İnsanlara hürriyət, millətlərə istiqlal!

Masallıda güclü YANĞIN, xəsarət alanlar var - VİDEO - YENİLƏNİB-2

Masallıda ticarət mərkəzində baş varmiş yanğın söndürülüb, cinayət işi başlanıb.

Musavat.com xəbər verir ki, bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətlərinin birgə məlumatında qeyd edilib.

Bildirilib ki, oktyabrın 6-da Masallı şəhərində yerləşən “Cavid-F” MMC-yə məxsus ticarət mərkəzinin ərazisində yanğın hadisəsi baş verməsi barədə daxil olmuş məlumat əsasında FHN-in əməkdaşları hadisə yerinə çıxıb.

Görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb.

Hadisə nəticəsində ayrı-ayrı sahibkarlara məxsus ticarət obyektləri içərisindəki müxtəlif çeşidli mallarla birlikdə yanğının təsirinə məruz qalıb, 7 nəfər şəxs isə yanıq xəsarətləri ilə Masallı rayon Mərkəzi xəstəxanasına yerləşdirilib, hazırda müalicələri davam etdirilir.

Fakta görə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə (yanğın təhlükəsizliyi qaydalarını pozma) cinayət işi başlanıb.

Yanğının səbəbini və dəymiş ziyanın həcminin müəyyən edilməsi üçün iş üzrə məhkəmə yanğın-texniki, məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları təyin edilib.

Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***

17:04

Masallı şəhərində bazar ərazisində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində məhdudlaşdırılıb.

Bu barədə Musavat.com-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, bazar ərazisində yanğın baş verib və dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Cənub Regional Mərkəzinin qüvvələri hadisə yerinə cəlb olunub. FHN-in qüvvələri görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğını məhdudlaşdırıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Oktyabrın 6-da saat 16:19-da Masallı şəhərində bazar ərazisində mağazada yanğın olması ilə bağlı TƏBİB-in tabeliyindəki Masallı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub. Hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub.

Bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, hadisə ilə bağlı 5 nəfər (cinsi kişi) Masallı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub: “1 nəfərə sol qolun kəsilmiş yaraları, 4 nəfərə tüstü zəhərlənməsi diaqnozu ilə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri stabil qiymətləndirilir. Əlavə məlumat veriləcək”.

***

Masallı şəhərində bazar yanır.

Musavat.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR