İnsanlara hürriyət, millətlərə istiqlal!

Mask ABŞ-ın dövlət sirlərinə buraxılmadı: səbəb Putinlə əlaqələr və narkotik istifadəsi – WSJ

"The Wall Street Journal" yazır ki, "SpaceX" şirkətinin ABŞ ordusu və kəşfiyyat agentlikləri üçün göyə buraxdığı yüklər barədə məlumatlar dövlət sirri hesab olunur. Bu cür məxfi informasiyalar yalnız xüsusi icazəsi olan seçilmiş əməkdaşlarla bölüşdürülür.

Musavat.com xəbər verir ki, nəşrin iddiasına görə, "SpaceX"in qurucusu və baş direktoru İlon Mask həmin şəxslər siyahısına daxil deyil.

Şirkətin hüquqşünasları rəhbərliyə Mask üçün yüksək təhlükəsizlik səviyyəsi əldə etməyə cəhd etməməyi tövsiyə ediblər. Çünki belə bir icazə veriləcəyi halda İlon Mask hökumətin xarici vətəndaşlarla əlaqələri və narkotik istifadəsi ilə bağlı suallarına cavab verməli olacaq.

Hökumət həmçinin ehtiyat edir ki, Mask mütəmadi olaraq xarici rəsmilərlə, o cümlədən Rusiya prezidenti Vladimir Putinlə əlaqə saxladığı üçün məxfi məlumatları sızdıra bilər. WSJ daha əvvəl yazmışdı ki, Mask 2022-ci ildən bəri Putinlə müntəzəm əlaqə saxlayır.

Buna baxmayaraq, ABŞ-ın seçilmiş prezidenti Donald Tramp İlon Mask üçün çıxış imkanını dəyişə bilər. Trampın rəhbərliyi altında yaradılan "Hökumət Effektivliyi Departamenti" (DOGE) hökumətin restrukturizasiyası ilə məşğul olacaq. DOGE rəhbərlərindən biri də Maskdır. "SpaceX" artıq Mask və digər DOGE əməkdaşlarının məxfi məlumatları təhlükəsiz şəkildə incələyə biləcəyi xüsusi məkanların axtarışı ilə məşğuldur.

WSJ-nin məlumatına görə, hazırda Maskın icazəsi ona müəyyən milli təhlükəsizlik sirlərinə çıxış imkanı versə də, əksər məxfi proqramlara giriş üçün tələb olunan xüsusi icazəsi yoxdur. Bu, xüsusilə "Starshield" adlı peyk-kəşfiyyat proqramına aiddir. Eyni zamanda, Maskın "SpaceX"in məxfi layihələrin icra olunduğu və müzakirə edildiyi obyektlərin əksəriyyətinə daxil olmasına icazə verilmir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR