Onlayn ictimai-siyasi qəzet
Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva Ər-Riyadda keçiriləcək görüş zamanı ABŞ nümayəndələrinin mövqeyini diqqətlə dinləmək niyyətindədir.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, bu görüş Rusiya-Amerika münasibətlərində yeni mərhələnin başlanğıcı ola bilər.
Lavrov qeyd edib ki, Rusiya və ABŞ prezidentləri arasında razılaşmaya əsasən, iki ölkə arasında uzun müddət davam edən "anormal dövr" artıq geridə qalmalıdır. "Bu müddət ərzində Rusiya və ABŞ liderləri yalnız texniki və humanitar məsələlər çərçivəsində məhdud əlaqə saxlayırdılar", – deyə o vurğulayıb.
Nazirin sözlərinə görə, Moskva Vaşinqtonun yanaşmasını anlamaq və gələcək mümkün diplomatik addımları qiymətləndirmək üçün bu danışıqlara xüsusi əhəmiyyət verir. Eyni zamanda Lavrov Rusiya tərəfinin də öz mövqeyini açıq şəkildə ifadə edəcəyini bildirib.
Ər-Riyadda keçiriləcək görüşdə əsas mövzulardan birinin Ukrayna münaqişəsinin həlli və təhlükəsizlik məsələləri olacağı gözlənilir. Rusiya tərəfi danışıqlardan sonra prezident Vladimir Putinə nəticələrlə bağlı məruzə təqdim edəcək.
Musavat.com
24 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ