İnsanlara hürriyət, millətlərə istiqlal!

Makronun cavab verə bilmədiyi sadə sual: Parisdə niyə “Artsax” nümayəndəliyi saxlanılır?

 

Xəbər verdiyimiz kimi, yanvarın 23-24-də Kanakidə (Yeni Kaledoniya) Fransa müstəmləkəsi olan əraziləri özündə birləşdirən Beynəlxalq Dekolonizasiya Cəbhəsinin ilk konqresi keçirilib.

Konqresdə Yeni Kaledoniya, Fransız Polineziyası, Martinik, Qvadelup, Fransız Qvianası və Korsikanın müstəqilliyi uğrunda mübarizə aparan parlamentarilər, siyasi partiyalarının liderləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, ictimai hərəkatların başçıları və digərləri iştirak edib. Bakı Təşəbbüs Qrupunun nümayəndələrinə konqresdə iştirak üçün viza verilməməsi səbəbindən təşkilat sözügedən konqresin işinə onlayn qatılıb. Bu xüsusda, BTQ-in rəhbəri Abbas Abbasov konqresdə video-formatda çıxış edib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin Kanak xalqına qarşı törədilmiş cinayətləri açıq şəkildə pislədiyini və müstəmləkə altında olan regionlara dəstəyini ifadə etdiyini xatırladıb.

Kanak xalqı minnətdarlıq əlaməti olaraq Azərbaycan bayrağını yenidən paytaxt Numea şəhərində ucaldıb.

3f5b0040-5492-34ac-9607-f3881cf8.jpg (71 KB)

Lakin görünür, Yeni Kaledoniyada keçirilən tədbir Fransada narahatlıq və təşviş yaradıb. İlk reaksiya Fransanın xarici işlər naziri Jan-Noel Barrotdan gəlib.  Hər zaman Ermənistana dəstəyi ilə seçilən nazir Bakı Təşəbbüs Qrupunu Yeni Kaledoniyada milli siyasi həyatı pozmağa cəhddə günahlandırıb. Fransanın keçmiş baş naziri Qabriel Attal da heç ondan geri qalmayıb. O, “dekolonizasiya” konqresinin keçirilməsini təxribat kimi qələmə verib. Deputat Valerie Boyer  də onlara qoşulub və sərsəm fikirlər səsləndirib. Bir sözlə, Emmanuel Makrondan başqa hamı reaksiya verib, Fransanın ədalət qarşısında dözümsüzlüyünü və zəifliyini göstərib.

Məsələnin maraqlı tərəfi odur ki, Fransa Azərbaycanı hibrid müharibəsində ittiham edir, lakin Azərbaycanın vaxtı ilə işğalda olan ərazilərinə o zamankı  qanunsuz səfərləri unudur. Əgər unudubsa, biz yadına salarıq: 2011-ci ilin avqustun 23-də Fransanın Sent-Etyen şəhərinin meri Qarabağa qanunsuz səfər etdi.  “Fransa-Artsax” dostluq qrupunun üzvü Qael Perdrion da onunla birgə Azərbaycanın işğal altında olan Qarabağ bölgəsinə gəldi və “Dostluq bəyannaməsi” imzalandı.

2018-ci ilin oktyabrında Fransanın Sent Etyen şəhərinin meri və Arnuvil bələdiyyəsinin rəhbəri Azərbaycanın icazəsi olmadan Qarabağa qanunsuz səfər etdilər və separatçılarla bir sıra görüşlər keçirdilər.

Bundan sonra Fransanın Bakıdakı səfiri Oreliya Buşe Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldı. Fransa nümayəndələrinin bu kimi addımlarına hüquqi və siyasi qiymətləndirmə verildi, Fransa hökuməti bu ölkənin fiziki və hüquqi şəxslərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısının alınması üçün effektiv tədbirlər görməyə çağırıldı və qarşı tərəfə Azərbaycan XİN-in rəsmi notası təqdim olundu.

Elə həmin ilin martında Fransanın Buk-Bel-Er şəhərinin nümayəndə heyəti də qanunsuz olaraq Qarabağ bölgəsinə qanunsuz səfər etdi.

Məlumata görə, fransız nümayəndə heyətinə şəhər meri Rişar Malye rəhbərlik edib.

Ən xoşagəlməz məqam ondan ibarət idi ki, bu bələdiyyə başçıları işğal olunmuş ərazilərə, xüsusilə Şuşaya, Laçına gedərək həmin ərazilərin qondarma rəhbərləri ilə “bəyannamələr”, “bəyanatlar” imzalayırdılar.

Belə sənədlərin imzalanması o demək idi ki, Fransanın bələdiyyə başçıları Azərbaycan torpaqlarının işğalını, azərbaycanlıların əzəli, tarixi torpaqlarından etnik təmizlənmələrini qəbul edir, faktiki etnik təmizləmələri dəstəkləyirdilər.

 Bu, özlüyündə bir cinayətdir. Halbuki  Azərbaycan Fransadan ATƏT-in Minsk qrupunun həmsədri, həm də BMT-nin Təhlükəsizlik Şurasının üzvü olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılması ilə bağlı bəyanatları gözləyirdi. Təəssüf ki, biz bunların heç birinə rast gəlmədik.   

377f8510-9f98-3c6d-a8b9-1420f0ae.jpg (55 KB)

Hələ Vətən müharibəsindən sonra da Qarabağa qanunsuz səfərlər davam edirdi. Fransanın baş naziri Mişel Barnier 2021-ci ilin 21-23 dekabrında Fransada prezidentliyə namizəd Valeri Pekreslə birgə Azərbaycan ərazilərində erməni separatçılarının yerləşdiyi ərazilərdə oldu.

O,  V.Pekresin Azərbaycana qarşı bəyanatlarına dəstək verirdi. Belə ki, Qarabağ bölgəsinə qanunsuz səfər edənlər Azərbaycandan səfirin geri çağırmalı olduğunu və rəsmi Bakıya qarşı sanksiyaların tətbiq edilməsini təklif edirdilər. 2022-ci ildə rusiyalı sülhməramlıların müvəqqəti olaraq məskunlaşdığı Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfər edən əcnəbilər arasında Rusiya, ABŞ, Fransa, Almaniya çoxluq təşkil edir.

2022-ci ilin dekabrında separatçıların başçısı Araik Arutyunyan Fransaya getdi. Bu barədə Fransanın İle-de-Frans şəhəri şurasının sədri Valeri Pekres Tvitter hesabında yazmışdı. Pekres bu səfər çərçivəsində separatçıların başçısı ilə görüşdüyünü bildirmişdi. Anti-Azərbaycan mövqeyi ilə tanınan Pekres Araiki “artsax prezidenti”, Azərbaycan ərazilərindəki qondarma qurumu isə “respublika” adlandırmışdı. Arayikin Fransaya səfərə dəvət edilməsi separatizmə açıq dəstəkdən başqa bir şey deyildi.  Fransa illərlə ATƏT-in Minsk qrupunun həmsədri kimi guya, Qarabağ münaqişəsinin həlli üçün çalışıb...Fransanın sadaladığımız bu addımları ərazi bütövlüyünə müdaxilə deyildisə, bəs nə idi? Hələ onu demirik ki, keçmiş separatçı rejimin “Artsax” nümayəndəliyi Parisdə saxlanmaqdadır. Bəs buna nə ad verək? Bəlkə, hibrid müharibəsi?!

Belə olan halda E. Makron niyə Yeni Kaledoniyada konqres keçirilməsindən həm cırnayır, həm də inciyir.  Yeni Kaledoniyalıların Fransa müstəmləkəsindən qurtulmaq istəyi təməl haqlarıdır.  Amma Fransa hakimiyyəti bu haqqı tanımaq, öz əməllərindən dərs çıxarmaq əvəzinə bir tərəfdən yerli əhaliyə qarşı cinayətlərini davam etdirir, digər tərəfdən isə günahı Azərbaycanda axtarmağa çalışır.

Makron Azərbaycanı Yeni Kaledoniyada müstəqillik tərəfdarlarının etirazlarını dəstəkləməkdə ittiham etmək əvəzinə, ölkəsinin bu cür etirazlara səbəb olan dənizaşırı bölgələri ilə bağlı uğursuz siyasətinə diqqət yönəltməlidir.


Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR