İnsanlara hürriyət, millətlərə istiqlal!

Makronun “Azərbaycanı Rusiyaya bağlamasının” səbəbi

Fransa lideri Qərbdəki anti-Rusiya ovqatından istifadə edərək ölkəmiz əleyhinə yeni kampaniya başlamağa cəhd edir

Fransa prezidenti Emmanuel Makron yanvarın 6-da səfirlər konfransında çıxışı zamanı bildirib ki, “Ermənistana münasibətdə Rusiya müttəfiqlik əlaqələrinə dəyişiklik edərək, Azərbaycanın fəaliyyətini dəstəkləyib”. O həmçinin qeyd edib ki, “Fransanın özü son aylarda bir çox dənizaşırı ərazilərində, xüsusilə də yeni Kaledoniyada Azərbaycan tərəfindən qəbuledilməz müdaxilələrlə hücumlara məruz qalıb. Bizim beynəlxalq hüququ və Ermənistanı müdafiə etdiyimizi anlamayan Azərbaycan bununla məsələni həll etdiyini düşünür”.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Makronun  iddialarını əsassız  və real faktları təhrif edən təxribat adlandırıb: “Maraqlıdır ki, özünü beynəlxalq hüququn müdafiəçisi kimi təqdim edən Fransa Azərbaycana münasibətdə beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasını, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətini, kütləvi qırğınları və insanlıq əleyhinə cinayətləri heç zaman tənqid etməyib. Fransa tərəfinə bir daha xatırlatmaq istərdik ki, Azərbaycanın öz suveren ərazilərində beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həyata keçirdiyi haqq-ədalət müharibəsi yalnız Ermənistanın işğalına son qoymaq məqsədilə aparılıb. Bölgədə sülh üçün real şərait yarandığı bir dönəmdə, Azərbaycanın öz əraziləri üzərində suverenliyini sual altına qoyan, Ermənistanı revanşizmə hazırlayan, bu ölkənin geniş şəkildə silahlanmasını həyata keçirən Fransanın bu kimi təhrikçi açıqlamalarını qətiyyətlə pisləyirik.  

Fransadan sülhə xidmət etməyən və regionda sabitliyi pozan addımlarına son qoymağı tələb edirik", - o vurğulayıb. Qeyd edək ki, Makron bundan əvvəl də   çıxışlarında Azərbaycanı Rusiyaya bağlamağa cəhd edib.

E-huquq | Yusif Bağırzadə prezidentliyə namizəd oldu

 Yusif Bağırzadə

Bu barədə politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, Fransanın uzun illər ərzində Ermənistanla Azərbaycan arasında olan münaqişəyə baxışı hər kəsə yaxşı məlumdur. 30 illik işğal dövründə Fransa da digər həmsədrlər kimi bütün imkanları ilə işğalçı dövlətin cəzalandırılması istiqamətində addımlar atmamaqla və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunması istiqamətində fəaliyyət göstərməməklə əslində anti-Azərbaycan mövqeyi sərgiləyib. İkinci Qarabağ savaşı və ondan sonrakı dövrdə isə bu anti-Azərbaycan mövqeyi faktiki olaraq düşmənçilik münasibətlərinə keçib: “Fransanın müxtəlif Avropa institutlarında və beynəlxalq qurumlarda Azərbaycan əleyhinə qətnamələrin qəbuluna etdiyi cəhdlər, Emmanuel Makronun və digər Fransa rəsmilərinin ölkəmiz əleyhinə bəyanatları, Ermənistanın sürətli şəkildə silahlandırılmasında oynadığı rol bunun bariz sübutudur. Amma məsələ burasındadır ki, Makron və onun hakimiyyətinin bütün cəhdlərinə baxmayaraq, istədiklərinə nail ola bilmədilər. Fransanın diplomatik mübarizədə Azərbaycana uduzduğu ortadadır. BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qətnamənin qəbuluna nail ola bilməməsi, beynəlxalq təşkilatlarda Azərbaycana sanksiyaların tətbiq edilməsinə olan çağırışların cavabsız qalması bir yana, Azərbaycan tərəfindən Fransanın casus şəbəkəsinə vurulan zərbə, rəsmi Parisin müstəmləkə siyasətinin bütün çılpaqlığı ilə beynəlxalq birliyə çatdırılması və nəticədə Fransanın müstəmləkə altında saxladığı bir sıra ərazilərdən faktiki olaraq qovulması Makronu çıxılmaz duruma salıb”. 

Politoloqun fikrincə, odur ki, indi Azərbaycanla təkbaşına və ya indiyə qədər öz tərəfinə çəkdiyi ölkələrlə birlikdə başa çıxmağın mümkünsüzlüyünü dərk edən Makron Qərbdəki anti-Rusiya ovqatından istifadə edərək Azərbaycanı Rusiyaya bağlamağa və bununla da ölkəmiz əleyhinə yeni kampaniyaya başlamağa cəhdlər edir: "Amma onun bu cəhdi də uğursuzluğa məhkumdur. Çünki hər kəs üzdə olan bütün gərgin münasibətlərə baxmayaraq regionda Rusiya ilə ən sıx əlaqələrə malik ölkənin Ermənistan olduğunu bilir. Təsadüfi deyil ki, üç Cənubi Qafqaz ölkəsindən yalnız Ermənistan Rusiyanın faktiki lideri olduğu KTMT və Avrasiya İqtisadi İttifaqının üzvüdür. Rusiya ilə ticarət dövriyyəsinin həcminə görə də birinci yerdə məhz Ermənistan dayanır. Və ən asası məhz Ermənistan Rusiyaya qarşı tətbiq edilən sanksiyaların təsirlərinin azaldılmasında rol oynayır və bu fakt əksər beynəlxalq qurumların hesabatlarında da öz əksini tapıb. Odur ki, Makron Azərbaycanı harasa bağlamaqdansa, öz "kiçik bacı"sının fəaliyyətini təftiş etsə, daha yaxşı olar".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Yanvar 2025

08 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR