Onlayn ictimai-siyasi qəzet
Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin rus şairi Mixail Lermontovun ölümü ilə bağlı sənədlərlə maraqlanıb və bu işin istintaqa cəlb olunacağına söz verib.
Musavat.com xəbər verir ki, bu barədə Qazeta.ru-ya Dövlət Dumasının deputatı, Rusiyanın xalq artisti Nikolay Burlyaev məlumat verib. O, şairin ölümünün araşdırılması xahişi ilə İstintaq Komitəsinə müraciət edib.
“Noyabrın 4-də mən İstintaq Komitəsinin sədri Aleksandr İvanoviç Bastrıkinin yanında oldum. Bir saatlıq söhbətimiz oldu. Mən bu barədə düşündüklərimi ona dedim və sənədləri, Lermontovun ölümünün araşdırılması ilə bağlı deputat vəsatətimi və Lermontov cəmiyyətinin, Lermontov mütəxəssislərinin bu işi araşdıran və hələ də davam etdirən kriminoloqların məktublarını diaqramları ilə birlikdə Aleksandr İvanoviçə verdim. Aleksandr İvanoviç hər şeyi maraqla dinləyirdi. O bildirdi ki, bu, çox maraqlıdır və İstintaq Komitəsi bunu nəzərə alacaq”.
Deputat hesab edir ki, Lermontovun ölümü Puşkinin ölümü ilə əlaqəli ola bilər - onları "o dövrün rusofobları" öldürə bilərdi.
“Biz bunu başa düşməliyik. Rusiyada həmişə rusofoblar olub. Bunun qətl olduğu, hətta “Lermontov” filmini çəkəndə də mənə aydın idi. 1986-cı ildə buraxılmadı, yəqin ki, mən Puşkinə və Lermontova qarşı sui-qəsd mövzusuna işarə etdiyim üçün. Bu, bizim o vaxtkı liberal və latent rusofob meylimiz üçün qəbuledilməz idi. Amma filmi çəkərkən sənədləri öyrəndim, Leromontov mütəxəssisləri, peşəkarları ilə görüşdüm və o zaman mənə aydın oldu ki, Lermontovun qətli ilə bağlı istintaq pis niyyətlə aparılıb və bəlkə də faktlar qəsdən təhrif edilib”, - Burlyaev bildirib.
Deputatın sözlərinə görə, əgər duel olsaydı, güllə şairin bədəninə 40° bucaqla daxil ola bilməzdi. Burlyaev şairin 1841-ci ildə vəfatı ilə bağlı digər uyğunsuzluqları görür.
“Müxtəlif versiyalar var idi, onun hələ atda ikən öldürüldüyü, aşağıdan yuxarı güllələndiyi və ya qatilin onu kol dalından vurduğuna dair fərziyyələr var idi. Versiyalar rəsmi Lermontov tədqiqatları tərəfindən rədd edildi. Kriminoloqlar təcrübələr apardı, ancaq rəsmi Lermontovşünaslıq duel versiyasını qəbul etdi”.
Musavat.com
22 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ