İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenko “Qazaxıstan hadisələrindən Özbəkistan dərs çıxarsın” demişdi - gizli məlumat, yoxsa...

Özbəkistanda gərginlik pik həddə çatır. Özbəkistanın tərkibindəki muxtar respublika olan Qaraqalpaqıstan vilayətində baş verən kütləvi iğtişaşlarda 18 nəfərin həlak olduğu, 243 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı barədə rəsmi məlumat açıqlanıb. Bildirilir ki, toqquşmalarda xəsarət almış minlərlə insan xəstəxanalarda müalicə olunur. Bölgədə elan olunmuş fövqəladə rejimsə davam edir.

Bölgənin səhiyyə naziri Qaraqalpaqıstanın paytaxtı Nukusda xəstəxanaların dolu olduğunu deyib. Qeyd edək ki, burada konstitusiya dəyişikliklərinə etirazın, yəni regionun Özbəkistandan ayrılmaq hüququnun geri alınması planlarına etiraz edən fəallarla təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib.

Ekspertlər bu ölkədə ağır hadisələrin yaşana biləcəyini istisna etmirlər. Kimisi bu prosesləri Özbəkistanda Rusiya-Qərb savaşının yeni meydanı hesab edir, kimisi də deyir ki, Özbəkistanın türk dünyasına inteqrasiyasını sürətləndirməsi səbəbindən Rusiya ölkəni qarışdırır, Qaraqalpaq muxtariyyətini ayağa qaldırır...

Bu arada Rusiya prezidenti Vladimir Putinlə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub. Telefon danışığı zamanı ikitərəfli gündəliyin bəzi aktual məsələləri, o cümlədən ticarət-iqtisadi sahədə müzakirələr aparılıb. Rusiya-Özbəkistan strateji tərəfdaşlığı və müttəfiqliyini daha da gücləndirmək üçün qarşılıqlı iradə təsdiqlənib. Rusiya tərəfi Özbəkistan rəhbərliyinin Qaraqalpaqda vəziyyəti sabitləşdirmək səylərini dəstəklədiyini bildirib. Rusiyadan edilən telefon zəngi hadisələrdə “rus barmağı” olduğu barədə şübhələri ortadan qaldıracaqmı, demək çətindir. Hadisələri Çin-Rusiya qarşıdurmasının məntiqi nəticəsi sayanlar da var.

Bir diqqətçəkən məqam da odur ki, Qazaxıstanda bu ilin yanvarında baş verən iğtişaşlar zamanı Belarus prezidenti Aleksandr Lukaşenko KTMT-yə üzv ölkələrin dövlət başçılarının onlayn görüşündə “Əgər Qazaxıstandakı hadisələrdən dərs alınmasa, vəziyyət digər Mərkəzi Asiya ölkələrində, xüsusən də Özbəkistanda təkrarlana bilər” - deyərək xəbərdarlıq etmişdi. “Qazaxıstandakı KTMT sülhməramlılarını işğalçı adlandırmaq olmaz” deyən Belarus prezidenti bildirmişdi ki, artıq belə cəhdlər edilir: Sitat: “Sülhməramlılar Qazaxıstan rəhbərliyinin xahişi ilə Qazaxıstana gəliblər və bu ölkə rəhbərliyinin tələb etdiyi dəstəyi veriblər. Biz heç də işğalçı deyilik. Biz ora öz iradəmizlə gəlməmişik. Bizi bu nəhəng ölkəyə cavabdeh olan qardaşımız, dostumuz dəvət etmişdi”. Lukaşenkonun iddiasına görə, sülhməramlıların yeridilməsi iğtişaşların təşkilatçılarının planlarını pozub: “Mərkəzi Asiya və postsovet respublikalarında vəziyyəti partlatmaq istəyənlər həddən artıq çoxdur. Əgər Qazaxıstanda baş verənlərdən nəticə çıxarmasanız, vəziyyət digər ölkələrdə də təkrarlana bilər. Məsələn, Özbəkistanda...”

“Burada çox danışılan dərslər alınmalıdır, buna görə məni və ilk növbədə Özbəkistanı bağışlayın. Əgər bu dərslər alınmasa, bizdə olan məlumata görə, onların fikirləri Özbəkistana yönəldiləcək. Təşkilat ölkələri ciddi problemlərlə üz-üzədir və KTMT gücləndirilməlidir”.

Son günlər Belarus liderinin dedikləri geniş diskussiya predmetinə çevrilib. Hər halda, görünən budur ki, Lukaşenkonun dedikləri baş verir. Bu, Lukaşenkonun proqnozu idi, yoxsa gizli məlumat?

Hikmət Babaoğlu: “Biz bölünüb kiçik olmuşuq, indi isə birləşib böyük olmalıyıq”

Deputat Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, Özbəkistanda  baş verən  xoşagəlməz hadisələr situativ hadisə kimi qiymətləndirilməlidir: “Çünki bu hadisələr Özbəkistanda ümumxalq  səsverməsinə təqdim olunan  yeni konstitusiya layihəsi ilə əlaqədar idi. Layihəyə əsasən, qardaş ölkənin kostitusiyasında Qaraqalpakıstan Muxtar Respublikası ilə birbaşa bağlı olan  iki maddə bir növ qüvvədən düşmüş hesab oluna bilərdi ki, etirazlara səbəb də elə bu idi. Hazırda sözügedən səbəb aradan qaldırılıb. Deməli, hadisələrin də bundan sonra davam etməsi üçün heç bir əsas yoxdur. Hazırda türk dünyasında ortaq milli təfəkkür  və milli özünüdərk prosesi dərinləşməkdə və kütləviləşməkdədir. Bu, xalqlarımızın gələcək inteqrasiyası və dövlətlərimizin daha güclü olması baxımından olduqca vacibdir. Çünki vaxtilə  bizləri müxtəlif türk tayfaları və boylarına bölərək kiçildiblər. Nəticədə isə imperiyaların nəzarəti altına düşmüşük”.

H.Babaoğlunun qənaətincə, hazırda tarixin tamamilə yeni bir  mərhələsinə qədəm qoymağımız üçün bizə bir fürsət verilib: “Bu isə yalnız ümumi səylərlə mümkündür. Yəni türk xalqları öz tarixi missiyasına və böyüklüyünə yalnız ortaq türk təfəkkürü  ilə hərəkət edərək və ortaq güclə nail ola bilər. Belə olan halda qaraqalpaq, özbək,  qazax, azərbaycanlı, tatar, qırğız, türkmən yaxud başqa bir ad bölgüsünün heç bir əhəmiyyəti qalmır. Nəticədə hamımız türkük. Biz bölünüb kiçik olmuşuq, indi isə birləşib böyük olmalıyıq. Elə bəhs etdiyiniz Orta Asiyada baş verən müxtəlif hadisələrin törədilməsi də bizim böyüklüyümüzü, birləşməyimizi istəməyənlərin maraq dairəsindədir. Ancaq bunların fərqindəyik və fərqində olmayanlar da fərqində olmalıdırlar”.

Akif Nağı: “Rusiya Ukraynanı itirdi”

Akif Nağı: “Özbəkistan rəhbərliyinin son konstitusiya islahatı bu təhlükəli ”mina"nın zərərsizləşdirilməsinə yönəlmişdi"

QAT sədri Akif Nağı bildirdi ki, Qaraqalpaqıstan məsələsi, göründüyü kimi, sadə asan deyil: “Bu ərazinin qədim dövlətçilik tarixi olub. Orada yaşayan əhali bu qədimlikdən həmişə yararlanmaq istəyib. Ərazisi Özbəkistanın bütün ərazisinin az qala yarısını təşkil edir, əhalisi isə 2 milyona çatır, dilləri qazax dilinə daha yaxındır. Orta Asiya sovetləşərkən onlar da özlərinin sovet respublikasını yaratmağa cəhd etdilər, amma alınmadı. Bu ərazi muxtar respublika statusu ilə əvvəl Qazaxıstanın, sonra Qırğıstanın, hətta bir müddət Rusiya Federasiyasının tərkibinə daxil edildi. Nəhayət, 1936-cı ildə Özbəkistanın tərkibinə qatıldılar. 1990-cı illərin əvvəlində isə öz müstəqilliklərini elan etdilər. Amma 1993-cü ildə Özbəkistan Respublikası ilə müqavilə imzalayıb, 20 illiyə Özbəkistanın tərkibində qaldılar, 20 ildən sonra bu məsələyə yenidən baxmalı idilər. Həmin müddət 2013-cü ildə bitib və həmin vaxtdan müxtəlif daxili-xarici qüvvələr bu məsələdən sui-istifadə etməyə çalışırlar”. A.Nağı hesab edir ki, Özbəkistan rəhbərliyinin son konstitusiya islahatı bu təhlükəli “mina”nın zərərsizləşdirilməsinə yönəlmişdi: “Amma görünür, bəzi qüvvələr Özbəkistana bu təzyiq alətinin aradan qalxmasını istəmir, orada yaşayan əhali də ”partlamağa" hazır olduğuna görə məsələ mürəkkəbləşir. Özbəkistan Orta Asiyanın ən strateji məntəqəsidir, Qərb də, Rusiya da orada möhkəmlənmək istəyir, Əfqanıstanın Taliban rəhbərliyi də Özbəkistan və Tacikistanda təsir imkanlarına malik olmaq niyyətlərini gizlətmir". QAT sədrinin sözlərinə görə, Özbəkistanın son illərdə Türk birliyinə yaxınlaşması da əsas katalizatorlardan biridir: “Qərb və Rusiya türk amilinə qarşı birləşə də bilərlər. Qaraqalpaqıstanda ”münbit" şərait mövcuddur, əhali müstəqillik əhvali ilə yaşayır. Bu “münbit” amildən istifadə etmək həvəsinə Rusiya da, ABŞ da düşə bilər. Rusiya bu hadisələri törətməklə prezident Şavkat Mirziyoyevi  daha sözəbaxan etmək niyyətində ola bilər, ABŞ isə gərginliyə rəvac verməklə, Rusiyanı təxribata çəkməklə diqqətini Ukraynadan yayındıra, Kreml üçün ikinci cəbhəni açmaq niyyətində ola bilər. Əfqanıstan isə İslam fundamentalizmini yaymaq üçün əlverişli məqam gözləyir. Bütün bunlar Özbəkistanı çox ciddi satsıntıların gözlədiyindən xəbər verir. Nəticədə, Özbəkistan, o cümlədən Qaraqalpaq əhalisi növbəti fəlakətlə üzləşə bilər. Ona görə də gərək birinci növbədə Özbəkistan rəhbərliyi ciddi düşünsün, qarşıdurmadan qaçmaq üçün bütün mümkün kompromislərə getsin. Azərbaycan və Türkiyə bu məsələdə Özbəkistan xalqı və rəhbərliyinin yanında olmalıdır".

İlyas Hüseynov: Paşinyanın deyə bilmədiyini Tatoyanın söyləməsi digər  qüvvələrin istəyi kimi sezilir FOTO - "İki sahil"

İlyas Hüseynov: “Bu fakt göstərir ki, Qaraqalpaq bölgəsini qarışdıran kənar qüvvələr var”

Politoloq İlyas Hüseynov da Özbəkistanda gərginliyin yüksəlməsindən narahatlığını ifadə etdi: “Qaraqalpaq muxtariyyəti Özbəkistanın ən riskli bölgələrindən biridir. 2 milyon əhalisi olan bu ərazidə yaranacaq istənilən separatçı əhval-ruhiyyə ümumilikdə bütün ölkəyə, eləcə də onun qonşuları ilə münasibətlərinə təhlükəli formada təsir göstərə bilər. Çünki Qaraqalpaqıstan torpaqları cənub-şərqdə Özbəkistan, cənubda Türkmənistan, qərb, şimal və şərqdə Qazaxıstanla əhatə olunub. Qaraqalpaqıstan tarixi Xarəzm torpaqları üzərində qurulmuşdur. Əslində Qaraqalpaq ətrafında birləşən qüvvələrə mühüm vəzifələr tutmaq icazəsi verilməsə də əsas söz sahibi olmalarına göz yumulub. Böyük iqtisadi çətinliklərlə üz-üzə qalan bölgədə məhz bu sistem sayəsində kölgə iqtisadiyyatı həddən artıq çiçəklənib. Bu da yerli məmurların əhali üzərində effektiv təsir imkanlarına sahib olmasına gətirib çıxarıb. Qaraqalpaqıstanın statusuna dair konstitusiya dəyişikliklərini özlərinin yox edilməsinə cəhd kimi qəbul edən bu güclər işsizliyi özü üçün əsas problem kimi görən insanları rəsmi Daşkəndə qarşı qaldıra bilir. Yerli hakimiyyət bu siyasi fəallıqla öz gücünü göstərməklə yanaşı, gələcək sabitliyin açarının əlində olduğunu nümayiş etdirir. Qaraqalpaq ətrafında birləşən bu qüvvələr yaxşı başa düşürlər ki, kütləvi iğtişaşlar zamanı qan axıdılması bölgə əhalisinin Daşkəndə qarşı daha da qəzəblənməsinə səbəb ola bilər”.

İ.Hüseynov hesab edir ki, bununla yanaşı, ölkədəki qeyri-stabillik digər Mərkəzi Asiya respublikalarına da sıçraya bilər: “Son iğtişaşlarla bağlı Kreml səssizliyini qorusa da tabeliyindəki media orqanları vasitəsilə Qaraqalpağı öz nəzarətinə götürəcəyi ilə bağlı mesajlar göndərir. Hər bir halda Ukrayna müharibəsi fonunda Özbəkistan mühüm dəyişikliklərə hazırlaşır. Bu isə Mərkəzi Asiyada Rusiyanın taleyini müəyyən edəcək. Qeyd etməliyik ki, Özbəkistan hazırkı prezident dönəmində müstəqil xarici siyasət yürüdür və türk dünyasına inteqrasiyanı sürətləndirməkdə davam edir”. Politoloq qeyd etdi ki, Belarus prezidenti Aleksandr Lukaşenkonun Özbəkistanda Qazaxıstan hadisələrindən dərs çıxarmaqla bağlı mesajı da təsadüfi deyil: “Bu fakt göstərir ki, Qaraqalpaq bölgəsini qarışdıran kənar qüvvələr var. Lakin rəsmi Daşkəndin təmkinli davranışı və uzaqgörən addımları bütün təhdidlərin və çağırışların öhdəsindən gəlməyə imkan verəcək”.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR