İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mandatını qoy, get!”

Parlamentdə Vahid Əhmədov sərt tənqid olundu; spiker  İntizam Komissiyasına deputatla bağla araşdırma aparmağı tapşırdı

Aprelin 25-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirilib. Parlament sədri giriş nitqində Milli Məclis sədrinin rəhbərliyi ilə nümayəndə heyəti aprelin 18-dən 20-dək Polşa Respublikasında rəsmi səfəri barədə məlumat verib.

Cari məsələlərin müzakirəsi zamanı söz alan deputat Fəzail Ağamalı Milli Məclisin iclasında öncə 23 aprel zəfərindən bəhs edib. F.Ağamalı ardınca bildirib ki, bu yaxınlarda deputat Vahid Əhmədov xoşagəlməz müsahibə verib. Belə ki, deputat  həmkarının müsahibədə dediklərindən belə çıxıb ki, ölkədə həyata keçirilən sosial siyasət nəticə verməyib. O cümlədən müsahibəsində siyasi partiyaların fəaliyyətinə kölgə salıb. “Sizə kim bu haqqı verib ki, Milli Məclisdəki partiyaların üzərinə bu cür böhtanla gəlirsiniz”, - deyə deputat əsəbi şəkildə sual edib.

F.Ağamalı AXCP və Müsavatın 44 günlük müharibə dövründə imzalanan bəyanata qol çəkmədiklərini söyləyib. Deputat deyib ki, V.Əhmədov Milli Məclisin legitimliyini sual altına alıb, ancaq 3 nəfərin səs alması barədə fikirlər səsləndirib. “Ona görə də İntizam komissiyasının sədr müavini kimi, onun dediklərinin İntizam Komissiyasının müzakirəsinə çıxarılması üçün göstəriş verməyinizi xahiş edirəm”, -  deyə F.Ağamalı bildirib.

Milli Meclis: Milli Məclisin plenar iclasında

Ardinca deputatlar Kamran Bayramov, İlham Məmmədov və Elşən Musayev də V.Əhmədovun dediklərinə etirazlarını bildiriblər. E.Musayev də spikerdən məsələnin İntizam Komissiyasının müzakirəsinə çıxarılması üçün göstəriş verməsini  xahiş edib.

Deputat Vahid Əhmədov Milli Məclisin iclasında əleyhinə səslənən fikirlərlə bağlı söz alaraq münasibətini bildirib: “Birincisi, mən uzun müddətdir Milli Məclisdə təmsil olunan və müxtəlif illərdə vəzifələrdə çalışan şəxs kimi, həmişə dövlətin yanında olmuşam, dövlətin mövqeyini müdafiə etmişəm, yenə də müdafiə edirəm”. V.Əhmədov bildirib ki, çıxışlarla bağlı kim göstəriş verib, onu da bilir: “Burada Fəzail Ağamalı təklif etdi ki, məsələyə İntizam Komissiyasında baxılsın. Etiraz etmirəm, baxılsın. Mən orada da bütün suallara cavab verməyə hazıram. Millətim də görər ki, mən orada dövlətin, millətin yanında olan insanam”. Ardınca V.Əhmədov bu müzakirələrin düzgün olmadığını bildirib. Spiker Sahibə Qafarova “Vahid müəllim, o sizin öz fikrinizdir, burada deputatlar çıxışa yazılıblar, mən söz verməliyəm” deyib.

Deputat, İntizam Komissiyasının sədri Eldar İbrahimov Milli Məclisin iclasında həmkarı Vahid Əhmədovun müsahibəsində bir sıra araşdırılmalı məsələlərin olduğunu söylədi. “Məsləhət olsa, biz İntizam Komissiyasında məsələni müzakirə edərik” - deyərək E.İbrahimov sədrə müraciət edib. Spiker cavabında “İntizam Komissiyası bu məsələ ilə məşğul olsun” tapşırığını verib. Həmçinin iki komissiya üzvünün də bu məsələ ilə məşğul olmasını istəyib.

Ardınca Aydın Mirzəzadə, Mahir Abbaszadə, İltizam Səfərov, Razi Nurullayev də V.Əhmədovun dediklərinə etirazını bildirib.

Vitse-spiker Fəzail İbrahimli isə çıxışına  “Dünya üstümüzə gəlir, mənhus baxışlar və iti caynaqları ilə” - deməklə sözə başlayıb. Bildirib ki, bu vəziyyətdə hamımız bir yerdə olmalıyıq. “Biz keçən iclasda İranın qərəzli siyasətinə etiraz etdik. Bu gün nəyi müzakirə edirik, çox təəssüf ki, öz həmkarımızın parlament haqqında dediklərini. Aydın müəllim dedi "tələyə düşdü". Qətiyyən razı deyiləm, Vahid müəllim tələyə düşən oğlan deyil. Vahid müəllim nə edirsə, düşünərək edir. Adətən dövlətin, millətin çətin günlərində ağsaqqallara ehtiyac duyulur. Onlar gənclərimizin buraxdığı səhvlərin üzərinə getməlidir. Çox təəssüf ki, bu gün Vahid müəllim özünü müzakirə obyektinə çevirib. Deyirsən 3 nəfərdən başqa burada hamı saxtakardır. Niyə mənim heysiyyətimə toxunursan? Vahid müəllim, az yaş fərqimiz var. Gənclər bizdən öyrənməlidir. Məgər Azərbaycan parlamenti dövlətin bir qolu deyil? Sən sınıq qolun yanında olursan? Adama deyərlər ki, istəmirsənsə, çıx, get! Bəyənmirsən, açıq şəkildə mandatını qoy, get! Siz o solaxay düşüncələrin sahibi ilə üz-üzə oturmusunuz. Vahid müəllim, sizin maddi durumunuz Azərbaycanda hamıdan yaxşıdır. Statusunuz var, vəzifəniz var. Nə istəyirsiniz?" Daha sonra spikerə müraciət edib: “Sahibə xanım, parlamentdə oturub onun ünvanına nalayiq ifadələr işlədən hər kəs cəzasını almalıdır!”

Komitə sədri Siyavuş Novruzov qeyd edib ki, plenar iclaslarda büdcə müzakirələri, hökumətin hesabatı, Hesablama Palatasının hesabatı və digər məsələlər il ərzində müzakirəyə çıxarılır: “Kiminsə nəsə fikri, sözü varsa, parlament daxilində sözünü deyə, təklifini verə, tənqid edə bilər. Bu da dövlətin inkişafına dəstək olar”. S.Novruzov parlamentin fəaliyyətini işıqlandıran jurnalistlərə təşəkkür edərək bildirib ki, onlar hər bir dövlətin fikirlərini ictimaiyyətə çatdırırlar. Əlavə edib ki, bu gün Azərbaycanın əleyhinə iş aparan iki qardaşa müsahibə vermək qəbulolunmazdır. “Bir dələduzun birinə müsahibə verib. Hansı ki, nə təhsili var, nə milləti məlumdur, mövqeyi də məlum deyil. Axı bu kimdir? Bunun hansı sənəti var? Niyə buna qorxa-qorxa yanaşırsınız? Nədən qorxursunuz? Özü də bütün deputatları təhqir edib, öləni də, qalanı da, ağsaqqalı da, cavanı da”.

Milli Meclis: MİLLİ MƏCLİSİN NÖVBƏDƏNKƏNAR SESSİYASININ İCLASINDA

Deputatların Vahid Əhmədovla bağlı çıxışlarından sonra spiker Sahibə Qafarova növbəti dəfə komissiya sədri Eldar İbrahimova müraciət edərək, “hörmətli Eldar müəllim, bu gün bu məsələ ilə çox ciddi məşğul olun və mənə məruzə edin”, - deyə bildirib.

 Daha sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında” hesabatını deputatlara təqdim edib. V.Gülməmmədov bildirib ki, 2022-ci ildə Hesablama Palatası Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 4 uyğunluq auditi aparıb. Onun sözlərinə görə, auditlərdən biri pre-audit formasında aparılıb, başqa sözlə, fiziki işlər tamamlanmamışdan əvvəl həyata keçirilib: “Həmin audit 1 il bundan əvvəl yol çəkilişinə sərf olunmuş vəsaitləri əhatə edib. Layihə, smeta, ekspertiza və iş həcmi cədvəli və digər sənədlər paralel aparıldığından bir-biri ilə tam uzlaşmadığına görə Palatanın kollegiyası auditin nəticəsi olaraq bu sənədlərin yenidən işlənməsi ilə bağlı audit obyektinə qərarını göndərib”. Hesablama Palatasının sədrinin sözlərinə görə, ötən il Qarabağda 2 audit nəticəsində 1,4 milyon manat vəsait bərpa edilib. 1 audit isə işlər tam və dolğun şəkildə sənədləşmədiyi üçün təxirə salınıb.

 Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentdəki çıxışında bildirib ki, Hesablama Palatası haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, ali audit orqanı olan və kənar dövlət maliyyə nəzarəti həyata keçirən Hesablama Palatası öz fəaliyyəti barədə Azərbaycan Respublikasının Milli Məclisinə illik hesabat təqdim edir. Bu fəaliyyətin istiqamətləri isə müvafiq Qanunun 6-cı maddəsi ilə müəyyən edilib: “Palatanın 2022-ci ildəki fəaliyyəti ilə bağlı hazırladığı hesabat Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində geniş təqdimat və müzakirə edilib. Komitə üzvləri hesabatla bağlı öz fikirlərinin, təkliflərini və iradlarını bildiriblər. Təqdim edilən Hesabat 2022-ci ildə Hesablama Palatasının iş planı ilə nəzərdə tutulmuş və həyata keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbirləri, büdcə qanunvericiliyinin tələb etdiyi fəaliyyət, həmçinin palatanın hesabat ilində cari fəaliyyəti ilə bağlı digər məlumatları özündə əks etdirir. Hesabata audit, analitik və monitorinq fəaliyyəti ilə bağlı məlumatlar daxil edilmişdir. İlk dəfə olaraq bu hesabatda nəticəəsaslı büdcə modelindən istifadə edilib. Yəni planlaşdırılmış və icra edilmiş fəaliyyətlər müvafiq büdcə və nəticə göstəriciləri qeyd olunmaqla göstərilib. Hesabatda audit təsirinin ölçülməsi üzrə keçən ildən tətbiq edilən yanaşmanın genişləndirilməsini, fəaliyyətin kəmiyyət göstəriciləri ilə yanaşı keyfiyyət göstəriciləri, o cümlədən nəzərə alınmış təklif və tövsiyələr barədə məlumatların verilməsini təqdirə layiq hal hesab edirik”.

Komitə sədri qeyd edib ki, 2022-ci ildə ölkəmizdə demək olar bütün sahələrdə iqtisadi artım qeydə alınıb: “Belə ki, 2022-ci ildə ÜDM 4.6%, qeyri-neft-qaz sektorunda ÜDM 9.1% artıb. ÜDM mütləq ifadədə hesabat ilində 134 mlrd. manata çatıb. Dövlət büdcəsinin gəlirləri 29 mlrd. 197.8 mln manat proqnoza qarşı 30 mlrd 679.6 mln. manat və ya 1 mlrd 481.8 mln. manat artıq icra edilib. Dövlət büdcəsinin xərcləri isə 32 mlrd. 063,1 mln. man və ya proqnozun 99.3%-i həcmində icra olunub. 2022-ci ildə dövlət büdcə xərcləri 2021-ci ilə nisbətən 4 mlrd 640,7 mln. manat çox icra edilib. Bütün bu rəqəmlər palatanın potensial fəaliyyət dairəsinin 2022-ci ildə daha da artdığını deməyə imkan verir”.

T.Mirkişili qeyd edib ki, hesabat ilində palata tərəfindən monitorinq fəaliyyətinin kəskin genişləndirilməsini, verilən təkliflərin izlənməsinin artırılmasını təqdirəlayiq hal hesab edirik: “Ümumiyyətlə, düşünürük ki, hər il nəzarət tədbirləri zamanı aşkar edilən nöqsanların təkrarlanması bu halların olmaması üçün verilən bütün təkliflərin izlənməsini vacib edir. Bunu üçün Palatanın fəaliyyətində nöqsanların müəyyən edilməsi ilə yanaşı, bu nöqsanların bir daha olmaması üçün fəaliyyətlərinin gücləndirilməsini vacib sayırıq.

Hesabatda 2022-ci ildə qanunvericiliyin pozulması, tənzimləyən hüquqi aktların aparılan 28 uyğunluq auditindən 26-da büdcə, yenə 26-da dövlət satınalmaları sahəsinin pozulması, 14-də əməyin ödənişi sahəsində qanunvericiliyin pozulması hallarına rast gəlinməsi göstərilib. Ümumilikdə uyğunluq auditi ilə aşkar edilmiş maliyyə pozuntularının həcminin 481.2 mln. manata çatması, bunun da 349.9 mln manatının (73%) bərpası üçün əsasların müəyyən edilməsinin mümkün olmaması hesabatda öz əksini tapıb".

Komitə sədri Siyavuş Novruzov deyib ki, hesabat yüksək səviyyədə hazırlanıb və ona səs verəcək. S.Novruzov konkret təkliflərini səsləndirib. Bildirib ki, qanunvericiliyə uyğun olaraq cərimələrdən yığılan 25 faiz vəsaitlə bağlı şəffaflığa ehtiyac var. “İstərdim Hesablama Palatası gələcəkdə həmin vəsaitin sərf olunduğu sahələri göstərsin”. Komitə sədri digər təklifini də səsləndirib: “Həmçinin cənab prezident bayram günlərində, yaxud bölgələrə səfərləri zamanı Prezidentin Ehtiyat Fondundan ayrı-ayrı sahələrə vəsait ayırır. Yaxşı olar ki, gələcəkdə Hesablama Palatası həmin vəsaitin hara xərclənməsi məsələsini də hesabata daxil eləsin”.

Müzakirələrdən sonra Hesablama Palatasının hesabatı qəbul olunub.

Elşad PAŞASOY,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR