Onlayn ictimai-siyasi qəzet
Donald Trampın Ukrayna müharibəsini bir günə bitirəcəyi ilə bağlı vədi onun prezident seçilməsindən sonra yenidən aktuallaşıb.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Trampın bu vədinə Kremlin münasibətini açıqlayıb.
Peskov deyib ki, “Ukrayna münaqişəsinə bir gecədə son qoymaq” mümkün deyil: “Moskva Vaşinqtondan gələn məlumatları diqqətlə izləyir və ABŞ-nin hərəkətlərini təhlil edir, lakin nəticəni yalnız konkret addımlar əsasında çıxaracaq. Rusiya Prezidenti Vladimir Putin dəfələrlə dialoqa hazır olduğunu bildirib, ABŞ isə onun fikrincə, münaqişəni qızışdırmaqda davam edərək əks mövqe tutur”.
O əlavə edib ki, ABŞ münaqişənin həllində əsas rol oynaya bilər, lakin həlledici məqam yanvarda olacaq. Çünki həmin vaxt ABŞ-nin Ukrayna ilə bağlı siyasətinin dəyişib-dəyişmədiyi bilinəcək.
Bundan əlavə, Peskov Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı ittihamları rədd edib. Rusiya ilə ABŞ arasında gələcək münasibətlər barədə danışan mətbuat katibi vurğulayıb ki, “ölkələr arasında münasibətlər artıq son həddə çatıb və onları daha da pisləşdirmək demək olar ki, mümkün deyil”.
Donald Trampın gələcək siyasətinə gəlincə, Peskov qeyd edib ki, bu məsələ ilə bağlı hər hansı fərziyyə irəli sürmək hazırda tezdir.
Ukrayna prezidenti Volodimir Zelenski Trampı “seçkidə təsirli qələbəsi” münasibətilə təbrik edib. O, Trampla sentyabrda görüşünü xatırladıb, Ukrayna- ABŞ strateji tərəfdaşlığını, Qələbə planını, Rusiyanın Ukraynaya qarşı təcavüzünə son qoymaq yollarını detallı müzakirə etdiklərini yazıb. “Prezident Trampın qlobal məsələlərdə güc yoluyla sülhə sadiqliyini dəyərləndirirəm. Biz Ukraynada sülhü məhz bu prinsiplə yaxınlaşdıra bilərik. Ümidvaram ki, bunu birlikdə həyata keçirəcəyik”, – Zelenski vurğulayıb.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu hərbi ekspert Tərlan Eyvazovla Trampın qələbəsinin Ukrayna münaqişəsinə təsirlərini müzakirə edir.
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ