İnsanlara hürriyət, millətlərə istiqlal!

“Leninqrad prosesi” – Edam hökmünün ŞOK DETALLARI

Tarixdə elə müharibə cinayətləri törədilib ki, hakimlər bu cinayətlərə hüquqi qiymət verməkdə, cəza tətbiq etməkdə çətinlik çəkiblər. Elə 5 yanvar 1946-cı ildə Leninqrad şəhər məhkəməsində keçirilən prosesdə də hakimlər belə bir çətinliklə üzləşiblər. Qeyd edək ki, bu proses, 11 nəfər alman hərbçisinin məhkəməsi tarixə “Leninqrad prosesi” adı ilə düşüb.

Məhkəməyə çıxarılan yüksəkçinli zabitlər Leninqrad və Pskov vilayətlərində xüsusi amansızlıqda, şəhər, rayon və kəndləri yandırmaqla külli miqdarda ziyan vurmaqda, dinc əhalinin vəhşicəsinə məhv edilməsində və digər hərbi cinayətlərdə ittiham olunublar. Müttəhimlər kürsüsündə Almaniya ordusunun tanınmış simalarından biri general-mayor Henrix Remlinger də əyləşib.

HENRİ.png (433 KB)

Bir neçə həftə davam edən prosesdə 100-dən artıq şahid dindirilib, 46 cilddən ibarət istintaq materialları ayrı-ayrı epizodlar üzrə araşdırılıb. Törədilmiş cinayətlər tam sübuta yetirilsə də, Remlinger günahlarını və törətdiyi cinayətləri etiraf etməyib.

General ona ünvanlanan sualları soyuqqanlıqla və qısa cavablandırıb. Hakimin “siz Leninqrad vilayətinin ayrı-ayrı yaşayış məntəqələrində 3 mindən artıq mülki əhalinin işgəncə və yandırılmaqla öldürülməsində ittiham olunursunuz. Bu cinayət əməlini etiraf edirsinizmi” sualına isə Remlinger gözlənilməz bir sualla cavab verib:

- Siz mənimlə zarafat edirsiniz?

- Sovet hakimi ilə cinayət törətmiş alman zabitinin heç bir zarafatı ola bilməz. Şahidlərin ifadələrini dinlədikdən sonra siz bunu anlayacaqsınız.

Prosesdə şahidlər ifadə veriblər.

Vladimir Fyodorov:

“Mən Rostkova kəndinin sakiniyəm. 23 dekabr 1943-cü ildə biz səhər tezdən kolxoz anbarına işə gedirdik. Kəndlə anbarın arasında məsafə 6 kilometrdir. Yenicə anbara çatmışdıq ki, kənddən davamlı atəş səsləri eşidildi. Biz hamımız kəndə qaçdıq. Qarşılaşdığımız mənzərə dəhşətli idi. Evləri əvvəlcə atəşə tuturdular, sonra isə yandırırdılar. Həmin evlərdə yaşlı insanlar və uşaqlar var idi. Qaçmağa da imkan vermədilər. Bu qarşınızda dayanan alman isə qışqıraraq öz dilində əmr verirdi. Bu hadisədən sonra biz iki aydan artıq kəndin ətrafında qazdığımız xəndəklərdə yaşayırdıq. Həmin gün təkcə 74 uşaq vəhşicəsinə öldürüldü. Onların arasında mənim 4 yaşlı nəvəm də var idi...”

Natalya Prokofyevna:

“Biz Zamuşki kəndində yaşayırıq. 1943-cü ilin payızında alman hərbçiləri bu kənddə məskunlaşmışdılar. Həmin ilin oktyabr ayının 30-da gecədən xeyli keçmiş kənddə səs-küy qopdu. Evlərdən qadınları və uşaqları çıxarıb fermaya doldurdular.

Kişilərdən isə kim qabaqlarına çıxırdı, güllələyirdilər. Bu quldur dəstəsinə isə general dediyiniz bu şəxs başçılıq edirdi. Mən onun üzünü heç vaxt unutmayacağam...”

Vasili Pakulin:

“18 fevral 1944-cü ildə bizi Zapolyedən təxliyə edəndə alman zabitləri hamımızı kilsənin qarşısında sıraya düzdü. Bir neçə saniyə ərzində 64 nəfər güllələndi, çoxları isə ağır yaralandı. Güllələnənlər arasında 12 uşaq da var idi. Bir nəfər hamilə qadını isə iki azyaşlı uşağının gözü önündə asdılar...”

Bu cür çoxsaylı şahid ifadələrindən sonra hakim hökm oxuyub.

General-mayor Henrix Remlinger ən ağır cəzaya, asılmaqla edam hökmünə məhkum edilib. Ancaq onu edam üçün nəzərdə tutulmuş xüsusi otaqda deyil, Leninqrad şəhərindəki Kalinin meydanında asıblar. Bu, hakimin şəxsi təşəbbüsü olub, bu cür cəlladlığına görə alman generalına daha ağır cəza növü olmadığından o, Remlingeri insan kütlələrinin gözü qarşısında edam etdirməyi qərara alıb. O cümlədən digər 10 nəfərə də eyni cəza tətbiq edilib.

EDAMO.jpg (38 KB)

Qeyd edək ki, Henrix Remlinger 1982-ci ildə Almaniyanın Lyudviqsburq şəhərində anadan olub. 1902-ci ildə sıravi əsgər kimi hərbi xidmətə başlayıb, 1906-cı ildə ali hərbi təhsil alıb. Birinci Dünya müharibəsi illərində zabit kimi xidmət edən Henrix Remlinger müharibə zamanı bir neçə dəfə yaralanıb. O, bir neçə il ərzində özünü peşəkar hərbçi kimi tanıdıb, İkinci Dünya müharibəsi başlanana qədər ayrı-ayrı qoşun növlərində xidmət edərək general rütbəsinə sahib olub və dəfələrlə ali dövlət mükafatları ilə təltif edilib.

Almaniyanın SSRİ-yə hücumu zamanı Henrix Remlinger Vermaxtın elit qoşunlarının birinə rəhbərlik edib. Müharibə ərəfəsində əsas xidmət yeri Leninqrad və Pskov vilayətlərinin ərazilərində olub. 1945-ci ilin yanvar ayında onu Polşanın Pila şəhərinə hərbi komendant təyin ediblər. O, bu vəzifədə bir ay xidmət edib. 15 fevral 1945-ci ildə general sovet qoşunları tərəfindən əsir götürülüb.

İlham Cəmiloğlu,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR