İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremlin Ermənistana səbrli davranmasının gizli səbəbi: İrəvan yalnız Rusiyaya deyil, ABŞ və Qərbə də xəyanət edir

Kremldə Ermənistanın Qərbə inteqrasiya şansının olmadığını tam dəqiqliyi ilə bilirlər, rəsmi İrəvan indiki halda, Rusiyaya yalnız müvəqqəti regional problemlər yaratmaqdan daha uzağa gedə bilməz... Digər tərəfdən, rəsmi İrəvanın Rusiya əleyhinə davranışlarına paralel olaraq, Ermənistan həm də Qərbin sanksiyalarının pozulması prosesində də baş rolda çıxış edir və bu, Kremlin maraqlarına tamamilə cavab verir...

Cənubi Qafqazda Rusiyanın geopolitik problemləri mövcuddur. Üstəlik, bu problemlər zaman keçdikcə, daha da dərinləşir. Hətta Kremlə yaxın bəzi siyasi dairələr Rusiyanın Cənubi Qafqazdakı problemlərinin artıq böhranlı həddə çatdığını da düşünürlər. Və onların fikrincə, Kreml gec də olsa, radikal addımlarla hərəkətə keçməzsə, Cənubi Qafqaz Rusiya üçün həmişəlik itirlə də bilər.

Təbii ki, Kremlin regional problemlərinin əsas qaynağı rolunda məhz Ermənistan çıxış edir. Vaxtilə Rusiya tərəfindən süni şəkildə yaradılmış bu qondarma "dövlət" Kremlə arxadan sarsıdıcı zərbələr vurmaqda davam edir. Üstəlik, Kremlə xəyanət etmiş rəsmi İrəvan Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşma cəhdlərində israrlı mövqe tutur. Və Rusiyaya qarşı Qərbdən gələn təlimatları maksimum dəqiqəliklə icra etməyə çalışır.

Onu da qeyd etmək lazımdır ki, ABŞ və Qərb Ermənistan üzərindən Rusiyaya qarşı Cənubi Qafqazda "ikinci cəbhə" açmaq niyyətində olduğunu artıq qətiyyən gizlətmir. Eyni zamanda, rəsmi İrəvan da Qərbin istəyinə uyğun olaraq, Ermənistanın "ikinci cəbhə"yə çevrilmə ehtimalına müqavimət göstərməyə çalışmır. Halbuki, bunun Ermənistana fəlakətli nəticələr verə biləcəyini də böyük ehtimalla anlamamış deyil.

28a03d166f75592649dc9d7ec722a7e2.jpg (430 KB)

Ancaq Paşinyan hakimiyyəti hələlik Ukrayna savaşının Rusiyanı zəiflətməkdə olduğunu da nəzərə alır. Rəsmi İrəvan hazırda əmindir ki, bütün hərbi-siyasi potensialını Ukrayna savaşına yönəltmiş Rusiya Cənubi Qafqazda radikal addımlar atmaq məsələsində mümkün qədər səbrli və ehtiyatlı davranmaq məcburiyyətindədir. Və məhz bu məqam Paşinyan hakimiyyətinin Qərbin vədlərinə bağlı "cəsarət"inin əsas qaynağı hesab oluna bilər.

Qərb siyasi təhlil mərkəzləri də hesab edirlər ki, hazırda Rusiyanın Ermənistandan daha öndə gələn böhranlı problemləri də mövcuddur. Xüsusilə də, Ukrayna savaşının başlanmasından sonra Kreml Rusiya iqtisadiyyatını yenidən qurmaq məcburiyyətində qalıb. Ən əsası isə buna nail olmaq üçün Rusiya sanksiyalar ucbatından xarici ticarət vektorlarını da dəyişməyə başlayıb. Və bu, indi Kreml üçün Rusiyanın gələcək taleyi baxımından, həlledici istiqamətlərdən biri hesab edilir.

Maraqlıdır ki, ABŞ və Qərb Rusiyanı sərt iqtisadi sanksiyalara məruz qoysa da, əslində, əsas hədəfdən hələ də uzaq qalmaqdadır. Çünki Kreml ağır blokadaya baxmayaraq, Rusiyanın beş ölkə ilə geniş iqtisadi və siyasi ittifaqı demək olar ki, toxunulmazlığını qoruyub, saxlayıb. Hər halda, beynəlxalq araşdırma mərkəzlərinin hesabatlarında yer alan statistikaya görə, Rusiyanın Avrasiya İqtisadi İttifaqındakı tərəfdaşları ilə iqtisadi-ticari göstəriciləri Ukrayna savaşının başlanmasından sonra daha da yüksəlib.

ee5b2c60a3266c63e030d04215a729e1.jpg (189 KB)

Məsələ ondadır ki, Ukrayna savaşından əvvəlki dövrlə müqayisədə Rusiyanın Qazaxıstanla ticarət dövriyyəsi 18 dəfə, Ermənistanla 430 faiz artıb. Eyni zamanda, Ermənistandan Qırğızıstana ixrac prosesi 1600 faiz çoxalıb. Üstəlik, Ermənistandan Qırğızıstana ixrac edilən malların sonradan Rusiyaya göndərildiyi də məlum olub. Yəni, Qərbə yaxınlaşmağa can atan Ermənistan Rusiya ilə sanksiyalara zidd ticarət dövriyyəsini başqa bir dövlətdən tranzit məqsədilə istifadə etməklə, ört-basdır etməyə cəhd göstərib. Və məhz Ermənistanın baş rolda çıxış etdiyi bu iqtisadi-ticari dövriyyə Rusiyaya qarşı Qərbin sanksiyalarının gözlənilən effektdən uzaq qalmasını təmin edib.

ABŞ və Avropa Birliyinin rəhbərliyi müəmmalı şəkildə sussa da, Qərbdə bəzi siyasi dairələr Ermənistanın elektron çipslərin idxalını birdən birə 515 faiz artırmasına təəccüb etdiklərini qətiyyən gizlətmirlər. Onların fikrincə, Ermənistanda yüksək texnologiyalar sənayesinin mövcud olmadığı halda, bu, olduqca müəmmalı xarakter daşıyır. Və həmin texnoloji vasitələrin Ermənistan tərəfindən arzuolunmaz istiqamətə - Rusiyaya ötürülmüş ola biləcəyi qətiyyən istisna deyil.

Ancaq nə qədər qəribə də olsa, bu sadə iqtisadi reallıqlara baxmayaraq, Qərbdə bəziləri hələ də Ermənistana fərqli yanaşmağa üstünlük verirlər. Onların qənaətinə görə, Ermənistanı Qərbin sanksiyalarını pozduğuna görə cəzalandırmaq əvəzinə Rusiyanın təsir dairəsindən uzaqlaşdırmaq daha effektiv variant ola bilər. Və Avrasiya İqtisadi İttifaqından faydalanan Ermənistanın Qərbə inteqrasiya cəhdlərinin dəstəklənməsini vacib şərt hesab edirlər.

Maraqlıdır ki, bu mövqedə olanlar əsasən Ermənistanın bir müddət öncə Rusiya prezidenti Vladimir Putinə həbs qərarı çıxartmış Beynəlxalq Cinayət Məhkəməsinə üzv olmasını, KTMT-nı tərk etmək cəhdlərini, eləcə də, Fransa və Hindistandan hərbi texnika alaraq, Rusiyanı qıcıqlandırmasını ön plana çəkirlər. Halbuki, bu mövqenin əleyhdarları Ermənistan ərazisində Rusiya hərbi bazaları qaldıqca, rəsmi İrəvanın Kremlin təsir dairəsindən uzaqlaşmasının mümkün olmayacağını vurğulayırlar. Eyni zamanda, Ermənistanın elektrik stansiyalarının, enerji resursları ilə təchizatının, dəmir yollarının və s. digər həyati vacib infrastruktur obyektlərinin də məhz Rusiyanın nəzarətində olduğunu xatırladırlar.

77730c3b300d2c617cf7066a2f45991610.jpg (158 KB)

Ona görə də, Ermənistanın Rusiya təsirindən çıxa bilməsi hazırda demək olar ki, mümkün deyil. Üstəlik, bu, mümkün olsa belə, rəsmi İrəvandan radikal qətiyyət tələb olunacaq və onilliklərlə davam edəcək ağır mübarizənin aparılması lazım gələcək. Böyük ehtimalla bunu rəsmi İrəvan da anlamamış deyil. Bu baxımdan, Paşinyan hakimiyyətinin Qərblə Rusiya arasında siyasi manipulyasiyalarla hər iki tərəfdən faydalanmağa çalışdığı daha inandırıcı görünür.

Belə anlaşılır ki, Paşinyan hakimiyyəti xəyallar ilə realizmi sintez etməyə cəhd göstərir. Yəni, Rusiyaya xəyanət etməklə, rəsmi İrəvan Qərbdən güzəştlər və maliyyə-iqtisadi dəstək qoparmağa ümid bəsləyir. Eyni zamanda, Qərbə yaxınlaşma kursunun arxasında Ermənistanın Rusiyanı şantaj etmək məqsədinin gizlənmiş ola biləcəyi də qətiyyən istisna deyil. Və nəticədə hər iki tərəfdən mümkün olan qədər daha çox güzəşt qopartmaq cəhdləri barədə danışmaq elə də yersiz görünmür.

Təbii ki, Kremldə də Ermənistanın Rusiyadan uzaqlaşa bilməyəcəyini tam dəqiqliyi ilə bilirlər. Rəsmi İrəvan indiki halda, Rusiyaya müvəqqəti regional problemlər yaratmaqdan daha uzağa gedə bilməz. Eyni zamanda, rəsmi İrəvanın Rusiya əleyhinə davranışlarına paralel olaraq, Ermənistanın Qərbin sanksiyalarının pozulması prosesində baş rolda çıxış etməsi də, əslində, Kremli tamamilə qane edir. Və bu baxımdan, Kremlin Ermənistanın Rusiyaya qarşı xəyanətkar davranışlarına bu qədər səbrli yanaşmasının əsl səbəblərini anlamaq o qədər də çətin deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR