İnsanlara hürriyət, millətlərə istiqlal!

Manatımızın dünəni və bu günü - dünyada neçənci yerdədir?

İqtisadçı: “Manat reytinqdə Gürcüstan, Türkiyə, Rusiya milli valyutasından öndədir və...”

Azərbaycanın milli valyutası - manatın dövriyyəyə buraxılmasından 32 il ötür. Milli pul vahidi olan manat 1992-ci il avqustun 15-də tədavülə buraxılıb. Azərbaycan Respublikasının birinci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilib.

Ölkədə pul tədavülünün yaradılmasının və təşkil edilməsinin əsası Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli “Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında” Fərmanı ilə Milli Bankın yaradılması və Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 15 iyul tarixli “Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında” Fərmanına müvafiq olaraq milli valyutanın dövriyyəyə buraxılması ilə qoyulub. Bununla əlaqədar olaraq, 1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq əsginaslar, noyabrda 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrda 5 manatlıq əsginas, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manat nominallı kağız əsginaslar dövriyyəyə buraxılıb. 

Manatımız bu 32 ildə hansı mərhələləri keçib? Neçə dəfə forması dəyişib, neçə devalvasiya, denominasiya olub? Bu gün milli valyutamız möhkəmliyinə görə dünyada neçənci yerdədir? 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən 2005-ci il fevralın 7-də “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərman imzalanıb. Fərmana uyğun olaraq, 2006-cı il yanvarın 1-dən etibarən yeni manata keçidlə əlaqədar 1 yeni manat (AZN) 5000 köhnə AZM-ə bərabər tutulub. AZM və AZN-in birgə 1 il ərzində - 2006-cı ildə dövriyyədə olub və yalnız 2007-ci il yanvarın 1-dən isə yeni manata tam keçid təmin edilib. Lakin AZM-lərin AZN-lərə dəyişdirilməsi prosesinə heç bir məhdudiyyət qoyulmayıb və hazırda da bu proses xırda həcmdə olsa da davam edir. Dövriyyəyə buraxılan yeni manat 1, 5, 10, 20, 50, 100 ekvivalentində olan əsginaslar və 1, 3, 5, 10, 20, 50 metal pul nişanlarından ibarət olub. Yeni manatın dizaynı ilə bağı müsabiqənin qalibi Avstriyanın “OeBS” şirkətinin dizayneri, avronun müəllifi Robert Kalina olub. Yeni nəsil pul nişanlarının texniki parametrləri isə İsveçrə Milli Bankının texniki dəstəyi ilə hazırlanıb.

Azərbaycan Mərkəzi Bankı tərəfindən hazırda beynəlxalq təcrübədə mövcud olan ən son innovasiyaların və texnologiyaların tətbiqi yolu ilə milli pul nişanlarımızın yenilənməsi prosesləri çərçivəsində “Qarabağ” mövzusuna həsr olunan yeni 20 manatlıq pul nişanı Mərkəzi Bankın 30 illik yubileyi ərəfəsində tədavülə buraxılıb. “Qarabağ” mövzusuna həsr olunmuş bu pul nişanı üzərində əsas dizayn motivləri - Azərbaycan xalqının qüdrətini, gücünü və mübarizə əzmkarlığını əks etdirən qılınc, dəbilqə, qalxan təsvirləri və eləcə də bir sıra digər dizayn elementləri, o cümlədən Qarabağ florasının incisi sayılan və qələbə rəmzini simvolizə edən Xarıbülbül nişanəsi və “Qarabağ” sözü ön plana çəkilib. Yenilənmiş 20 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.

Eyni zamanda AMB tərəfindən 10, 20 və 50 qəpiklik metal pul nişanlarının dizaynına Dövlət Gerbi və istehsal ili əlavə olunaraq yenilənməsi həyata keçirilib. Yenilənmiş metal pul nişanlarının texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz olaraq saxlanılıb. Yenilənmiş metal pul nişanları hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.

2023-cü il mayın 10-dan Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkəmizin tarixində ilk dəfə olaraq yüksək əyarlı Azərbaycan qızılından hazırlanmış investisiya məqsədli pul nişanlarını tədavülə buraxıb. Eyni zamanda Mərkəzi Bank ənənəsinə sadiq qalaraq Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik tarixinin əbədiləşdirilməsi məqsədilə yubiley pul nişanlarını da tədavülə buraxıb. Bu pul nişanları xüsusi dövlət tədbirləri üçün nəzərdə tutulub. Bu yubiley və investisiya məqsədli pul nişanları Böyük Britaniyanın “The Royal Mint” şirkətində ən yüksək beynəlxalq standartlara uyğun istehsal edilib. Pul nişanlarının əsas dizayn elementləri kimi ön tərəfində Ulu öndərin portretinin profil görüntüsü, imzası və “Heydər Əliyev” yazıları, arxa tərəfində isə “Azərbaycan Respublikası” sözləri, Dövlət Gerbinin təsviri, pul nişanının nominalı və milli naxışlar əks olunub.

Bu il Azərbaycan Mərkəzi Bankı tərəfindən yenilənmiş 1 qəpiklik metal pul nişanları tədavülə buraxılıb. Tədavülə buraxılan yenilənmiş 1 qəpiklik metal pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Dövlət Gerbi, eləcə də pul nişanının istehsal ili əks olunub. Yenilənmiş 1 qəpiklik metal pul nişanının digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb. Yenilənmiş 1 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.

Ölkəmizdə ilk dəfə olaraq tədavülə buraxılan investisiya məqsədli pul nişanlarının satışı və geri alışı Mərkəzi Bank tərəfindən həyata keçirilir. Beynəlxalq təcrübəyə uyğun olaraq bu pul nişanları uzunmüddətli investisiya aləti və əhalinin yığım vasitəsi kimi istifadə olunması məqsədilə yüksək əyarlı qızıldan hazırlanmış və buraxılış limitinə məhdudiyyət qoyulmadan tələbə uyğun istehsal edilərək tədavülə buraxılır. İnvestisiya məqsədli pul nişanları 1 Oz (31.1 qr.), 1/2 Oz (15.55 qr.), 1/4 Oz (7.78 qr.), 1/10 Oz (3.11 qr.) çəkilərdə tədavülə buraxılıb. Yubiley və investisiya məqsədli pul nişanları nominal dəyərləri ilə ölkə ərazisində qanuni ödəniş vasitəsidir.

ELDENİZ SON.jpeg (283 KB)

Eldəniz Əmirov

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı Eldəniz Əmirov “Yeni Müsavat”a fikirlərini bildirib: “Manatın dövrünü iki hissəyə bölmək olar. Birinci manat 1919-1923-cü illər arasında mövcud olmuş, ikinci manat 1992-2006-cı illərdə, üçüncü manat isə 2006-cı ildən sonrakı dövrü əhatə edir. Məhz bugünkü manatımız 2006-cı ildə yenidən, yəni re-denominasiyadan sonra olan manatdır. İkinci manat məhz 1992-ci ilin avqustunda sovet rublunu əvəz etdi. 10 manatın bir manat məzənnəsi ilə. Davamlı olaraq da artıq 2005-ci ilə qədər də neft hasilatının artması, başqa sözlə, mədən sənayesinin inkişafı və bu istiqamətdə gedən digər iqtisadi artımlar hesabına manat getdikcə güclənməyə başladı. 2005-ci ildə artıq bir dollar 4600 manata yaxın idi. Bu isə denominasiyanı qaçılmaz edirdi. Buna görə də artıq 2006-cı il yanvarın 1-dən başlayaraq bir yeni manatın beş min köhnə manatı əvəzləməsi, yəni birin beş minə nisbəti ilə denominasiya prosesi reallaşdırıldı. Bugünkü manatın dövrü 2006-cı ilin 1 yanvarından başladı. Həmin dövrdə əsginaslar buraxıldı, demək olar ki, fərq olmadı. Yalnız 12 il sonra 200 manatlıq dövriyyəyə buraxıldı. 2021-ci ildə isə artıq xəritə əsginası deyə 500 manatlıq dövriyyəyə buraxıldı”. 

Ekspert manatın milli valyutalar arasında möhkəmliyi ilə bağlı məsələyə də toxundu: “Möhkəmlik ifadəsi beynəlxalq statistik reytinqlərdə daha çox milli valyutaların reytinqi olaraq göstərilir. Əsasən də reytinqlər dollarlara görə sıralanır. Dünya pulu olan dollar və istər ehtiyatların saxlanılması baxımından, istər ticarətin edilməsi baxımından, daha çox üz tutulan və dayanıqlı qəbul edilmiş vəsait milli valyuta olan dollar olduğundan məhz reytinqlər də dollara görə nizamlanır. Məsələn, hətta ”Forbes" jurnalı da dünyanın ən güclü valyutalarını sıralayarkən dolları 10-cu yerdə göstərib. Ona görə ki, bir dollar, bir bərabərdir bir nisbətində götürülür. Bu zaman birinci yerdə Küveyt dinarı gəlir, daha sonra Bəhreyn, Ömər, İordaniya, Britaniya və s. kimi sıralanır. Bu reytinqdən dolayı Azərbaycan manatı 226 milli valyuta arasında 68-ci yerdədir. Ümumiyyətlə, dünyada 226 milli valyuta arasında 68-ci yerdədir. Gürcüstan milli valyutası 77-ci, Türkiyə milli valyutası 133-cü, Rusiya milli valyutası 177-ci, İran isə ümumiyyətlə milli valyutalar arasında ən sonuncu - 226-cı yerdə qərarlaşıb".  

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR