İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstan Aİ-nin Ermənistanı silahlandırmasına imkan vermədi - mövqe

Elman Nəsirov: “Çalışırlar digər yollarla bu prosesdə müəyyən bir boşluqlar tapsınlar və...”

5 apreldə keçirilən Avropa İttifaqı-ABŞ-Ermənistan danışıqlarının nəticəsi olaraq əldə edilən gizli razılaşmalardan biri də İrəvanın silahlandırılmasına maliyyə yardmı etmək ilə bağlı idi. Faktiki olaraq Avropa İttifaqı Sülh Fondundan Ermənistana 10 milyon avro məbləğində pul ayrılması barədə qərar qətiyyən sülhə hesablanmamışdı, əksinə, bu, Ermənistanı silahlandırma məqsədi güdürdü. 

Bu, deşifrə edilmişdi və hazırda görünən budur ki, Avropa İttifaqı üzvü olan ədalətli ölkələr də Cənubi Qafqazda sabitliyi pozmağa yönəlik layihənin yaradacağı təhükənin fərqindədirlər. Belə ki, Macarıstan bir neçə həftə əvvəl alyans çərçivəsində razılaşdırılmış Avropa İttifaqı Sülh Fondundan Ermənistana 10 milyon avro məbləğində dəstək verilməsi layihəsini bloklayır.

Bu barədə “AzadlıqRadiosu”nun Ermənistan bürosu diplomatik mənbələrə istinadən yazıb.

Diplomatik mənbələr bildirib ki, Macarıstan blokun aradan qaldırılması üçün müzakirə olunan proqrama Azərbaycanın da daxil edilməsini tələb edir.

“AzadlıqRadiosu” qeyd edir ki, Avropa İttifaqının Sülh Fondundan Ermənistana 10 milyon avroluq yardımın ayrılması ilə bağlı ilkin razılıq sənədlərinə görə, bu maliyyə yardımı bir batalyon üçün modul tipli səhra düşərgəsi yaratmağı, bu düşərgəyə bir tibbi yardım klinikası, habelə müvafiq xidmətlər və imkanlar daxil edilməsini nəzərdə tutur.

“Bu dəstəyin məqsədi Ermənistan silahlı qüvvələrinə onların dayanıqlığını və sabitlik yaratmaq imkanlarını artırmaq və bununla da böhran və fövqəladə hallar zamanı mülki əhalinin daha yaxşı qorunmasına kömək etməkdir”, - sənəddə deyilir.

Avropa İttifaqı Sülh Fondu Aİ büdcəsi hesabına maliyyələşdirilən bir fonddur. Fond 2021-ci ildə yaradılıb və 2027-ci ilə qədər fəaliyyətinin uzadılması planlaşdırılır. Fondun hazırkı büdcəsi 17 milyard avrodur. Sonuncu dəfə fondun 15 milyon avro məbləğində pulu Qərbi Afrikadakı Kot-d’İvuar hərbçilərinə ayrılıb. Kot-d’İvuar qeyri-qanuni silahlı qruplarla mübarizə aparır. Ermənistan isə hansısa qeyri-qanuni silahlı qruplarla mübarizə aparmır. Əksinə, Ermənistan uzun illərdir qonşusuna qarşı işğalçılıq və terror siyasəti aparır.

Macarıstanın mövqeyi isə kifayət qədər ədalətlidir, doğrudur. Bu prinsipiallığa görə Avropa İttifaqı növbəti mərhələdə dolandırıcı qərarlarla həmin pulu Ermənistana ötürmək imkanına malikdirmi? Yoxsa Macarıstanın razılığı olmasa heç bir vəsaiti İrəvana ötürmək mümkün olmayacaq? 

Elman Nəsirov: “Üçtərəfli görüş regiondakı proseslərə...”

Deputat Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, Macarıstanın bu addımı Avropa İttifaqında ermənipərəst dairələrin xoşuna gəlməyib. Ona görə də Macarıstana təzyiq göstərirlər. Çalışırlar ki, digər yollarla bu prosesdə müəyyən bir boşluqlar tapsınlar və hər hansı yolla həmin vəsaiti Ermənistana çatdırsınlar: “Əvvəla, Macarıstanın mövqeyi ədalətlidir. Əslində əgər Ermənistana 10 milyon vəsait ayrılırsa, Azərbaycana bundan dəfələrlə çox vəsait ayırmaq lazımdır. Çünki ərazisi işğal altında olan, rayonları, kəndləri, əhalisi terrora, etnik təmizləməyə məruz qalan Azərbaycan olub. Ermənistan silahlı birləşmələri və terrorçu erməni silahlıları Azərbaycana qarşı uzun illər terror aktları həyata keçiriblər. Qanunsuz silahlı birləşmələrin hücumlarından məhz Azərbaycan məhrumiyyətlər yaşayıb. Belə olan vəziyyətdə Ermənistana məlum vəsaitin ayrılması təəccüb və təəssüf doğurur. Həm də bu birbaşa Avropa İttifaqının nə dərəcədə "ədalətli, obyektiv" olduğunun göstəricisidir. Azərbaycan dövləti güclü dövlətdir və 10 milyon avronu Azərbaycana verməməklə, həmin vəsaiti Ermənistana ayırmaqla Azərbaycana qarşı olan pis niyyətlərini reallaşdıra bilməzlər. Biz 2021-ci ildən bəri təkcə işğaldan azad edilmiş Qarabağın bərpası, yenidən qurulması prosesinə 14 milyard manat, yəni təxminən 8 milyard dollar vəsait ayırmışıq. Ona görə də burada əsas məsələ, söhbət prinsiplərdən, ədalətdən, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətdən gedir. Təəssüf hissi ilə qeyd edək ki, bu gün Avropa İttifaqının Sülh Fondu bu cür davranışları ilə adındakı sülh sözünə uyğun olmayan bir davranış ortaya qoyur. Onlar bilməlidirlər və əslində bilirlər ki, Ermənistan hətta başqa təyinat üçün aldıqları vəsaiti də millitarist niyyətlər üçün sülhə qarşı xərcləyir. Belə olan vəziyyətdə Sülh Fondunun Ermənistan ordusu üçün vəsait ayrılması onun əslində Müharibə fondu kimi çıxış etməsidir. Onlar, hər halda, vəsaiti başqa yollarla Ermənistana ötürməyə çalışacaqlar".   

Asif Nərimanlı: “Ermənilərin bir hədəfi də əsgərimizi əsir götürmək olub” –  JURNALİST ARAŞDIRMA MƏRKƏZİ

Siyasi şərhçi Asif Nərimanlı isə bildirib ki, Avropa İttifaqı Sülh Fondu vasitəsilə Ermənistana yardım qərarını qəbul etsə də, bunu praktiki olaraq icra edə bilmir. Buna səbəb Ermənistana yardım layihəsinin ittifaq üzvü Macarıstan tərəfindən bloklanmasıdır. Rəsmi Budapeştin şərti var: Sülh Fondunun yardım proqramına Ermənistanla yanaşı, Azərbaycan da daxil edilsin: “Aprel ayında Aİ Sülh Fondundan Ermənistana 10 milyon avroluq yardım paketinin ayrılması ilə bağlı qərar verib. 10 milyon avro bir batalyon üçün modul tipli düşərgənin yaradılmasına sərf olunmalıdır. Avropa İttifaqı  Ermənistana hərbi yardım vermədiyində israr etsə də, maliyyənin məhz erməni ordusuna sərf edilməsi qərarı rəsmi Bakının narahatlığını və iradlarını haqlı çıxarır. Azərbaycan Brüssel görüşündən öncə bununla bağlı həm Aİ-yə, həm ABŞ-a narazılığını bildirsə də, Ermənistana yardım qərarı dəyişmədi. İndi Aİ bu qərarla bağlı öz daxilində müxalifətlə üzləşib. Türk Dövlətləri Təşkilatında təmsil olunan Macarıstan artıq bir neçə həftədir Aİ-nin Ermənistana yardım layihəsinin təsdiq edilməsinə veto qoyur”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR