İnsanlara hürriyət, millətlərə istiqlal!

Küçə etirazına görə edam - İran daha bir “qırmızı xətt”i keçdi: “Dur!” deyən olacaqmı?

“Rəhbər adlandırılan qoca bir kişinin belə qəddarlıq nümayiş etdirməsi onun yerinin səhv düşdüyünü göstərir...”

İranda Muhsin Şikari adlı etirazçı noyabrın 20-də İnqilab Məhkəməsi tərəfindən edam cəzasına məhkum olunub. O, “odlu silah gəzdirmək, yolu bağlamaq, nəqliyyat vasitələrini saxlamaq, təhlükəsizliyi pozmaq, Bəsic qüvvələri ilə döyüşmək, mühafizəçini yaralamaq, dövlətə qarşı müharibə aparmaq” ittihamı ilə dekabrın 8-də edam edilib.

Muhsin Şikari İranda Mahsa Əmininin ölümündən sonra başlayan etirazlarla bağlı edam edilən ilk nümayişçidir.

İranda artıq 3 aya yaxındır davam edən nümayişlərlə bağlı indiyədək 11 nəfər barəsində ölüm hökmü çıxarılıb. Edam cəzasına məhkum edilmiş şəxslərin bəzilərinin hökmləri təsdiqlənib və onların tezliklə icrasına başlanacağı bildirilib. İran Cinayət Məcəlləsinə əsasən, “ictimai asayişi pozmaq, yer üzündə fitnə-fəsad törətmək və dövlətə qarşı müharibə aparmaq” kimi cinayətləri törədənlər ölüm cəzası ilə mühakimə olunur. Edam hökmünə məhkum edilənlər arasında güneyli fəallar da var.

Sözsüz ki, azğın rejim bununla ilk növbədə etirazçıların gözünün odunu almaq istəyir. Ancaq “cin şüşədən” artıq çıxıb. Məlumdur ki, BMT, bir sıra dövlətlər molla rejiminin qəddarlığını kəskin şəkildə pisləyib. Avropa İttifaqı İrana qarşı yeni sanksiyalara tətbiq edib. BMT Baş katibi Antonio Quterreş isə deyib ki, son günlər İran daxildə etirazları yatırtmaq üçün Moskvadan texnikalar almaq və əlavə kömək üçün rəsmi danışıqlar aparır. “Əsas məsələ pilotsuz təyyarələr və raketlərin qarşılığında Rusiyanın İran hökumətinə nə verəcəyidir”, - deyə Baş katib qeyd edib.

Bəs insanlığa, islama ləkə olan İran rejimi necə durdurulacaq? Başlanan edamlar əks-effekt verə, etiraz dalğası daha da gücləndirə bilərmi?

Qeyd edək ki, İngiltərə Xarici İşlər Naziri Ceyms Kleveri İranda Mahsa Əmini etirazlarına görə edam cəzasına məhkum edilən Muhsin Şikarinin edam edilməsinə ilk reaksiya verib: “Dünya İran rejiminin öz xalqına qarşı törətdiyi iyrənc zorakılığa göz yuma bilməz”, - deyib. Kliveri “Twitter”dəki paylaşımında İranda Məhsa Eminin ölümündən sonra başlayan nümayişlərlə bağlı son həftələrdə edam cəzasına məhkum edilmiş bir şəxsin edam edilməsi ilə bağlı faciəvi xəbərdən qəzəbləndiyini bildirib: “İngiltərə bütün hallarda ölüm hökmünün əleyhinədir”.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və "ağalarını" belə ələ verdi -  ƏTRAFLI - en son xeberler 2022, xeberler bu gun 2022

Elxan Şahinoğlu 

Politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, kiminsə etirazçıları durdurması çətin olacaq: “Artıq həqiqətən cin şüşədən çıxıb. İnsanlar bu qadağalarla yaşamaq istəmirlər. Ölüm təhlükəsi qarşısında belə küçə yürüşlərinə çıxırlar, etiraz edirlər, polis məntəqələrini yandırırlar. Çünki bu qadağalarla belə yaşamaq mümkün deyil. Adi bir əxlaq polisinin ləğvini də uzadırlar. Gah dedilər ki, əxlaq polisi ləğv olunub, sonra həmin fikirdən daşındılar. Bu rejim islahatlara meyllidir. İslahatlara başlamaq bu rejimin sonunu gətirib. Baxmayaraq ki, dünən İran prezidenti İbrahim Rəisi və ali dini lider nə isə danışdılar, guya dəyişikliklər ola bilər. Amma bu xalqı aldatmaqdır. Xalqı sakitləşdirmək istəyən bir rejim ölüm hökmü verməməliydi - sadəcə küçə yürüşündə iştiraka görə. Tutaq ki, nə isə günahı var. Nə oldu, qısa müddətdə məhkəmə də keçirildi, insanı ölümə də məhkum etdilər. Bu ölümü reallaşdırdılar. Ölüm hökmü olan dövlətlərdə, misal üçün, ABŞ-da da ölüm hökmü var. Ən qatı cinayətkar onlarla insanı öldürüb, onu ölüm cəzasına məhkum edəndən sonra hələ 10-15 il hökmün yerinə yetirilməsini gözləyirlər. Deyirlər, birdən fakt üzə çıxar, bəlkə günahsızlığı sübut oluna bilər. Bir müddət apelyasiya şikayətləri ola bilər və sairə. Amma molla rejimin mahiyyətinə baxın. Polisə guya atəş açıb, dərhal məhkəmə keçiriblər, dərhal da həmin adamı asırlar. Bu xalqın gözünü qorxutmaq məqsədi daşıyır. Amma xalq bundan qorxmursa, etirazlarda iştirak edirsə, bu vəziyyətin ağırlığından xəbər verir. Amma islahatlar bu rejimin sonunu gətirəcək”.

Politoloq əlavə etdi ki, İran “islam ölkəsi” adı altında təsir gücünü artırır: “İslam” sadəcə bir abreviaturadır. İslam ölkəsi heç vaxt müsəlman ölkəsinin məscidlərini dağıdan bir ölkəni dəstəkləməz. Məscidlərin dağıdılmasına seyrçi qalmaz. Bu fars millətçi kökü üzərində qurulmuş bir rejimdir. Vaxtilə 1979-cu ildə İran şahı Pəhləvini devirdilər. Amma şahdan heç bir fərqi yoxdur. Pəhləvi də millətçi fars siyasəti yürüdürdü, indiki molla rejimi də. Heç bir fərqi yoxdur".      

Qeyd edək ki, İran İnsan Haqları Təşkilatı bu il bu ölkədə edam edilən məhbusların sayının 500-dən çox olduğunu açıqlayıb. Təşkilatın açıqladığı hesabatda İranda son beş ildə ən yüksək edam göstəricisi olduğu deyilir. Təşkilat həmçinin bildirib ki, Hüseyn Orduxanzadə, Şahin İmani Mahmudabad, Milad Əşrəfi Atbatan və Mənuçöhr Becəndi ötən günlərdə Kərəc şəhərinin “Rəcaişəhr” həbsxanasında “İsraillə əməkdaşlıq” ittihamı ilə edam ediliblər.

O da qeyd edilir ki, İranda 15 minə yaxın etirazçının edam edilməsi gözlənilir. Parlamentdə oturan 290 millət vəkilindən 227-si bu qərarı dəstəkləyən səs verib.

İranşünas, professor Vidadi Mustafayevə görə, İranda inqilab dayana bilməz: “1978-1979-cu illərdə İranda hakimiyyətə gətirilmiş molla rejiminin bugünkü ümumxalq etirazlarına münasibətdə sərgilədiyi rəsmi mövqe yaranmış böhranın səbəblərini daxildə deyil, xarici düşmənlərin təxribatatlarında axtarmağa əsaslanır. Bu yanlış təsəvvür çıxış yolunu düzgün tapmağa mane olur, durumu daha da ağırlaşdırır. İranda baş verən hadisələrə kənar qüvvələr də bacardığı qədər müdaxilə edir. Lakin xalq öz maraqlarını bir kənara qoyub düşmən qüvvələrin diktəsinə uymaz. İran xalqı dəfələrlə aldadıldığının da fərqindədir. İmperialist dairələrə İranda həqiqi xalq hakimiyyəti lazım deyil. Ona görə də davam edən hadisələri, bütövlükdə, xarici amillərlə bağlamaq sadəlövhlük olardı.

İrandakı etirazlara görə ilk edamın gerçəkləşdirildiyi bildirilir

Noyabrın 26-da “Bəsic” günü münasibəti ilə “bəsic” dəstələrinin nümayəndələri qarşısında çıxış edən və çıxışı canlı yayımlanan, inqilab rəhbəri iki sərt və etinasızlıq mövqeyi nümayiş etdirərək öz xalqına, millətinə və bütövlükdə cəmiyyətə münasibətdə çox sevdikləri qırmızı xətti keçdiyini elan etdi. Hər bir ölkədə terroristlər və iğtişaşçılara qarşı qanun çərçivəsində sərt tədbirlər görülməsi nəzərdə tutulur. Amma bu gün İranda etirazlar dalğası genişləndiyi bir vaxtda, rəhbərin bir daha sərt repressiyaya çağırış etməsi, həmin göstərişin günahsız insanlara - dinc etirazçılara da şamil ediləcəyinə “yaşıl işıq” yandırmış oldu. Rəhbər adlandırılan qoca bir kişinin belə qəddarlıq nümayiş etdirməsi, onun yerinin səhv düşdüyünü göstərir. İranda hakimiyyəti xalqın tələblərini eşitməyə çağıranlara cavab olaraq rəhbər deyir ki, hanı millət, millət siz deyən deyil, millət bizim küçələrə çıxardığımız kütlədir. Millət 4 noyabr ABŞ səfirliyinin zəbt edilməsi hadisəsinin idönümü günü küçələrə çıxardığımız insanlardır. Millət “Sepah” generalının dəfn mərasimində iştirak edən kütlə idi. Millət həlak olan polis, “Bəsic” və “Sepah”çının dəfnində iştirak edənlərdir. Siz eşidin onların səsini.

Beləliklə, İranda bütün hakimiyyətlərin tək başçısı - rəhbər etirazları əsassız hesab etdiyini, xalqın heç bir problemi olmadığını, xalqın hakimiyyəti dəstəklədiyini bəyan edərək etiraz və iğtişaşları zor gücünə yatıracaqlarının bir daha anonsunu verdi. Hakimiyyətin hansısa islahatlara gedə biləcəyinə ümid edənlər bir daha yanıldıqlarını anlayaraq, güc dili ilə danışan rəhbərə qarşı daha ciddi addımlar haqqında düşünməli olacaqlar. Əks halda, təkcə meydanlardakı etirazçılar deyil, həm də onlara siyasi, ideoloji və başqa növ dəstək göstərənlər çox ağır qiymət ödəməli olacaqlar".

Real Partiyasının rəhbərliyində təmsil olunan iqtisadçı Natiq Cəfərli isə SSRİ ilə İran arasında maraqlı analogiya aparıb: “İranda bu gün baş verənlər SSRİ-nin son dövrünü, təqribən 1986-87-ci illəri xatırladır:  Əslində İran və SSRİ sistem, ideologiya, metodologiya olaraq bir-birinə çox yaxın ölkələrdir - SSRİ millət, kimlik anlayışını unutdurub hamıdan ”sovet adamı" düzəltmək, davranış qaydalarını, hətta geyim-gecimlərini, düşüncə tərzini dizayn-nəzarət etmək istəyirdi (sovet vaxtı “stilyaqaları” geyimlərinə görə təqib edirdilər), imperiyanı qorumaq üçün kommunist, əslində cəlbedici olan “sol” ideologiyanı ifrat hala salıb, istismar etməyə çalışdı. Eyni ilə İran da müqəddəs dinimizi, inancı öz dövlət ideologiyasına xidmət etmək, Fars imperiyasının inersiyasını qorumaq üçün istismar edərək insanların davranış qaydalarına, geyim tərzinə, düşüncəsinə nəzarət etməyə başladılar. İran rejimi də millət, etnik kimlik anlayışlarını “ümmətlə” əvəz edərək yeni insan tipi yaratmağa çalışırdı.

SSRİ-də 1985-86-cı illərdə “qlasnost”, “perestroyka” kimi anlayışlar yaranan kimi sistem çart verməyə başladı, sonra isə bütün qalanı əməllərlə İmperiyanı qorumaq cəhdlərinə baxmayaraq (Alma-ata, Tiflis, Vilnüs, Bakı) sistem çökdü. Bu gün İranda əgər sistemə qarşı etirazlar rejimi geri addım atmağa (“Əxlaq polisinin” ləğvi xəbərləri, İran konstitusiyasına dəyişikliklərin təklifi) məcbur edirsə, bu da sonun başlanğıcı, sistemin çat verərək zəifləməsi deməkdir - yəni SSRİ analogiyasına görə 1986-87-ci illərdir, 1990-91-ci illərə çox az qalıb..."

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR