Onlayn ictimai-siyasi qəzet
Taleh Kazımov: “Strategiya vətəndaşların güclü və dayanıqlı maliyyə sistemindən faydalanmaq imkanlarını daha da artıracaq”
Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nı təsdiq edib. Mərkəzi Bankdan “Yeni Müsavat”a verilən məlumata görə, Strategiya ölkədə maliyyə sisteminin mühüm sektorları olan sığorta, kapital bazarları və ödəniş sistemlərinin inkişaf etdirilməsi, habelə bank sektorunun dayanıqlılığının daha da gücləndirilməsi kimi prioritetləri ehtiva edir. Strategiya maliyyə inklüzivliyinin genişləndirilməsi, maliyyə xidmətlərinin əhatəliliyinin artırılması və maliyyə alətlərinin şaxələndirilməsi, sektorda səmərəliliyin yüksəldilməsi, korporativ idarəetmənin tətbiqi, habelə şəffaflıq və dayanıqlılığının gücləndirilməsi kimi strateji məqsədləri özündə əks etdirir.
Sənəd həmçinin hər sektorun ehtimal olunan bazar potensialını, Mərkəzi Bankın müvafiq keyfiyyət tələblərini və risk əsaslı nəzarət mexanizmlərini, rəqəmsal maliyyə, dayanıqlı maliyyə, peşəkar inkişaf və əhalinin maliyyə biliklərinin artırılması kimi istiqamətləri müəyyən edir: “Strategiyada sürətli inkişaf mərhələsində olan sığorta sektoru üzrə vasitəçi və satış kanallarının (sığorta agentləri və brokerləri daxil olmaqla) genişləndirilməsi, könüllü və icbari sığortanın təşviqi, sığorta məlumat və monitorinq mərkəzinin yaradılması, eləcə də korporativ idarəetmənin gücləndirilməsi və risk əsaslı prudensial tənzimləmənin həyata keçirilməsi məsələləri nəzərdə tutulub”.
Mərkəzi Bank sığorta sektoru üzrə əsas strateji hədəflər olaraq sığorta təminatının genişləndirilməsi və istehlakçı hüquqlarının effektiv müdafiəsini təmin etməyi, bununla da sığortaya olan inam indeksinin 66 faizdən 80 faizə yüksəldilməsini müəyyənləşdirib. Bundan əlavə, sığortaçıların ödəmə qabiliyyətinin artırılması ilə yanaşı, adambaşına düşən ümumi sığorta haqqının cari 121 manatdan potensial olaraq 195 manata çatdırılması nəzərdə tutulur. Qurum bildirir ki, bu kompleks yanaşma riskləri effektiv idarə etməklə iqtisadi artımı dəstəkləmək məqsədi daşıyır.
Strategiyada Mərkəzi Bankın kapital bazarlarının inkişafına dair hədəfləri də müəyyən olunub. Sənədə görə, yüksək inkişaf potensialı olan kapital bazarları üzrə strategiya ölkədə kapital bazarlarının maliyyə sistemində rolunu artırmaq və iqtisadi inkişafa töhfə vermək məqsədi daşıyır. Strategiyada kapital bazarları üzrə əsas strateji hədəflər bazar infrastrukturunun inkişaf etdirilməsini, bazara olan etimadın gücləndirilməsini və dayanıqlığı, bazara çıxış imkanlarının genişləndirilməsini və investisiya alətlərinin çeşidinin artırılmasını əhatə edir. Bundan başqa, kapital bazarlarının ehtimal olunan potensialının qeyri-neft ÜDM-də payının cari 10 faizdən 14 faizə çatdırılması, əhalinin kapital bazarlarında investisiyalarının həcminin cari 150 milyon manatdan potensial olaraq 1 milyard manata qədər yüksəldilməsi və effektiv nəzarət çərçivəsinin formalaşdırılması nəzərdə tutulur.
Hazırlanan sənəddə ödəniş sektorunda innovativ həllərin tətbiqi ilə yanaşı ödəniş xidmətlərinə əlçatanlığın artırılması, ödəniş bazarında şəffaflıq və rəqabətliliyin gücləndirilməsi də diqqət mərkəzindədir: “Ödəniş xidmətləri üzrə təhlükəsizliyin və səmərəliliyin təmin edilməsi məqsədilə milli ödəniş sisteminin müasirləşdirilməsi, bazar iştirakçıları üçün əlverişli mühitin yaradılması və effektiv nəzarət çərçivəsinin formalaşdırılması da nəzərdə tutulur. Ödəniş sektoru üzrə başlıca strateji hədəf olaraq adambaşına düşən orta illik nağdsız əməliyyat sayının cari 93-dən potensial olaraq 200-ə çatdırılması planlaşdırılır. Nəticə etibarilə, rəqabət qabiliyyətli və innovativ ödəniş ekosisteminin formalaşdırılması və nağdsız ödənişlərin genişləndirilməsi iqtisadi artıma əhəmiyyətli töhfə verəcəyi gözlənilir”.
Mərkəzi Bankın hazırladığı Strategiyada həmçinin ESİ (ekoloji, sosial və idarəetmə) və dayanıqlı maliyyə meyarlarının maliyyə xidmətlərinə inteqrasiyası, rəqəmsal maliyyə həllərinin inkişafı, bu sahədə innovasiyaların geniş miqyasda təşviqi və kibertəhlükəsizliyin gücləndirilməsi təşəbbüsləri də əhatə olunub: “Bundan əlavə, maliyyə sektorunda çalışan mütəxəssislərin peşəkarlıq səviyyəsinin daha da artırılması, habelə, cəmiyyətdə maliyyə biliklərinin və əlçatanlığının təşviqi kimi fundamental məsələlər strategiyada öz əksini tapıb”.
Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov hesab edir ki, “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nın hədəflərinin və prioritetlərinin uğurla həyata keçirilməsi ölkənin makroiqtisadi və maliyyə sabitliyinə töhfə verəcək, vətəndaşların güclü və dayanıqlı maliyyə sistemindən faydalanmaq imkanlarını daha da artıracaq.
Mərkəzi Bank bəyan edir ki, təsdiqlənən Strategiyanın icrası barədə məlumat illik əsasda ictimaiyyətə təqdim olunacaq.
Strategiyada ölkənin kapital, bank, sığorta və sair sahələri üzrə konkret hədəflər müəyyənləşdirilib. Sənədə əsasən Azərbaycanın kapital bazarında rəqəmsal vasitələrlə həyata keçirilən əməliyyatların cəmi əməliyyatlardakı payının cari 0 faizdən 70 faizə çatdırılması hədəflənir. Sənədə əsasən, kapital bazarındakı fərdi depo hesablarının sayının cari 1 mindən potensial olaraq 50 minə, həmçinin borc kapital bazarı vasitəsilə real sektor müəssisələrinin maliyyələşdirilməsinin cari 500 milyon manatdan potensial olaraq 1,5 milyard manata yüksəldilməsi hədəflənir.
Bundan başqa, kapital bazarlarına investisiya etməyə sərf edilən orta vaxtın cari 1 gündən potensial olaraq 15 dəqiqədən aşağı endirilməsi nəzərdə tutulur.
Mərkəzi Mankın daha bir hədəfi kart əməliyyatlarında nağdsız ödənişlərin çəkisinin indiki 55 faizdən potensial olaraq 70 faizə çatdırılmasıdır. Strategiya sənədinə əsasən, ani ödənişlərin Milli Ödəniş Sistemi əməliyyatlarında çəkisinin cari 0,39 faizdən potensial olaraq 25 faizə, eləcə də pərakəndə ticarət dövriyyəsində nağdsız ödənişlərin çəkisinin cari 21,1 faizdən potensial olaraq 40 faizə, cari hesablardan aparılan müştəri köçürmələrində rəqəmsal bankçılığın çəkisinin cari 80 faizdən potensial olaraq 90 faizə çatdırılması planlaşdırılır.
Baş tənzimləyici Azərbaycanda sığorta sektorunun aktivlərinin cari 1,9 milyard manatdan potensial olaraq 3,7 milyard manata çatdırılmasını da 2026-cı ilədək qarşıya hədəf qoyub: “Ölkədə könüllü sığorta üzrə sığorta haqlarının cari 350 milyon manatdan potensial olaraq 630 milyon manata, həyat sığortası üzrə sığorta haqlarının isə cari 124 milyon manatdan 280 milyon manata çatdırılması hədəflənir”.
Bundan əlavə, sığorta sahəsində atılacaq addımlar sırasında aqrar sığorta, həyatın yaşam sığortası sahələrininb yenidən dizayn olunması, mikrosığorta bazarının yaradılması və inkişaf etdirilməsi də var. Eyni qaydada əmlakın sığortası, sərnişinlərin fərdi qəza sığortası sahələrinin də dizaynının yenilənməsi planlaşdırılır. İcbari sığortalar sahəsində Mərkəzi Bank yeni icazə növlərini tətbiq etmək niyyətindədir.
Strategiya sənədində həmçinin bank sektorunda əlverişli və məsuliyyətli bank xidmətlərinin genişləndirilməsi vasitəsilə dayanıqlı inkişafın dəstəklənməsi nəzərdə tutulur. Bu məqsədlə bank sektoru üzrə bazarın genişləndirilməsi, bank olmayan kredit təşkilatlarını inkişaf etdirməklə onların iqtisadiyyatın maliyyələşməsində rolunun yüksəldilməsi, eləcə də nəzarət çərçivəsinin müasirləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Bu çərçivədə, bank sektorunda biznes kreditlərinin həcminin ehtimal olunan potensialının 16.5 milyard manata çatdırılması, müvafiq korporativ idarəetmə, şəffaflıq və rəqabət qabiliyyətliliyinin inkişafı və risk əsaslı tənzimləmə və nəzarətin gücləndirilməsi hədəflənir.
Qeyd edək ki, AMB-nin rəsmi statistikasına əsasən 2023-cü ildə Azərbaycanda bankların kredit portfeli 18,3 faiz və ya 3,6 milyard manat artıb. Kredit portfelinin artımının 49 faizi biznes, 33 faizi istehlak, 18 faizi isə ipoteka kreditləri hesabına təmin edilib. 2024-cü ilin əvvəlinə bankların verdiyi biznes kreditləri ümumi portfelin 54.4 faizinə bərabər olmaqla, 12 milyard 616.8 milyon manat, istehlak kreditləri 29.9 faizinə bərabər olmaqla 6 milyard 937 milyon manat, ipoteka kreditləri 15.7 faizə bərabər olmaq 3 milyard 629.2 milyon manat təşkil edib. Nəzərə alsaq ki, 2022-ci ildə 2022-ci ildə biznes kreditləri 11,4 faiz artaraq, 10 milyard 855,06 milyon manata çatmışdı, onda aydın olar ki, 2023-cü ildə bankların biznes kredit portfeli 16,2 faiz, yaxud 1 milyard 761,74 milyon manat artıb. Bu isə o deməkdir ki, Mərkəzi Bank 2024-2026-cı illər ərzində Azərbaycanda biznes kreditlərinin həcmində 3 milyard 883,2 milyon manat və ya orta illik 1,3 milyard manat artım gözləyir. Bu, 2023-cü ildə əldə olunan artımdan 300 milyon manata yaxın azalma deməkdir. Belə görünür ki, Mərkəzi Bankda Azərbaycanda biznesin inkişaf potensialına mühafizəkar, yaxuddaha real yanaşma mövcuddur. Bunun da səbəbi bəllidir: biznes kreditlərinin həcmində artım belə kreditlərə tələbatla, sonuncu isə kredit götürmək potensialı olan sahibkarlıq subyektlərinin sayının artımı, həmçinin biznesin genişlənməsi imkanlarının artması ilə bağlıdır. Real sektorun dinamik inkişafı təmin olunmadığı bir şəraitdə biznes kreditlərinə tələbatın artmasını gözləmək qeyri-mümkündür. Biznesdən tələb olmadığı müddətdə hətta banklar kredit faizlərini endirsələr belə, təklifi dəyərləndirəcək subyekt olmadığı üçün verilən kreditlərin həcmində artım cüzi olaraq qalacaq...
Dünya SAKİT,
“Yeni Müsavat”
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ