Onlayn ictimai-siyasi qəzet
"Barselona"nın gənc ulduzu Lamin Yamal UEFA-nın rəsmi saytına verdiyi müsahibədə məşhurluğun həyatına təsirlərindən söz açıb.
Musavat.com xəbər verir ki, 16 yaşlı futbolçu AVRO-2024-də İspaniya millisinin heyətində qazandığı çempionluğun onun üçün yeni bir dönəm açdığını bildirib. Yamala görə, bu uğur təkcə futbol karyerasını deyil, şəxsi həyatını da tamamilə dəyişdirib.
“Əvvəllər adi bir uşaq idim, amma AVRO-2024-ü qazandıqdan sonra hər şey dəyişdi. Artıq uşağa oxşamıram, özümü daha inamlı hiss edirəm. Əvvəllər rahat şəkildə səyahət edə bilirdim, amma indi hava limanında olmaq mənim üçün çox çətindir, çünki hamı məni tanıyır. Bu, əlbəttə ki, fəxr olunası bir şeydir, amma eyni zamanda çətindir. Belə populyarlıq normal həyata mane olur”, – deyə Yamal qeyd edib.
Gənc futbolçu uğurlarının təkcə fərdi bacarıqla deyil, həm də ətrafındakı insanların dəstəyi ilə mümkün olduğunu vurğulayıb. O, "Barselona" klubunun və İspaniya millisinin onu daim irəli aparan mühüm amillər olduğunu deyib:
“Komanda yoldaşlarımın və məşqçilərimin mənə verdiyi dəstək sayəsində bu zirvəyə çata bildim. Xüsusilə, AVRO-2024-də qazandığımız çempionluq mənim üçün unudulmaz bir təcrübə oldu. Finalda oynamaq, tarixə düşmək inanılmaz hiss idi. Ancaq bu, eyni zamanda mənim üçün böyük məsuliyyətdir”.
Xatırladaq ki, Lamin Yamal AVRO-2024-ün finalında meydanda olan ən gənc futbolçu kimi tarixi rekorda imza atıb. O, eyni zamanda turnirin ən yaxşı gənc oyunçusu seçilib və böyük perspektiv vəd edən futbolçular sırasında yer alıb. Hazırda "Barselona"da çıxış edən gənc vinger gələcəkdə daha böyük nailiyyətlər qazanmaq istədiyini bildirib.
Musavat.com
05 Mart 2025
04 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ