Onlayn ictimai-siyasi qəzet
Rusiya Xarici İşlər naziri Sergey Lavrov Ukraynanın Rusiya ərazisinə hücumlarına cavab olaraq atılan zərbələrin “tamamilə təbii” olduğunu bildirib.
Musavat.com xəbər verir ki, o, bu məsələyə dair fikirlərini Türkiyənin xarici işlər naziri Hakan Fidanla keçirilən görüşdən sonra jurnalistlərlə bölüşüb.
“Cinayətkar cəzasız qala bilməz. Ukrayna ərazisinə cavab zərbələri təbii və qanunidir.” - deyə XİN başçısı bildirib.
Nazir bir sıra mühüm mövzulara da toxunub. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında danışıqların davam etməsində maraqlıdır. Lavrov əlavə edib ki, Avropada müharibənin davam etməsini istəyən qüvvələr ABŞ-ın Kiyevə dəstəyini dayandıracağından “öldürəcək qədər qorxurlar”.
Rusiya nümayəndə heyətində guya Vaşinqtonun danışıqlar nümayəndəsini dəyişmək istəməsi barədə yayılan məlumatlara da toxunan Lavrov bunları “şayiə” adlandırıb.
Lavrov həmçinin qeyd edib ki, Ukrayna böhranının həllində danışıqların uğuru, ilk növbədə, münaqişənin kök səbəblərinin aradan qaldırılmasından asılıdır. Onun sözlərinə görə, Qərb Ukraynanı eskalasiyaya təhrik etməklə danışıqları pozmağa çalışır:
“Biz Avropa İttifaqının Rusiya ilə Ukrayna arasında aparılan danışıqlara müdaxilə cəhdlərini görürük. Qərb Kiyevi münaqişəni alovlandırmağa təhrik edir.”
Lavrov Rusiya-Türkiyə münasibətlərinə də toxunaraq bildirib ki, ikitərəfli dialoq davam etdiriləcək və bu əlaqələrin gələcəyi parlaq görünür. O, Moskvanın Ankaranın Ukrayna böhranının həlli istiqamətində vasitəçilik səylərini yüksək qiymətləndirdiyini deyib.
Sonda Lavrov mümkün danışıqlar məkanı kimi yenidən Türkiyəyə işarə edib:
“Əgər ikinci raund danışıqlardan söhbət gedirsə, mən yenidən bizim türk dostlarımıza müraciət edərdim — İstanbul bu baxımdan çox münasibdir.”
Musavat.com
31 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ