İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçına “Böyük Qayıdış”

Deputat: “İşğaldan azad olunmuş ərazilərimiz genişmiqyaslı yenidənqurma işləri fonunda böyük qayıdışa şahidlik edir”

Dekabr ayı Azərbaycan insanı tərəfindən həm də “Laçın ayı” kimi qeyd olunur. 4 il öncə qazandığımız Vətən müharibəmizin sonunda Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata əsasən Laçın rayonu dekabrın 1-də heç bir insan itkisi olmadan bizə qaytarıldı.

Artıq bütün işğaldan azad olunan ərazilərə olduğu kimi, bir müddətdir ki, Laçına da “Böyük Qayıdış” reallaşmaqdadır. Laçın artıq minə qədər ailəyə qucaq açıb, 3 mindən artıq laçınlı doğma diyarda bəxtəvər günlərini yaşayır. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust tarixi Laçın şəhəri günü kimi qeyd olunur. Bu bayramı laçınlılar hər dəfə hədsiz sevinc hissi ilə qeyd edirlər.

Qeyd edək ki, son bir həftədə “Qarabağa Böyük Qayıdış planı” istiqamətində yola salınan iki məcburi köçkün karvanının son dayanacağı Cəbrayıl şəhəri oldu. Dekabrın 2-də Bakı şəhərinin Qaradağ rayonundan 129 nəfərdən ibarət 34 ailəyə, bundan 3 gün öncə də 200 nəfərdən ibarət 40 ailəyə mənzillərinin açarları təqdim edilib. Cəbrayıla daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzillər verilib.

Onu da diqqətlə çatdıraq ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.

“Azərbaycanda ölkə başçısı tərəfindən Birinci Qayıdış Dövlət Proqramı qəbul olunub və bu dövlət proqramında işğaldan azad edilmiş ərazilərə qayıtmış keçmiş məcburi köçkünlərin məşğulluğu ilə bağlı geniş, aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub”.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib.

Nazir müavini əlavə edib ki, hazırda Qarabağ və Şərqi Zəngəzura qayıtmış 3 min şəxsin artıq aktiv məşğulluğu nazirlik tərəfindən təmin olunub: “Bu, təxminən faizlə biz götürsək, həmin ərazidə olan iqtisadi fəal əhalinin 85-86 faizini təşkil edir. İşğaldan azad olunmuş ərazilərdə hazırda böyük quruculuq, bərpa işləri həyata keçirilir. Orada dövlət vəsaiti hesabına böyük infrastruktur layihələri icra olunur. Orada podratçı, subpodratçı təşkilatlarla da əməkdaşlıq edirik. Onu da qeyd edim ki, biz hər ay 300-ə yaxın işəgötürənlə bu işlər çərçivəsində əməkdaşlıq qurmuşuq və həmin ərazilərdə məskunlaşmış şəxslərin yaradılmış iş yerlərində işlə təminatını sosial tərəfdaşlıq prinsipləri əsas götürülərək təmin etmək istiqamətində iş aparırıq”.

günay ağamalı.jpg (169 KB)

 Günay Ağamalı

Ana Vətən Partiyasının sədr müavini, deputat Günay Ağamalı: “İşğal dövründə Ermənistan Qarabağda vandalizm törətmiş, infrastruktur obyektləri tamamilə dağıdılmış, milli-mədəni irsimiz məhv edilmiş, təbii sərvətlərimiz talan edilmiş, ölkəmizin iqtisadiyyatına əhəmiyyətli dərəcədə zərər vurulub. Bununla yanaşı, bir milyondan çox soydaşımız öz doğma yurdlarından zorla qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Artıq Azərbaycan dövləti hərbi, siyasi və iqtisadi gücünün təzahürü olaraq ərazi bütövlüyümüzü bərpa edib və işğaldan azad olunmuş ərazilərimiz genişmiqyaslı yenidənqurma işləri fonunda böyük qayıdışa şahidlik edir. Cənab Prezident İlham Əliyevin düzgün və milli maraqlarımıza söykənən siyasət strategiyası nəticəsində Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına reinteqrasiyası sürətlə davam etdirilir. “Böyük Qayıdış” Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetlərindən biri kimi müəyyən olunub. Dönüş proqramları çərçivəsində məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün müxtəlif sosial layihələr həyata keçirilir. Bu yeni yaşayış massivlərinin və zəruri sosial obyektlərin tikintisi əhatə edir. Bununla yanaşı, bölgə iqtisadiyyatının canlandırılması kontekstində kənd təsərrüfatı, turizm, müxtəlif sənaye sahələrinə investisiyaların təşviq edilməsi istiqamətində hökumətimiz tərəfindən zəruri işlər həyata keçirilir. Tam əminliklə qeyd edə bilərəm ki, işğaldan azad olunmuş bölgələrdə sürətli yenidənqurma işləri nəticəsində insanların gələcəyə olan ümidləri artır, müasir infrastruktur və yaşam şərtlərinin yaxşılaşdırılması onların müsbət gələcəyə olan inamını gücləndirir".

Yazını hazırladı:  Cavanşir ABBASLI

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

03 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR