Onlayn ictimai-siyasi qəzet
2025-ci ilin magistratura imtahanlarının nəticələri ali təhsil sistemində diqqətçəkən mənzərəni ortaya qoyub. Plan yerlərinin xeyli hissəsi boş qalıb. Rəsmi məlumatlara əsasən, ümumilikdə 3700 boş yer üçün cəmi 1418 nəfər seçim edib. Onlardan isə yalnız 617 nəfər qəbul olub. Nəticədə təxminən 3000 yer boş qalıb. Bu statistika sual doğurur: nə üçün minlərlə gənc magistraturada təhsil almaq istəmir və ya qəbul ola bilmir?
Məsələ ilə bağlı təhsil eksperti Ramin Nurəliyev Musavat.com-a açıqlama verib. Onun sözlərinə görə, yerlərin boş qalmasının çoxşaxəli səbəbləri var:
“Birinci problem ondan ibarətdir ki, magistraturanı bitirənlərlə bakalavr məzunları arasında əmək bazarında ciddi fərq görünmür. Məsələn, orta məktəblərdə müəllim kimi çalışan bakalavr məzunu ilə magistr təhsilli müəllimin əmək haqqı arasında cüzi fərq var. Bu isə müəllimlərin magistraturaya marağını azaldır. Çünki əlavə təhsil həm təhsil haqqı, həm də digər xərclər tələb edir, amma real qazanc baxımından üstünlük yaratmır”.
Həll yolu olaraq təklif edir ki, pedaqoji sahədə direktor və direktor müavinlərinin yalnız magistr təhsilli şəxslər arasından seçilməsi kimi stimullaşdırıcı addımlar atılsa, vəziyyət dəyişə bilər. Digər sahələrdə də magistr diplomuna üstünlüklər verilməsi bu istiqamətdə marağı artıra bilər.
Ekspertin sözlərinə görə, işəgötürənlərin də magistr məzunlarına münasibəti birmənalı deyil:
“İşəgötürən düşünür ki, bakalavr məzunu tam iş rejimində çalışa bilər, amma magistr dərslərə görə işdən ayrılmalı olacaq. Bu isə işəgötürən üçün əlavə çətinlik yaradır. Ona görə də magistr dərəcəsi olanların əmək bazarında mövqeyi zəif qalır. Bu səbəbdən təhsilalanlar magistrdan imtina edir”.
Ekspert qəbul prosesindəki problemlərə də diqqət çəkib. Onun sözlərinə görə, humanitar sahə üzrə bakalavr təhsili alan məzun magistratura imtahanında öz ixtisasından yox, riyaziyyat, məntiq, informatika və xarici dil üzrə imtahan verir:
“Bu, humanitar sahədə olanların nəticələrini zəiflədir. Dəqiq fənlər üzrə təhsil alanların göstəricisi isə daha yüksək olur. Nəticədə humanitar ixtisaslarda təhsil alanların motivasiyası azalır”.
Təhsil haqlarına gəlincə, ekspert hesab edir ki, qiymətlərin yüksək olması əsas problem deyil: “Əksər universitetlərdə magistratura üzrə təhsil haqları normaldır. Yalnız bəzi ali məktəblərdə müəyyən artım müşahidə olunur”.
Xaricdə təhsil ölkəmizdəki magistr üzrə təhsilalanların sayının azalmasına təsir edir:
“Gənclərin bir qismi magistr təhsilini ölkə daxilində deyil, xaricdə davam etdirməyə üstünlük verir. Xüsusilə mühəndislik, iqtisadiyyat və beynəlxalq yönümlü ixtisaslarda gənclər xarici ölkələrdə təhsili seçirlər. Bu da ölkədə magistraturaya marağın azalmasına səbəb olur”.
Mənzər Novruzlu
Musavat.com
26 Avqust 2025
25 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ