Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda saatlıq əmək haqqı sisteminə keçid hazırda gündəmdə olan aktual məsələlərdən biridir. Görünən odur ki, yeni sistemə keçid nə vaxtsa baş tutacaq. Amma indidən bu mövzu ətrafında müakirələr intensivləşib və bəzi suallar yaranıb: Saat hesabı maaşın miniumum məbləği nə qədər olacaq? Pul dərəcələr üzrə hesablanacaq? İstirahət vaxtı, qeyri-iş günləri və bayram günləri üçün saatlıq əmək haqqı necə tətbiq olunacaq?
Ekspertlər hesab edir ki, bəzi işəgötürənlər saatlıq sistemdən sui-istifadə edərək işçini az saatla çalışdırıb daha az maaş ödəyə bilərlər. Rəsmi qeydiyyatdan yayınmaq üçün bəzi müəssisələr saatlıq əmək sistemindən istifadə edib qeyri-leqal işçi saxlaya bilər. İşçilər üçün sabit gəlir imkanları azalacaq, xüsusilə az saatla işləyənlər üçün aylıq dolanışıq daha çətin olacaq. Saatlıq sistem kollektiv əmək müqavilələrinin tərtibində əlavə çətinliklər yarada bilər, çünki aylıq ödəniş sisteminə əsaslanan hüquqlar dəyişir.
Saatlıq əmək haqqı sisteminə keçid yalnız əmək münasibətlərini deyil, həm də maliyyə və bank sektoruna, o cümlədən kredit almaq, ipoteka, icarə, təhsil haqqı ödənişi kimi sosial məsələlərə də təsir edə bilər.
Banklar və kredit təşkilatları adətən sabit aylıq gəliri olan müştəriləri daha etibarlı hesab edir. Saatlıq sistemdə isə gəlirlər dəyişkən və proqnozlaşdırılması çətin ola bilər. Bu aşağıdakı problemlərə yol aça bilər. Gəlirin sabit olmaması səbəbilə kreditlərin təsdiqlənməsi çətinləşə bilər. Banklar riskləri nəzərə alaraq daha sərt şərtlər tətbiq edəcək.
Gəlirin sübutu da çətinləşə bilər, çünki hər ay fərqli saat və fərqli yerlərdə işləyən şəxsin aylıq ortalama gəliri bank tərəfindən riskli hesab oluna bilər.
İpoteka kreditlərinə çıxış məhdudlaşa bilər, çünki uzunmüddətli kreditlər üçün əsas meyar sabit gəlirlərdir.
Saatlıq maaş alan şəxslərin sosial sığorta ödənişləri qeyri-sabit ola bilər. Bu isə gələcəkdə pensiya kapitalının toplanmasında çətinliklər yarada, vətəndaşların təqaüd imkanlarını zəiflədə bilər. Həmçinin, doğum, xəstəlik və əmək qabiliyyəti itkisindən sığorta kimi hallarda da müavinətlər ödənilməsi aşağı düşə bilər.
Ailə büdcəsinin planlaşdırılması üçün sabit gəlir vacibdir. Saatlıq sistemdə gəlirin dəyişməsi ailələrin bəzi xərclərini – xüsusən məktəb, universitet, baxça və tibbi xidmətlər kimi bəzi xərclərini sual altına ala bilər.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsində qeyd olunub ki, gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.
2025-ci ilin istehsalat təqviminə əsasən, Azərbaycanda orta aylıq iş norması 158,6 saatdır. Minimum əmək haqqının 400 manat olduğunu nəzərə alsaq, indiki halda aylıq maaşa işləyən işçinin 1 saatlıq minimum əmək haqqı 2 manat 50 qəpik civarındadır. Saatlıq əmək haqqına keçid zamanı hansı həddin müəyyən olunması hökumətin qərarından asılı olacaq.
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, saat hesabı iş yüksək əmək haqqı olan ölkələrdə sərfəli olur: “Saatlıq minimum əməkhaqqı sistemi dünyanın bir çox ölkələrində tətbiq edilir. Burada işçilərin işlədiyi saatın müqabilində maaş alması nəzərdə tutulur. Dövlət tərəfindən saatlıq minimum əməkhaqqı müəyyən edilir. Yəni iş adamları müqavilə bağlayarkən işçiyə saatlıq minimum əməkhaqqından aşağı maaş ödəyə bilməz.
Xarici ölkələrdə saat hesabı maaş yalnız iş saatına aiddir deyə çox yüksəkdir. Buraya istirahət günləri, işləmədiyin zaman daxil deyil. Lakin saatın özünün haqqı yüksəkdir, təqribən 1 saat üçün 10 avro ödənilir. Azərbaycanda isə hansı metodologiyadan istifadə ediləcəyi ilə bağlı rəsmi qurumlar məlumat verməlidirlər. Hazırda Azərbaycanda minimum saatlıq əməkhaqqı olduqca aşağıdır. Hazırkı minimum əməkhaqqını saat hesabına çevirsək, 6 gün işləyənlər üçün 1,79 manat, 5 gün işləyənlər üçünsə 2, 15 qəpik təşkil edəcək. Bu, çox azdır. Əgər minimum saatlıq əməkhaqqına keçilərsə, bu, ən azı 2 dəfə artıq olmalıdır. Azərbaycanın da daxil olduğu inkişaf etməkdə olan ölkələrdə minimum saatlıq əməkhaqqı 2 dollar ətrafındadır. Bu da indiki məzənnə ilə 3,4 manat edir”.
Millət vəkili Vüqar Bayramov hesab edir ki, saatlıq minimum əmək haqqının tətbiq edilməsi vətəndaşların bir neçə yerdə çalışmasına və daha yüksək maaş almasına imkan verir: “Saatlıq minimum əmək haqqı praktikası bir sıra ölkələrdə tətbiq olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu praktikanın araşdırıldığı və tətbiqi imkanlarının müzakirə olunduğu bildirilmişdi. Saatlıq minimum əmək haqqının tətbiq edilməsi vətəndaşlarımızın bir neçə yerdə işləmə imkanları üçün vacibdir. Vətəndaşların bir neçə iş yerində çalışması onların yüksək əmək haqqı almasına gətirib çıxara bilər.
Digər tərəfdən, bu həm həftəsonu, həm də iş saatlarından sonra, o cümlədən bayram günü işləyən vətəndaşların daha yüksək tarifli əmək haqqı almasına, beləliklə də, onların maaşlarının artmasına gətirib çıxarır. Bu, həmçinin işçilərin sosial hüquqlarının qorunması baxımından vacibdir. Çünki söhbət çalışılan hər saat üçün əmək haqqı ödənilməsi məsələsindən gedir. Ona görə də oxşar praktikanın Azərbaycanda tətbiq edilməsi məqsədəuyğun olardı. Bu istiqamətdə müzakirələrin və təhlillərin aparılması, saatlıq iş rejiminə keçilməsi istisna deyil”.
İqtsadçı Xalid Kərimli bildirir ki, saatlıq maaş sistemində də insanlar 8 saat işləyəcək: ”Həftədə 5 gün və 40 saatdan az olmayaraq işləyəcəyik. İş saatlarının vaxtında dəyişiklik yoxdur. Hazırda saat hesabı maaşın miniumum məbləği hesablanır. 400 manatı aydakı saatlara böləcəklər və ortalama bir rəqəm deyiləcək. Dəyişən bir şey olmayacaq, miniumum əmək haqqını qaldırmırlar. Sadəcə olaraq onu aylıqdan saat hesabına keçirirlər. Miniumum əmək haqqı saat hesabına keçəndən sonra dərəcələr üzrə hesablanacaq.Bu sistem həftədə 5 gün(40 saat) işləyənlər üçün heç nəyi dəyişdirməyəcək. Lakin ondan artıq saatla işləyənlər və sərbəst işçilər üçün standartları dəyişdirəcək”.
“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov hesab edir ki, saatlıq tarifə keçid ciddi dəyişiklik etməyəcək: “ Aylıq miniumum əmək haqqı 400 manatdır. Ay ərzində 167 iş saatı var. Bunu saat hesabına çevirəndə 2 manat 39 qəpik edir. Burada heç nə dəyişməyəcək və insanların iş rejiminə də təsir etməyəcək. Şəxs 1000 manat maaş alırdısa, yenə də maaşı o məbləğdə olacaq.
Almaniyada ixstisassız işə görə bir saat işləyənə 15 avrodan aşağı vermək olmaz. Bizdə isə bu rəqəm 2 manat 39 qəpik olacaq”.
Şahanə Rəhimli
Musavat.com
27 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ