İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron gedir, Ərdoğan gəlir - Brüssel masası təzədən qurulur?

Avropa İttifaqı Ankaranın Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində vasitəçiliyini dəstəkləyir - maraqlı gəlişmə

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Türkiyənin Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi prosesində birbaşa iştirakını dəstəkləmək üçün bəyanatla çıxış edib.

“Yeni Müsavat” yazır ki, İstanbulda keçirilən “TRT World Forum 2022" çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra Toivo Klaar öz "Twitter" səhifəsində yazıb: "Türkiyə Ermənistan-Azərbaycan münaqişəsinin həllində real yardım göstərə bilər. İnanın ki, bu ölkənin Ermənistanla Azərbaycan arasında münasibətlərin hərtərəfli nizamlanması məsələsində təklif edəcəyi çox şey var".

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin bu bəyanatı Brüsselin Türkiyənin regionda mövqelərinin güclənməsini reallığını qəbul etdiyini təsdiqləyir. O, Ankaranın Azərbaycanla Ermənistan arasında danışıqlar prosesində hansı formada iştirak edə biləcəyini açıqlamayıb, lakin Türkiyənin bu prosesə ciddi təsir göstərmək iqtidarında olduğunu təsdiqləyib.

İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdıqdan sonra Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması da aktuallaşdı. Təsadüfi deyil ki, 2021-ci ilin əvvəlindən Türkiyə və Ermənistan liderləri qonşu dövlətlər arasında münasibətlərin normallaşdırılması prosesinə başlamaq üçün xüsusi nümayəndələr təyin ediblər. Bundan başqa, Avropa İttifaqının Praqa sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk dəfə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Son məlumata görə, tərəflər yaxın vaxtlarda birbaşa uçuşları bərpa edə bilər, lakin indiyədək münasibətlərin normallaşması istiqamətində ciddi irəliləyiş yoxdur. Bunun da əsas səbəblərindən biri Ermənistanın sülh müqaviləsinin imzalanmasında yayınmasıdır. Həm Bakı, həm də Ankara dəfələrlə bəyan ediblər ki, Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması Azərbaycanla sülhün əldə olunmasından, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı məsələnin həllindən asılıdır. Beləliklə, Türkiyə ilə sərhədlərini açmaq və nəqliyyat blokadasından çıxmaq istəyən Ermənistan Azərbaycanla sülhə nail olmaq üçün real addımlar atmalıdır. Ona görə də Türkiyənin bu prosesə ciddi təsir rıçaqları var.

“Görünür, Brüssel bu faktı nəzərə alır və buna görə də Türkiyəni Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsində vasitəçilik etməyə çağırır. Hazırda Ermənistan tərəfinin bu təklifə münasibəti bəlli deyil, amma mühüm detal odur ki, Toivo Klaarın bəyanatı onun ötən həftə İrəvana səfərindən sonra verilib. İndi onun əsas missiyası Brüsselin vasitəçiliyi ilə sülh prosesini inkişaf etdirmək üçün məkik diplomatiyasını həyata keçirməkdir”, - deyə Haqqın.az vurğulayıb.

Digər tərəfdən, daha əvvəl Brüssel prosesinə qoşulan Fransa Prezidenti Emmanuel Makronun vasitəçiliyi mümkünsüz olub. Fransa parlamentinin aşağı və yuxarı palatalarının Azərbaycana qarşı qəbul etdiyi iki qətnamədən sonra rəsmi Bakı sülhün bərqərar olması prosesində Parisin iştirakının yolverilməz olduğunu bəyan edib. Regionda mövqeləri möhkəmlənən Türkiyənin də prosesə qoşulması müsbət nəticələr verə bilər. Həm də o səbəbə ki, Türkiyə ilə Rusiya arasında Cənubi Qafqaz regionu üzrə anlaşma mövcuddur və Moskvanın belə iştiraka qarşı olmayacağını söyləmək olar. Başqa sözlə, istisna deyil ki, Avropa İttifaqı son vaxtlar pozulma təhlükəsi yaranan Brüssel sülh prosesinı həm “təzə nəfəs” vermək, həm də Rusiyanın məlum səbəblərdən ona əngəl yaratmaq səylərini minimuma endirmək niyyəti güdür. 

Brüsselin təklifinə qardaş ölkənin cavabı nə olacaq? Aydındır ki, hər şey Ərdoğandan da asılı deyil. Ən əvvəl İrəvanın, nəhayət, daşı öz ətəyindən töküb iki əsas qonşusu ilə barışığa hazır olmasına bağıdır. Vasitəçi istər Rusiya olsun, istərsə də Qərb və ya Türkiyə (Ərdoğan), artıq fərq eləməz. Ermənistan rəhbərliyi unutmasın ki, düzgün qərar vermək üçün onun zamanı çox qalmayıb və bu gün Bakı və Ankara tərəfindən ona təklif edilənlər sabah edilməyə də bilər - buradan onun üçün çıxacaq bütün ciddi nəticələri ilə birgə.

Ekspertlər necə düşünürlər? Ankara Brüsseli əvəzləyə bilərmi? Paşinyan Türkiyə platformasına necə yanaşacaq?

Erməni xalqı Azərbaycanla qonşu olmaq istəyir - Xəyal Bəşirov - VİDEO

Xəyal Bəşirov 

Siyasi ekspert Xəyal Bəşirov “Yeni Müsavat”a öncə üçtərəfli qaydada Soçi platformasının mövcudluğunu yada saldı: “Burada nəticə olmayanda Brüssel masası quruldu. Bu vasitəçiliyi pozan da Fransa və Ermənistan oldu. İndiki məqamda Qərb və Rusiya rəqabətdədir, bir-birinin platformasına qarşıdırlar. Ona görə hər iki tərəf Türkiyənin vasitəçiliyinə müsbət yanaşa bilər, qıcıq yaratmaz. Hətta Vaşinqton da Ankara platformasını dəstəkləyəcək. Çünki Türkiyə ABŞ-ın NATO-da əsas müttəfiqidir. İlk dəfə real zəmin yaranıb. Türkiyə-Ermənistan münasibətlərinin də normallaşması üçün sinxron proses gedir. Düşünürəm ki, Paşinyan da məsələyə loyal yanaşma nümayiş etdirə bilər. Amma Makron ona təzyiq edərsə, İrəvan Türkiyə masasına oturmaqdan imtina edəcək”.

Siyasi şərhçi onu da xatırlatdı ki, Prezident İlham Əliyev ADA-dakı konfransda yeni platformalara açıq olduğunu vurğulayıb: “Burada yeni platforma Ankara ola bilər. Hər halda, Avstriya olmayacaq ki?! Türkiyə regiondadır, aktivdir, prosesə böyük töhfə verə bilər”.

Siyasi ekspert Ramiyə Məmmədovanın fikrincə, Rusiya Türkiyənin vasitəçiliyinə ürəyində xoş niyyətlə yanaşmasa da, açıq şəkildə qarşı çıxa bilməyəcək: “Moskva Ankara ilə bir sıra məsələlərdə hələ ki dil tapa bilir. Buna periodik yaxınlaşma kimi baxmaq lazımdır. Ancaq Putin Cənubi Qafqazı, Qarabağ məsələsini, sülh müqaviləsi mövzusunu heç kəslə bölüşmək istəmir. Faktiki olaraq Rusiyanın regionda moderatorluq məsələsində şəriki var - Avropa İttifaqı. Türkiyə də Qarabağda, bölgədədir, sahədə də ruslar inhisarı əldən veriblər.

Ona görə cənab Ərdoğan danışıqlarda əsas vasitəçiyə çevrilərsə, müsbət nəticələrə ümid etmək olar. Qərb özü Brüssel platformasını bərpa etmək istəyindədir. Amma hazırda bunun yollarını axtarırlar. Ona görə Toivo Klaar İstanbulda Türkiyənin adını çəkib. Hesab edirlər ki, ən azından Türkiyə vasitəsilə bu masanı yenidən qurmaq mümkündür. Sadəcə, Paşinyan imtina edəcək. Deyəcək ki, Türkiyə burada tərəfdir. Biz də Brüsseldən imtina elədik, Makron tərəf olduğu üçün".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR