İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstan türk dövlətlərinə güvənir

Macarıstan yeni neft və qaz tədarükü marşrutları axtarmağa məcburdur, çünki köhnə marşrutlar Ukraynadakı münaqişə nəticəsində dağılıb.

Musavat.com-un xəbərinə görə, Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto “Bloomberg TV”yə müsahibəsində deyib ki, Türkiyə, Qafqaz və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq sayəsində bu sahədə böyük imkanlar açılır.

“Müharibə səbəbindən Ukraynada köhnə təchizat yolları bağlandı və dağıdıldı. Ona görə də bizə yeni əlaqələr, yeni təchizat yolları lazımdır və türk dövlətləri Şərqlə Qərb arasında körpü olmaq üçün çox yaxşı imkanlar təklif edir”, - deyə xarici işlər naziri bildirib.

Nazir xatırladıb ki, Macarıstan Türkiyə ilə müqavilə imzalayıb və ona əsasən, 2024-cü ilin əvvəlində 275 milyon kubmetr qaz alacaq.

İstanbulda Türk Dövlətləri Təşkilatından olan həmkarları ilə görüşündə “Bloomberg TV”nin suallarını cavablandıran Peter Siyarto bildirib ki, yanacaq Türkiyə vasitəsilə deyil, Türkiyənin özündən gələcək. Bu, ilk dəfədir ki, baş verir.

Qeyd edək ki, Macarıstan Türk Dövlətləri Təşkilatında müşahidəçi statusuna malikdir.

Bundan əlavə, bu il Macarıstan 100 milyon kubmetr qaz alıb. Ölkə qazı Azərbaycandan alır, gələcəkdə isə onu Türkmənistan və Qətərdən də almağı planlaşdırır, bununla bağlı bu ölkələrlə danışıqlar aparır. Budapeşt neft və qazın tədarükü mənbələrinin və marşrutlarının şaxələndirilməsi siyasətini ardıcıl olaraq həyata keçirib, əvvəlkilərin Ukrayna münaqişəsi nəticəsində pozulduğunu nəzərə alıb. Məsələn, təxribat nəticəsində “Şimal axını” qaz kəməri sıradan çıxıb və Ukrayna bu yaxınlarda Rusiya neftinin “Drujba” kəməri ilə tranzitinə görə haqqı artırıb. Eyni zamanda Macarıstan hökuməti indiki mərhələdə Rusiyadan enerji tədarükünə alternativ görmədiyini və diversifikasiyanın sübut olunmuş tərəfdaşlarla əməkdaşlıqdan imtina etmək demək olmadığını dəfələrlə vurğulayır.

Macarıstan qaz və neftin əsas hissəsini hələ də Rusiyadan alır. 2021-ci ilin sentyabrında Macarıstanın MVM şirkəti “Qazprom”la cəmi 4,5 milyard kubmetr qazın tədarükünü nəzərdə tutan iki uzunmüddətli müqavilə bağlayıb. Bu, Ukraynadan yan keçməklə Serbiya və Avstriyadan keçən boru kəmərləri vasitəsilə reallaşacaq. “Şimal axını” qaz kəmərinin istifadəsi dayandırıldığı üçün 2022-ci ilin oktyabrında Rusiya qazının cənub marşrutu – “Türk axını” və onun Bolqarıstan və Serbiya ərazisindən keçən qolu boyunca nəqlinin artırılmasına dair razılıq əldə olunub. 2022-ci ildə bu marşrutla Macarıstana 4,8 milyard kubmetr qaz gəlib.

Rusiya neftinə gəlincə, o, Aİ-nin sanksiyalarından azad olan “Drujba” kəmərinin cənub qolu ilə Macarıstana gedir. 2022-ci ildə bu marşrutla Macarıstana 4,9 milyon ton xammal tədarük edilib. Oradan gələn neft də Çexiya və Slovakiyadakı neft emalı zavodlarına ötürülür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR