənin bütün günahlarını Zelenskinin belinə şələləmək istəyirlər.

Zelenski bu müharibə vəziyyətinin Ukraynada Viktor Yuşşenko, ABŞ-də isə Corc Buş dövründən, 2004-cü ilin sonlarından başlandığını desə də, xeyri yoxdur, Trampın komandası tutuquşu kimi eyni sözləri təkrarlayıb durur. Artıq onlar Zelenskini “şər qüvvə”, “diktator” adlandırır, dünya ölkələrinin yarıdan çoxunda hakimiyyətdə olan diktatorlara isə təbrik məktubları göndərirlər.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Mart 2025

BÜTÜN XƏBƏRLƏR