İnsanlara hürriyət, millətlərə istiqlal!

Maşın bazarında durğunluq: avtomobillər ucuzlaşacaq?

Son dövrlər maşın bazarında alıcı azlığı müşahidə edilir.

Satıcılar bildirirlər ki, müştərilərin alıcılıq qabiliyyəti xeyli aşağı düşüb. Onlar qeyd edirlər ki, alıcı olduqda belə daha çox ucuz maşınlara üstünlük verilir. Ümumiyyətlə, son dövrlər ölkəmizdə maşınların baha olması ilə bağlı narazılıq var.

Ekspertlərə görə, avtomobil bazarında qiymətlərə təsir edən amillər arasında idxal məhdudiyyətləri, valyuta məzənnələrindəki dəyişikliklər və tələbatın artması kimi faktorlar rol oynayır. Odur ki, maşın bazarında yaxın aylarda fəallıq gözlənilmir. Bazarda kifayət qədər ikinci əl və yeni maşınlar var, tələbat da əsasən ucuz qiymətə təklif olunan Çin istehsalı maşınlarınadır.

Bəs müştəri sayının azlığı qiymətlərin aşağı enməsinə səbəb ola biləcəkmi?

eldeniz.jpg (55 KB)

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı Musavat.com-a deyib ki, Azərbaycan avtomobil bazarında iki ilə yaxındır durğunluq müşahidə edilir, fəallıq olduqca aşağıdır:

“Bu, həm köhnə, həm də yeni avtomobillərə aiddir. Qiymətlər onsuz da iki ildir ki, sabit olaraq qalıb, kəskin yüksəlmə olmayıb. Kəskin enmə də yoxdur. Amma mühərrik həcmi 3 min kub santimetrdən yuxarı olan köhnə maşınların qiymətində qiymət enməsini biz müşahidə edirik. Bunu da benzin qiymətləri ilə, həmçinin sığorta haqlarının dəyişməsi ilə əlaqələndirmək olar. Amma ümumilikdə qiymətlər sabitdir. Mart ayına qədər qiymət belə də qalacaq, qiymətlərdə kəskin artım, yaxud da enmə müşahidə edilməyəcək”.

Ekspert əlavə edib ki, Azərbaycanın avtomobil bazarı əsasən köhnə maşınlar üzərində qurulub:

“Olduqca fəal bazar idi və ölkəyə artıq yaşı 10 ildən çox olan avtomobillərin idxalı da məhdudlaşdırılıb. Qismən köhnə avtomobillər idxal olunur və onların da qiyməti bu gün manat-dollar ekvivalentində vətəndaşa o qədər də əlverişli deyil. Həmçinin qeyd etmək lazımdır ki, bugünkü benzin, dizel mühərrikli avtomobillərə verilən kredit şərtləri də əlverişli deyil. İlkin ödəniş olaraq avtomobilin ümumi məbləğinin 40%-i öncədən tələb olunur. Daha sonra isə burada illik ödəmələr 10%-dən yuxarıdır, təqribən 15-16% civarındadır. Həmçinin lizinq şərtləri də üstəlik əlverişli deyil. Ona görə bir qədər bazarda durğunluq var”.

Afaq MİRAYİQ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Yanvar 2025

07 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR