İnsanlara hürriyət, millətlərə istiqlal!

Leonard Peltiyerə azadlıq

Onsuz planetdə it yiyəsini tanımırdı, Amerikada təzə siyasi dəyişiklikdən sonra həyat daha da maraqlı olacaqdır. “Bizimdir, bizimdir, Kanada da bizimdir”, “Panama kanalını açacağıq”, “Qrenlandiya qədim amerikan torpağıdır” kimi mahnıların ardıyca Dünya Səhiyyə Təşkilatından və Paris iqlim razılaşmasından imzanı çəkib çıxmaq, öz adına bitkoin buraxmaq və sairə və ilaxır. 

Axırıncı lap əla idi. Prezidentin bu addımından şövqə gələn övrəti də dəxi öz adına elə bir zad (qısaca koin deyək) buraxıb. Hazırda uşaqlar hazırlaşırmış öz koinlərini buraxsın. İlon Mask Hitler salamı verir, dünyanın ilk trilyarderi olmağa hazırlaşır. Kosmosa maşınını fırladan adam ən ağıllı və pullumuzdur. Qabaqda gedən zəncirli misalı. 

Prinsipcə, həmişə belə olub, sadəcə, indi camaat açıq oynayır. Niksonun, Buşun, nə bilim, Reyqanın mətbuatdan, cəmiyyətdən qorxa-qorxa elədiyini indiki prezidentlər (tək Amerikada deyil ki) qızıl-qırmızı, oynaya-oynaya, tam aşkarlıq şəraitində edirlər. Kimin nə sözü ola bilər? Heç kimin. Rəhmətlik İsa müəllim demişkən, günahsız olan ilk daşı tullasın. Belə çıxır hamımız bulaşmışıq, təmiz insan qalmayıbdır. 

Hələ o son anlarda, tələm-tələsik əfv fərmanı imzalanması lap anekdot idi. Bayden az qala bütün ailə üzvlərini (cəmi 7 nəfərə yaxın arvad-uşaq, əmioğlu-yeznə və sairə toplusu) sərəncama salıb əfv etdi. Maraqlıdır ki, onların heç biri haqda məhkəmə qərarı da yox idi. Hətta yanılmıramsa, bəzilərinə cinayət işi açılmamışdı. Bayden sadəcə qabaqlama tədbiri görüb. Ki, sabah Tramp bunları tutub basmasın. Qanuna görə bir adamı eyni maddə ilə 2 dəfə suçlamaq olmaz axı. Sanki qanun-zad qalıbmış. 

Eyni zamanda Donald müəllim and içib peçatı əlinə götürən kimi bir sürü cinayətkarı əfv elədi, bunların içində 2020-ci ildə Konqresə basqın edən tərəfdarları da var idi. Həmin vaxt 5-6 adam ölmüşdü. Əşşi, elə çox ölüm olmayıb, nə olacaq ki... 

Ancaq Baydenin əfv sərəncamına düşənlər arasında ev dustaqlığına buraxılan bir nəfərin adı mənə dəhşət tanış gəldi: Leonard Peltiyer. Bunu haradan xatırladığımı uzun müddət başa düşmədim, axırda internet köməyimə gəldi. 

Ey dadi-bidad. Təsəvvür elə, bu Peltiyer yerli hindulardan biridir, 1976-cı ildə iki federal agenti öldürdüyü üçün həbsə atılıb və tam 48 ildir türmədə imiş. 1980-ci illərdə SSRİ-də Leonard Peltiyerin hüquqlarını müdafiə komitəsi yaradılmışdı. Tez-tez televiziyada, radio və qəzetlərdə Peltiyeri incidən kapitalist Sem dayı haqda ifşa materialları verilirdi. Bizim özümüzə də orta məktəbdə Peltiyer barədə danışardılar. Yəni mən 1 may paradında “Peltiyerə azadlıq” qışqıranda haradasa 10 yaşım var idi.

Maraqlıdır ki, “Beynəlxalq Amnistiya” təşkilatı onun qanunsuz həbs edildiyi qənaətindədir və ABŞ-ın özündə bu yoldaşa azadlıq istəyən xeyli adam varmış. Lakin ABŞ sözün əsl mənasında siyasi dustaq olan Peltiyeri (insafən, Peltiyer özü suçunu etiraf edib, bunu yazmalıyam) indiyəcən azad etməyibmiş. 48 il həbsdə qalmaq nə deməkdir, adam fikirləşəndə belə tər basır. Artıq hətta ona azadlıq istəyən SSRİ-də dağılıb, Peltiyer isə “yatırmış”. 

Yeri gəlmişkən, bu günlərdə bizdə də buna bənzər qəribə məhkəmə hadisəsi oldu. 2013-cü ildə Bakı Ağır Cinayət Məhkəməsi şair Əli Kərimin oğlu Orxan bəyi qanunsuz həbs etmiş, əmlakını, pulu mənimsəmişdi. Həmin qərardan 2 il sonra Orxan bəy gənc yaşında xəstəlikdən öldü. Qayınanası evdən müsadirə edilən 200 min manata yaxın pulu geri qalmaq üçün həmin vaxt iddia qaldırmışdı, deyirdi pullar mənimdir. Prokurorluqla çəkişmə axırda Avropa Məhkəməsinə çıxmışdı, oradan qərar gəlmişdi: pullar qaytarılsın. Lakin qayınana da qərarın icrasını görmədən öldü. Nəhayət, indi, uzun məhkəmə araşdırmasından sonra həmin pullar Orxan bəyin salamat ailə üzvlərinə qaytarılıb. 

Mövzumuza çox dəxli yoxdur, ancaq Hacıbala Abutalıbov Bakıda camaatın evini uçurtmuşdu, sonra Avropa Məhkəməsi 3 milyon manata yaxın kompensasiya qərarı çıxarıb. Bu pulu dövlət büdcəsi ödəməlidir. Hacıbala müəllim isə hazırda Qaxda, İlisu şəlaləsində çimir.

Amma bu Peltiyer də üzübərk adammış ha... Əsl hindu balasıdır. Planetimizə belə insanlar lazımdır.

  

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR