Onlayn ictimai-siyasi qəzet
Rusiyanın güc strukturları bir daha “ikili standartlar”la yadda qalıb. Bu dəfə Ukraynanın işğal olunmuş Krım bölgəsində yaşayan bir şəxsin saxlanılması zamanı nümayiş olunan davranış sosial şəbəkələrdə geniş rezonansa səbəb olub.
Musavat.com Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən saxlanılan Krım sakini Telegram messencerində Kremlə qarşı dron hücumunu təqdir edən paylaşım etdiyinə görə məsuliyyətə cəlb olunub.
Rəsmi məlumatlara görə, həmin şəxs saxta adla fəaliyyət göstərsə də, şəxsiyyəti müəyyənləşdirilib. Ekspertiza paylaşılan mətnin terror aktının təbliği kimi qiymətləndirildiyini təsdiqləyib (Rusiya Cinayət Məcəlləsinin 205.2-ci maddəsi).
Lakin diqqətçəkən məqam FTX əməkdaşlarının həmin şəxsə qarşı davranış formasıdır. Yayılan kadrlarda onun yolda sakitcə saxlanılması, evdə, mətbəxdə sənədlərlə tanış edilməsi, hər hansı zorakılıq və ya təzyiqin tətbiq olunmaması əks olunub. Halbuki, bu şəxs Rusiya cəmiyyəti üçün real təhlükə yaradan biri – terroru təbliğ edən şəxsdir.
Bunun fonunda bir neçə gün öncə Yekaterinburqda azərbaycanlılara qarşı həyata keçirilən FTX əməliyyatları ilə tam ziddiyyət təşkil edən mənzərə ortaya çıxır. Orada azərbaycanlı qardaşlar – Ziyəddin və Hüseyn Səfərov heç bir məhkəmə qərarı olmadan, evlərində vəhşicəsinə döyülərək öldürülmüşdülər.
FTX əməkdaşları tərəfindən hüquq və prosedur normaları pozulmuş, saxlanılan şəxslərə dəhşətli işgəncələr verilmiş, heç bir sənəd təqdim olunmamışdı.
Ekspertlər və hüquq müdafiəçiləri haqlı olaraq sual edirlər:
Rusiya vətəndaşlarını “hörmətlə” saxlayıb sənədlə tanış edən FTX, azərbaycanlıları niyə döyərək, təhqir edərək, qeyri-insani davranışla hədəfə alır?
Müşahidəçilər hesab edirlər ki, rus şovinist yanaşması və etnik ayrı-seçkilik bu tip fərqli davranışların kökündə dayanır. Rusiya hüquq-mühafizə orqanları, xüsusilə FTX, slavyan mənşəli şəxslərə “vətəndaş”, qeyri-slavyanlara isə “təhlükə” kimi baxır.
Kremlə qarşı terror aktını təbliğ edən bir şəxsə belə humanist yanaşan Rusiya heç bir günahı sübut olunmamış azərbaycanlılara qarşı vəhşilik nümayiş etdirməklə növbəti dəfə öz “imperiya mahiyyətini” göstərmiş olur.
Şahanə Rəhimli
Musavat.com
03 Iyul 2025
02 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ