Onlayn ictimai-siyasi qəzet
Belarus Prezidenti Aleksandr Lukaşenko Obuz-Lesnovski hərbi poliqonunda keçirilən müşavirədə bildirib ki, ölkəsi öz müdafiə qabiliyyətini daha da gücləndirməli və mümkün müharibəyə hazırlaşmalıdır. O vurğulayıb ki, ölkəsi döyüşmək fikrində deyil və döyüşmək istəmir, lakin rəqiblər öz işlərini görür, Belarusa qarşı hazırlaşırlar. Kaş ki, bu müharibə olmasın söyləyən prezidentin sözlərinə görə, baş verənləri nəzərə alıb döyüşə hazırlaşmaq lazımdır.
A.Lukaşenkonun son açıqlaması bəzi suallar doğurub. Belarusa hansı ölkə hücum etmək, onunla döyüşmək istəyir? Rusiya-Ukrayna müharibəsi fonunda, ümumiyyətlə, Belarusa hansısa hərbi müdaxilə gözlənilirmi? Belarus Prezidentinin bu çağırışı nəyə hesablanıb? O, bu yolla kimə və ya hansı dövlətlərə mesaj verir?
Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Ərəstin Oruclu bildirib ki, Belarusun bu və ya digər şəkildə hər hansı müharibəyə cəlb olunacağını düşünmür. Onun sözlərinə görə, Belarusda əsas təhlükə A.Lukaşenkonun Rusiya tərəfindən devrilməsi ehtimalıdır: “Bu barədə artıq mətbuatda yazılıb. Belə iddialar olunub ki, Lukaşenko hər dəfə müharibə bəyanatı verməklə Vladimir Putini aldadır, yaxud bir növ onun başını qatır. Yəni, guya Belarus da Ukraynaya qarşı Rusiyanın tərəfdaşı kimi döyüşməyə hazırlaşır, əslində isə bu istiqamətdə heç bir real addım atmır. Guya Rusiyanın müttəfiqi Belarusun Ukraynaya qarşı belə bir marağı da olmalıdır, amma yoxdur. Qaldı Belarus Prezidentinin ordunu müxtəlif müharibə təhlükələri adı altında təlimlərə, əməliyyatlara cəlb etməsinə, bu, daha çox Lukaşenkonun özünü qorumağına yönəlib. Çünki Lukaşenkoya verilən məlumatlara görə, devrilmə təhlükəsi iki istiqamətdən görülür. Birincisi Belarus Dövlət Təhlükəsizlik Komitəsinin daxilindəki Rusiya yönümlü və ya rusiyapərəst nüfüzlu qrup tərəfindən, ikincisi də eyni ilə belə bir qrup tərəfindən ordunun daxilində. Görünür ki, Lukaşenko bu manevrləri etməklə daha çox özünü qorumağa çalışır”.
Politoloq qeyd edib ki, son vaxtlar Belarus çox spesifik xarici siyasət yürüdür: “Lukaşenko ölkəsini Avropa İttifaqı vətəndaşları üçün açıq elan edir, siyasi məhbusları azadlığa buraxır. Bu siyasət Belarus-Rusiya münasibətləri kontekstinə heç cür uyğun gəlmir. Rusiyada biz bu proseslərin tam əksini görürük. Rusiya Avropa İttifaqı ilə çox kəskin münasibətlərdədir. Öz daxilində siyasi azadlıqları tam olaraq məhdudlaşdırıb. İki ittifaq dövlətindən biri sayılan Belarusda isə bunun əksinə siyasət yürüdülür. Dediyim kimi, bu, yüksək ehtimalla, daha çox Lukaşunkonun özünü qorumaq istiqamətində atdığı yayındırıcı addımlardır. Belarusun bu gün müharibəyə qoşulmaq üçün nə bir əsası, nə də elə bir motivi yoxdur. Qaldı onun təhlükəni hansı istiqamətdən gözləməsinə, mənə elə gəlir ki, o, daha çox təhlükəni Rusiya tərəfdən gözləyir nəinki NATO və yaxud da Ukrayna tərəfdən. Yayılan məlumatların təhlili bunu deməyə əsas verir”.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ