Onlayn ictimai-siyasi qəzet
Leyboristlər Partiyasının lideri Keir Starmer britaniyalı donorlardan 76 min funt sterlinq məbləğində qonaqpərvərlik, geyim və digər hədiyyələr qəbul edib.
AZƏRTAC Britaniya mediasına istinadla xəbər verir ki, Keir Starmer son ümumi seçkilərdən bəri digər bütün millət vəkillərindən daha çox pulsuz hədiyyə qəbul edib. İyulun 4-də növbədənkənar seçkilərdə hakimiyyətə keçməsi proqnozlaşdırılan Keir Starmer 20-dən çox pulsuz futbol matçı bileti, pulsuz konsert biletləri və geyim qəbul edib.
O, “Arsenal” komandasının “Mançester Yunayted”, “Mançester Siti” və “Porto” ilə oyununu görmək üçün, həmçinin Adelin 2022-ci ildə Hyde Parkdakı konsertinə pulsuz biletlərdən istifadə edib. Lordlar Palatasının üzvü və onlayn geyim satıcısı “Asos”un keçmiş sədri Vahid Alli tərəfindən K.Starmerə 16 min 200 funt sterlinq dəyərində iş geyimləri, 2485 funt sterlinq olan bir neçə cüt eynək bağışlanıb.
Keir Starmer qəbul etdiyi pulsuz hədiyyələrin qeydiyyatdan keçirildiyini və hər kəsin şəffaf şəkildə bu detalları görə biləcəyini deyib. O vurğulayıb ki, qəbul etdiyi hədiyyələrə görə hər hansı maraqların toqquşmasından söhbət gedə bilməz.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ