İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçın dəhlizindən dünyaya son mesaj: Xankəndidə Azərbaycan bayrağı dalğalanacaq!..

Sülhün açarı Bakıda, “surəti” isə İrəvandadır, Moskvada, Qərb paytaxtlarında yox; ədalətli sülhün yeganə formulu çoxdan masada - 5 prinsip; Azərbaycan Ermənistana və havadarlarına axırıncı şansı da verdi...

Nə qədər ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz, yazılı formada (!) tanımayıb, onun sülh bəyanatları da quru söz və beynəlxalq ictimaiyyəti çaşdırmağa yönəlik boş ritorika olaraq qalacaq.

O vaxtadək isə Qarabağdakı bir ovuc erməni əhali də dinclik tapa bilməyəcək. Gah yollarda problem yaranacaq, gah da anklava gələn qanunsuz qaz, su və elektrik xətlərində. Ta ki, Ermənistan və onun havadarları suveren ərazimiz olan aranlı-dağlı Qarabağdan gözlərini birdəfəlik çəkəcəklər.

Laçın yolunda bir qrup media və QHT təmsilçilərimizin aksiyasında strateji hədəf də əslində hansısa ekoloji problem və ya sərvətlərimizin qanunsuz talanmasını önləmək yox (bunlar öz yerində), ərazi bütövlüyümüzlə bağlı baş vurulan siyasi alver cəhdlərinə son qoymaq idi. Yerdə qalanlar (qanunsuz istismar halları, separatçıların silahlanması və s.) əlbəttə, nəticədir, səbəb yox. Səbəb Xankəndidə hələ də dövlət bayrağımızın dalğalanmamasıdır. 

Başqa sözlə, Rusiya “sülhməramlıları”nın müvəqqəti nəzarətində olan anklavda erməni mülki sakinlər hər şeydən öncə öz soydaşlarının, daha dəqiqi, Bakının 5 məlum prinsipi əsasında sülh müqaviləsini süni bəhanələrlə yubadan rəsmi İrəvanın, onun apardığı siyasətin girovu olaraq qalırlar, nəinki rus hərbçilərinin, Moskvanın.  

a8f103d8-6589-4bc8-a403-896661390f21.jpeg (327 KB)

Ermənistanın baş naziri Nikol Paşinyan və komandası isə səbəbi hələ də yanlış ünvanlarda axtarır. Azərbaycanla, Türkiyə ilə təcili şəkildə anlaşıb sülh sazişləri imzalamaq əvəzinə, danışıqları imitasiya eləməklə məşğuldur, Bakı və Ankaraya hər addımda pisliklər eləməyə, heyrətamiz həyasızlıqla iki qonşu ölkəyə cürbəcür iftiralar atmağa və beynəlxalq birliyin gözündə onların “vəhşi”, “qaniçən” obrazını düzəldib Azərbaycan və Türkiyəni hədəfə gətirməyə çalışır. Öz yoxsul əhalisinin boğazından kəsib Ermənistan üçün yeni işğalçı ordu qurmağı xəyal edir (gələn ilin hərbi xərcləri büdcənin 51%-i həcmində - 1.2 milyard dollar, yəni rekord həcmdə nəzərdə tutulur!)

Ancaq bunlar əbəs cəhdlərdir. Birinci ona görə ki, nə Azərbaycan, nə də Türkiyə Ermənistanı təhdid etmir, onun ərazisində gözü yoxdur. Bunu bütün dünya görür, bilir. Sadəcə, Bakı və Ankara Ermənistandan da eyni davranışı - beynəlxalq hüquqa sayğılı olmağı gözləyir, onun da öz qonşularının torpaqlarında gözü olmadığına əmin-arxayın olmaq istəyir.

İkincisi, qalib Azərbaycanla qardaş Türkiyənin hərbi-siyasi tandemi, toplam hərbi-siyasi və iqtisadi gücü hazırda elə səviyyədədir ki, heç bir xarici təhdid onları qorxutmaz, əksinə, daha monolit və daha möhtəşəm edər. Özü də bu ittifaq bir günlüyə, bir illiyə yaradılmayıb.     

Qısası, kapitulyant ölkədə “mötədil” Paşinyan hakimiyyəti də daxil, bütün siyasi qüvvələr, özəlliklə də radikal-revanşist ünsürlər, nəhayət, anlamalıdırlar ki, onların “qatarı” həmişəlik gedib - “miatsum” vaqonu ilə birgə! Bunu nə qədər tez dərk eləsələr, Qarabağda ilişib qalmış bədbəxt soydaşları üçün bir o qədər yaxşı olar. Yoxsa ki, Nikolun bitmək bilməyən sülh hoqqabazlığı, barışıq haqda boşboğazlığı hamını, hətta Avropa İttifaqını və ABŞ-ı da artıq bezdirib.

Ermənistan baş nazirinin srağagünkü çıxışı da bu xüsusda istisna olmadı. Axı bir yandan Azərbaycanı növbəti dəfə Qarabağda soyqırımı hazırlığında ittiham edib, ardınca necə rahatca bəyan eləmək olar ki, “İrəvan düşmənçilik ritorikasının kökünü kəsmək üçün Cənubi Qafqazdakı vəziyyətin İrəvan, Tiflis və Bakı arasında müzakirəsi ideyasını dəstəkləyir”?

Bu ikiüzlülük daha nə qədər davam edəcək? Gerçəkdənmi anlamaq çox çətindir ki, sülhün açarı sırf öz maraqlarını güdən Moskvada, Parisdə, yaxud Brüsseldə və Vaşinqtonda yox, Bakıdadır, “surəti” də İrəvanda? Yəni iki qonşu öz aralarında anlaşmasa rusun, farsın, fransızın əlindən də heç nə gəlməyəcək, yalnızca aranı qarışdırmağa davam edəcəklər.

Xankəndidə yaşayan erməniləri kommunal xidmətlərlə təmin etməliyik”

Ədalətli sülhün formulu isə çoxdan masada - 5 prinsip! Maraqlıdır ki, Ermənistan həmin prinsiplərə etiraz etmir. O zaman niyə sülh müqaviləsini ləngidir, Hindistanda, İranda, Rusiyada, Fransada dağılmış ordusu üçün silahlar axtarır? Sülhü arzulamaq hara, Azərbaycanla bahalı və mənasız silahlanma yarışına girmək hara? Demək, “torbada nəsə” var...  

“Ermənistanla Azərbaycan sülh barədə anlaşsa, bölgəmizdə çox şey dəyişəcək və Rusiyanın regionda sabitliyi pozan rolu azalacaq”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu Caliber.az saytına açıqlamasında erməni ictimai xadimi, hüquq müdafiəçisi və publisist, sovet dövrünün siyasi məhbusu Vardan Arutunyan deyib.

Onun sözlərinə görə, Rusiya əvvəllər və uzun müddət olduğu kimi, yenə bütün mümkün və qeyri-mümkün yollarla çalışır ki, regionumuzda qalsın və öz iradəsini diktə etsin: “Hazırda Moskvanın imkanları xeyli azalıb, lakin köhnə ambisiyalarından əl çəkmir. Lakin Ermənistan və Azərbaycan sülh barədə anlaşsa, bölgəmizdə çox şey dəyişəcək və Rusiyanın regionda sabitliyi pozan rolu azalacaq”.

Erməni publisist-dissident hesab edir ki, bu məsələdə Azərbaycandan çox şey asılıdır. “Mən bunu həmişə demişəm, bölgəmizdə uğurun və sülhün açarı Ermənistan və Azərbaycanın əlindədir. Rusiya təkcə bizim regionda deyil, bütövlükdə dünyada pozucu rol oynayır. Amma hadisələr elə inkişaf edir ki, onun resurs və imkanları getdikcə azalır. Bu, bizə Moskvanın müdaxiləsi olmadan aradakı ziddiyyətlərimizi həll etmək imkanı verəcək. Əvvəlki ziddiyyətlərə köklənməkdənsə, situasiyadan istifadə edib irəliyə baxmaq lazımdır”, - Arutunyan əlavə edib.

Təbii ki, onun çağırışı ən əvvəl öz gözlərindən hələ də “çəhrayı” eynəkləri çıxarmaq istəməyən, “bəlkə də qaytardılar” xülyası ilə yaşayan soydaşlarınadır. Saat işləyir...

Siyasət şöbəsi,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR