İnsanlara hürriyət, millətlərə istiqlal!

Kuçino faciəsi – 48 il fəaliyyət göstərən düşərgədə  minlərlə ölüm faktı gizlədilib



1930-cu illərdə SSRİ-də kütləvi repressiyalar başlananda ortaya çıxan problemlərdən biri də repressiya olunanların harada saxlanılması məsələsi olub. Mərkəzi Komitədə aparılan müzakirələrdən sonra yeni düşərgələrin salınması haqqında qərar verilib. Büdcəsi çox da zəngin olmayan ölkə yeni düşərgələrə vəsait ayırmaq məcburiyyətində qalıb.

1940-cı illərin əvvələrində yeni düşərgələrdən biri də Kuçino kəndi (Perm vilayəti) ərazisində salınıb. İlk olaraq bu düşərgədə ağır cinayət törədənlər və cinayət törətmiş orta ranqlı vəzifəlilər saxlanılıb.

Ərazinin böyüklüyü nəzərə alınaraq üç il ərzində eyni məkanda daha iki düşərgə də salınıb. Düşərgənin kontingentinə repressiya qurbanları və ölkənin hüquq mühafizə orqanlarında çalışmış və cinayət törətmiş şəxslər daxil olub.

6135045_original.jpg (105 KB)

Kuçino düşərgəsində 3 min nəfərin saxlanılması nəzərdə tutulsa da, bu rəqəm ayrı-ayrı dövrlərdə 25-30 min nəfəri keçib ki, bu da məhbusların saxlanma şəraitində ciddi problemlər yaradıb.

Kuçino məhbuslarından işçi qüvvəsi kimi istifadə olunub. 12-14 saatlıq ağır iş rejimi, tibb xidmətinin, düşərgədə məişət şəraitinin acınacaqlı vəziyyətdə olması, ağır cəza tədbirləri bu məkanı əsl cəhənnəmə çevirib. Təkcə 1948-1949-cu illərdə, bir il ərzində aclıq, xəstəlik, ağır iş səbəbindən düşərgədə 670 nəfər həyatını itirib.

Digər düşərgələrlə müqayisədə Kuçinoda intihar sayı 21 faiz çox olub.

Məhbuslarla görüşə il ərzində cəmisi iki dəfə icazə verilib. Bağlama qəbuluna da qadağalar qoyulub ki, hər bir məhbus il ərzində yalnız dörd bağlama ala bilib. Məktub göndərməyə və almağa ayda yalnız bir dəfə icazə verilib ki, həm daxil olan, həm də çıxan məktublar düşərgə nəzarətçiləri tərəfindən oxunduqdan sonra ünvanlarına çatdırılıb. Daxili rejim qaydalarını pozanlara isə görüş, bağlama və məktub qəbulu qadağan edilib.

Kuçino ilə bağlı ən dəhşətli faktlardan biri odur ki, işgəncələrdən, intihardan, yaxud da xəstəliklərdən ölənlərin çoxusunun qeydiyyatı aparılmayıb, ölüm faktları gizlədilib.

samoe-krupnoe-vosstanie-zaklyuchyonnyh-za-vsyu-istoriyu-gulaga.jpg (67 KB)

1953-cü ildə Stalin rejimi sona çatsa da, “QULAQ” bir qurum kimi ləğv olunsa da, Kuçino fəaliyyətini davam etdirib və düşərgədə heç nə yaxşılığa doğru dəyişməyib. Cəzalar daha da sərtləşdirilib, iş rejimi daha da ağırlaşdırılıb. Məhbusların yaxınlarının Mərkəzi Komitəyə ünvanlandırdıqları çoxsaylı müraciətlərə isə ümumiyyətlə baxan olmayıb.

1970-ci illərin əvvələrində SSRİ-də antisovet və antikommunist rejiminə qarşı çıxanlarla mübarizə sərtləşdiriləndə bu məsələ Siyasi Büronun qapalı iclaslarında dəfələrlə müzakirəyə çıxarılıb. Müzakirə olunan məsələlərdən biri də siyasi məhbusların saxlanılma  yeri ilə bağlı olub. SSRİ daxili işlər naziri Nikolay Şelekov siyasi məhbusları mərkəzdən uzaqlarda saxlamağı məqsədəuyğun sayıb. Nazir təklif edib ki, Kuçino siyasi məhbusların cəza çəkməsi üçün ən uyğun yerlərdən biridir. DTK sədri Yuri Andropov Şelekovun bu təklifinə qarşı çıxıb və fikrini belə əsaslandırıb:

“Daxili işlər naziri Nikolay Şelekov təklif edir ki, siyasi məhbuslar Kuçino islah əmək koloniyasında saxlanılsınlar. Mənə maraqlıdır, yoldaş Şelekov bir dəfə olsun belə həmin düşərgədə olubmu? Mən nəzərinizə bir məsələni çatdırmaq istəyirəm. Hələ İosif Stalinin hakimiyyəti illərində bu düşərgə qərb ölkələrinin mətbuatında müzakirə mövzusuna çevrilib, bu cəzaçəkmə müəssisələrindəki acınacaqlı vəziyyət sərt tənqid olunub. Hazırda da həmin düşərgədə eyni vəziyyətdir, 30 il bundan əvvəlki vaxtla indinin arasında heç bir fərq yoxdur. Əgər SSRİ-yə gələn xarici mətbuat nümayəndələrindən biri həmin düşərgədəki vəziyyətlə maraqlanmaq istəsə və reportaj hazırlasa, yenə də biz qərbdə tənqid hədəfinə düşəcəyik. Mən belə düşünürəm ki, siyasi məhbusların cəza məkanları, saxlanılma şəraitlərinə həssaslıqla yanaşmaq lazımdır...”

Mərkəzi Komitə katibləri, Siyasi Büro üzvlərinin əksəriyyəti Andropovun fikirləri ilə razılaşıb. Amma nədənsə Leonid Brejnev sonda Şelekovun təklifini qəbul edib. Şelekov Kuçinonun qapalı müəssisə olduğunu əsas gətirərək bu əlçatmaz məkana kənar heç kimin ayaq qoymayacağına əmin olub.

images (4).jpeg (96 KB)

Beləliklə, 14 yanvar 1972-ci ildə Şelekov müvafiq əmr imzalayıb. Qeyd edək ki, mövcud dövrdə cəzaçəkmə müəssisələri Daxili İşlər Nazirliyinin tabeliyində olub. Bununla da siyasi məhbuslar cəzalarını çəkmək üçün Kuçinoya göndəriliblər.

Kuçino nə qədər qapalı və əlçatmaz olsa da onun səsi tez-tez uzaqlardan, qərb mətbuatından gəlib. 1980-ci illərin sonlarında, Qorbaçovun hakimiyyəti dövründə bir neçə dəfə xarici jurnalistlər, hüquq müdafiəçiləri bu məkanı ziyarət edə biliblər.

1988-ci ildən sonra isə siyasi məhbuslar azad olunmağa başlananda Kuçino düşərgəsinin fəaliyyəti dayandırılıb və bu cəzaçəkmə müəssisəsinin yerində muzey yaradılıb.

İlham Cəmiloğlu, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR